elnurastanbeyli@gmail.com
28 iyun Azərbaycanın görkəmli aydınlarından biri Həsən bəy Zərdabinin doğum günü idi. Onu ehtiramla anırıq. Qəbri nurla dolsun.
Bunca olub-bitənlərə, başımıza gələnlərə-gətirilənlərə baxmayaraq hələ də Azərbaycanın azad, işıqlı gələcəyinə dair ümidlərimiz tükənmirsə, Azərbaycanda geriçilik, köhnəlik, monarxiya öz tam qələbəsini elan edə bilmirsə, bunun bir və bəlkə də birinci səbəbi Zərdabi də daxil olmaqla onlarla qiymətli aydınımızın sayəsində 150-200 il öncə başlayan, uzun müddət davam edən və indi də də böyük ehtiyac duyduğumuz maarifçi hərəkatdır, bu maarifçi hərəkatın bacardığı qədər çox insanın qəlbinə və şüuruna əkdiyi sağlam dəyərlərdir, bəşəri ideyalardır.
“Nə qədər biz avamıq, bizi həmişə aldadacaqlar” deyən Zərdabi toplumun yuvarlandığı bataqlıqdan xilas yolunu onun savadlandırılmasında, qəflət yuxusundan oyadılmasında görürdü. Ona görə də yazırdı: “Hər bir millətin nə dərəcədə xoşbəxt olması həmin millətin övladlarının təhsilindən asılıdır…”
Zərdabinin bu sözlərini oxuduqda yaptokratiyanın ölkədə təhsili niyə bərbad günə qoyduğunu, məktəbləri “bilik məbədi”ndən “savadsızlaşdırma yuvası”na, müəllim adını isə seçki saxtakarlığının, fondpulunun, süpürgəpulunun, tabaşirpulunun, 8 mart pulunun sinoniminə çevirdiyini, onu nə üçün toplumun gözündə dəyərsizləşdirdiyini daha gözəl anlayırıq.
Zərdabinin çağdaş, mədəni cəmiyyət qurmaq uğrunda mübarizəsi ona əzab və məşəqqətətdən, böhtan və iftiralardan başqa heç nə qazandırmadı. Amma o heç vaxt ruhdan düşmədi, yorulmadı, bezmədi, ağır, gərgin əməyin nəticəsi kimi iflic olanadək dayanmadan çalışdı. Həsən bəyi belə şövqlə, həvəslə çalışmağa vadar edən səbəb isə öz xalqını, ölkəsini yüksələn, inkişaf edən dünyanın bir parçasına çevirmək arzusundan başqa bir şey deyildi. O, bu əzmi və fədakarlığı ilə də hər birimizə örnəkdir.
Yadıma onun Axundova müraciət edərək, ondan “Əkinçi” üçün qısa qeydlər yazmağı xahiş etməsi düşür. Axundovun reaksiyası Zərdabi üçün gözlənilməz olur. Ruh düşkünlüyünə düçar olmuş Axundov ona yazır ki, əlinə qələm almağa nə arzusu, nə də imkanı var.
Zərdabi Mirzə Fətəliyə qınaq və inciklik tonunda belə cavab göndərir: “Əgər Siz dincəlmək istəyirsinizsə, Allah sizə rahatlıq versin; amma düşünməyin ki, xalq maarifi hansısa məqalə və ya pyeslə əldə ediləcək bir şeydir. Yox, burada daha çox çalışmaq lazımdır! Hətta onlarla rəhbərin həyatı və əməyi də bunun üçün azdır. Bəlkə də, Sizi bu məsələ saxlayır, çünki bir başqası deyil, Siz əziyyət çəkməli olacaqsınız, üstəlik, heç bir zəhməthaqqı almayacaq və ”sağ ol" eşitməyəcəksiniz".
Əhməd bəy Ağaoğlu isə Zərdabinin dəfn mərasimində onun öz ömrünü xalqı üçün yorulmadan, şam kimi əritməsini belə ifadə etmişdi: “Həsən bəy xalqa təmənnasız xidmətinin əvəzində nə qazandı? Ilk növbədə tənə və məzəmmət ki, buna səbəb də onun kasıblığı və yoxsulluğu idi. Ağzını açıb danışdıqda biz ona deyirdik: kəs səsini! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yenə biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə, bizə, bu millətə qulluq etməyə sərf edirdi! Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövri-cəfamızdan geri durmayıb öz tutduğu yolunda qəribə bir səbat ilə davam edib, milləti ayıltmaq, həmvətənlərinə xidmət etmək üçün əlindən gələn bütün səyləri edirdi”.
Əhməd bəyin sonradan üzünü Zərdabinin cənazəsinə çevirərək dediyi sözlər isə zaman tanımır, elə bu günün özündə də adamın qəlbindən tikan çıxarır. Buyurun, oxuyun: “Bu gün sən gedirsən ata-babalarımızın, əcdadımızın hüzuruna! Onlara bizdən salam yetirib də, bizim bu şikayətimizi de: Ey əcdad, ey babalar! Bizə nə gün qoydunuz?! Bizə nə növ irs qoydunuz, getdiniz?! Stanlarımız xərabə, vilayətlərimiz viranə! Cümlə millətlər arasında başıaşağı, xar, zəlil, unudulmuş, məzlum, əhvalımız pozğun! Günü-gündən tənəzzül edib, günü-gündən puç və zay olmaqdayız! Alan işimiz, sənətimiz oğurluq, quldurluq, bir-birimizin canına, malına, irzi-namusuna qəsd etmək imiş! Ey kaş, nə biz olaydıq, nə böylə irs”.