“Yeni Müsavat”ın yeni təxribatı

Yaxud «Azadlıq» Rüstəm Behrudinin fikirlərini təhrif edibmi?

Bir neçə gün əvvəl tanınmış şair Rüstəm Behrudi “Hüriyyət” qəzetinə geniş müsahibə verib. Rüstəm Behrudi həmin müsahibədə Azərbaycan mediasına münasibətini açıqlayarkən  “Yeni Müsavat” qəzetinin artıq onun üçün maraqlı olmadığını bildirib: “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini əvvəl həmişə alıb oxuyardım.
Amma son vaxtlar, tutaq ki, “Yeni Müsavat” qəzetini almıram. Amma yenə də internetdən bu qəzetin başlıqlarını nəzərdən keçirirəm, çünki o daha qəzet kimi mənim marağımı cəlb eləmir. Ancaq “Azadlıq” qəzetini hələ də oxuyuram və yəqin bu da ona görədir ki, orda hələ məni təmin edən şeylər var".
Rüstəm Behrudi həmçinin “Yeni Müsavat”ın Milli Şuranın sədri Cəmil Həsənliyə hücumuna da toxunub: “Indi mən ”Yeni Müsavat" qəzeti, Rauf Arifoğlu və Cəmil Həsənli arasında gedən qovğanı, söz davasını izləyirəm. Şəxsən mən belə hesab eləyirəm ki, əlində bu boyda səlahiyyət olan bir qəzetin Cəmil Həsənliyə bu cür hücum eləməyi düzgün deyil. Həm də haqlı və ya haqsız olmasından asılı olmayaraq. Çünki Rauf Arifoğlunun əlində o boyda qəzet varkən, Cəmil Həsənlinin əlində heç nə yoxdur. Bax elə burdan da qəzetin tutduğu mövqe məlum olur. Tutaq ki, hələlik “Azadlıq” qəzeti haqqında mən bu sözləri deyə bilmirəm, ancaq günlərin bir günü belə bir situasiya ortaya çıxarsa, onu da deyə bilərəm".
Rüstəm Behrudinin bu müsahibəsini tam və ya ixtisar olunmuş formada bir sıra KIV-lər, o cümlədən “Azadlıq” qəzeti “Hüriyyət” qəzetinə istinadla tirajlayıb. “Yeni Müsavat” qəzeti isə məsələ ilə bağlı Rüstəm Behrudidən açıqlama alıb. Qəzetin yazdığına inansaq şair bildirib ki, “Azadlıq” onun fikirlərini təhrif edib. O, bütün bunları özünə qarşı təxribat kimi qiymətləndirib. “Azadlıq” bəyan edir ki, Rüstəm Behrudinin “Hüriyyət” qəzetində və digər KIV-lərdə dərc olunan bu fikirlərini təhrif etmədən tirajlayıb. Buna əmin olmaq üçün “Hüriyyət” qəzetinə, Moderator.az və Gündemxeber.az saytlarına diqqət etmək kifayətdir.