Putinin anti-sanksiya blefi

Kremlin Avropaya qarşı atdığı cavab addımları nəyə hesablanıb?

Nurəddin Məmmədli: «Rusiyanın Qərbə qarşı sanksiya tətbiq etməsi real nəticəsi olmayacaq şantajdır»

Rusiya ilə Qərb arasında münasibətlər gərginləşməkdə davam edir. Rusiyanın aqressiv siyasətini dayandırmaması, əksinə, Ukraynadakı hərbi əməliyyatları davam etdirərək, daha yeni həmlələrə hazırlaşması Qərbi baş verənlərə seyrçi qoya bilməzdi. Ona görə Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların müddətini altı ay da uzatmaq qərarına gəliblər.
Rusiya isə Qərbin bu qərarından düzgün nəticə çıxarmaq əvəzinə, siyasətini daha da sərtləşdirir. “Rusiyanın Qərbə qarşı cavab sanksiyalarının müddəti bir il də uzadılır.ÿRusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi iqtisadi tədbirlərin görülməsi barədə sərəncam imzaladım. Hesab edirəm ki, bu, yerli kənd təsərrüfatı istehsalçıları üçün yaxşı istiqamət olacaq”, – deyə Rusiya prezidenti söyləyib.
Vəziyyət göz önündədir. Görünən odur ki, Qərbin sanksiyaları altında çapalayan Rusiya iqtisadiyyatı hələ bir müddət də təzyiqlərə dözməlidir. Əslində ötən müddət Rusiya iqtisadiyyatının potensialının, bəyan olunduğu kimi, geniş olmadığını göstərdi. Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyaya yüz milyardlarla dollar ziyan vurdu. Iqtisadiyyatın əksər sahələri aldıqları zərbələrdən hələ bir müddət özünə gələ bilməyəcək.
Bəs, Putinin Avropanın qəbul etdiyi qərara münasibətdə atdığı addımlar necə dəyərləndirilməlidir? Bu, vəziyyətdən çıxış yoludurmu, yoxsa Kremlin qərarı situasiyanı daha da kritik edəcək?

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Rusiyanın hazırkı iqtisadi vəziyyətində Qərbə qarşı sanksiya tətbiq etməsi real nəticəsi olmayacaq şantajdır. Rusiya iqtisadiyyatının bütövlükdə Qərbdən asılı olduğunu deyən N.Məmmədli bildirdi ki, ona görə Qərbin hətta kiçik tutumlu sanksiyaları belə Rusiya iqtisadiyyatında ciddi böhrana səbəb olur: “Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə birinci ona əsaslanırdı ki, Rusiya iqtisadiyyatında bu gün divident gətirən kapitalın az qala yarısı Qərb məşəli idi. Bu kapitalın geri çəkilməsi Rusiya iqtisadiyyatına ciddi təsir göstərməli idi. Qərb iqtisadiyyatı isə Rusiyadan asılı deyil. Əslində Rusiya Avropaya qarşı mümkün olan addımları atıb, o cümlədən Rusiya Avropa ölkələrinin istehsal etdiyi malların onun ərazisinə daxil olmasına embarqo qoyub. Amma Rusiya bundan artıq heç nə edə bilməz”.
Rusiya kapitalının hazırda xaricə axdığını deyən N.Məmmədli vurğuladı ki, bu cür davranışlar bir tərəfdən əlacsızlığın göstəricisi, başqa tərəfdən sırf daxili auditoriyaya hesablanmış şantaj kampaniyasıdır. N.Məmmədlinin sözlərinə görə, Qərbin on illərlə Irana qarşı həyata keçirdiyi sanksiyalar ona görə Tehran rejiminə təsir etmirdi ki, Iran iqtisadiyyatı özünü tənzimləyirdi: “Qərb kapitalı Iran iqtisadiyyatında olmadığı üçün Tehrana beynəlxalq sanksiyalar təsir etmirdi. Iranda vəziyyət pul köçürmələrinə qadağa qoyulan zaman ciddiləşdi. Yaxın gələcəkdə Rusiya iqtisadiyyatına qarşı da pul köçürmələri qadağası qoyularsa, bu, iqtisadiyyatın tamamilə çökməsinə səbəb olacaq. Rusiyanı idarə edənlər bu gün Qərblə hər hansı iqtisadi müharibəyə girmək əvəzinə, üzərlərinə düşən məsuliyyəti dərk edib, iqtisadiyyatı bu vəziyyətdən qurtarmaq üçün hər hansı kompromisə getməlidirlər”.

Xəyal