
Ordumuzun bütün əsgər və zabitlərini Ordu günü münasibətilə təbrik edirəm! Təəssüf ki, ölkəmizdə Ordu günü xeyli sönük keçirilir. Bunun əlbəttə ki, bir obyektiv səbəbi var. Torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. Amma xeyli də subyektiv səbəbi var. Rejimin yaratdığı korrupsiya və cəzasızlıq mühiti silahlı qüvvələrə də sirayət edib. Atəşkəs dövrü olmasına baxmayaraq, ordumuzda müəmmalı əsgər ölümləri davam edir. Rejim bütün gücünü sülalə hakimiyyətinə xidmət edən süni bayramların təbliğinə həsr edir. Ona görə də dövlətimizin və millətimizin taleyi ilə bağlı olan bayramlar həmişə bu “ailə” bayramlarının kölgəsində qalır. Amma bütün bu sadaladığım və sadalamadığım səbəblər əsas vermir ki, Ordumuzun quruluş gününü əsl bayram kimi qeyd etməyək.
Unutmayaq ki, Ordu millətin ordusudur, millətin dayağıdır. Orada xidmət edən əsgər və zabitlər bizim övladlarımız, qardaşlarımızdır. Ölkənin idarə olunmasındakı indiki problemlər keçicidir. İndiki problemlərə görə Milli Ordumuz məsuliyyət daşımır, əksinə ordumuz da hazırkı problemlərin zərərçəkənidir. Gün gələcək, ölkənin və ordunun problemləri aradan qalxacaq. Ordu gününü daha ürəkdən və hamılıqla ən yaxşı bayramlarımızdan biri kimi keçirəcəyik. İnanıram ki, Milli Ordumuz da bir gün təqvimimizə Qələbə günü yazacaq.
Bayramınız mübarək, əziz əsgər və zabitlər!



