Hacı İbrahim götürdüyü kreditləri nəyə xərcləyib?

İş adamının maliyyə əməliyyatları ilə bağlı ilginc məlumatlar

Beynəlxalq Banka kredit borcu 600 milyon manata çatan Hacı Ibrahim Nehrəmlinin bu qədər vəsaiti özü də daxil olmaqla bir neçə nəfərin adına rəsmiləşdirdiyi artıq sirr deyil. Hacı Ibrahimin 600 milyonluq kreditinin 25 milyonu onun qaynı Nadirov Ələsgər Məşdi oğlunun rəhbərlik etdiyi “Həsən-96" Mənzil Tikinti Koperativinin adına rəsmiləşdirilib. InfoAZ.org-un məlumatına görə, qurumun nizamnaməsninin yeni redaksiyada təsdiq edilməsi ilə bağlı 01 mart 2013-cü il tarixli iclasının protokolundan bəlli olub ki, MTK-nın üzvləri Nadirov Ələsgər Məşdi oğlu, Ibrahimov Sahib Hüseyn oğlu, Ibrahimov Ilqar Vidadi oğlu, ”Kondor Qrup" MMC və “Siqma Layn” MMC-dən ibarət olub.
Sahib Ibrahimov Hacı Ibrahim Nehrəmlinin qardaşı, Ilqar Ibrahimov baldızı oğlu, Ələsgər Nadirov qaynıdır. “Siqma Layn” MMC-nin isə Beynəlxalq Banka 185 milyon kredit borcu olduğu halda ölkədən qaçmış və Bakıdakı binaların təhküləli üzlüklə üzlənməsində adı hallanan Xaqani Bəşirovun şirkətlərindən biri olması haqqında məlumatlar var. Beynəlxalq Bankın 25 milyon manat kredit verdiyi “Həsən-96" MTK-nın iki il əvvəl təsisçiləri və üzvüləri olmuş bu şəxs və şirkətlərdən indi MTK-nın təsisçiləri və üzvləri kimi qalması dəqiq məlum olmasa da, Ələsgər Nadirov hələ də kooperativin sədridir. Kredit də məhz onun sədr olduğu vaxt götürülüb. Bu kredit hesabına isə ”Həsən-96" MTK-ya Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə, ümumi sahəsi 0.763 ha olan ərazidə yaşayış binaları tikməli imiş. Bu tikinti işləri üçün “Həsən-96" MTK-ya icazə Hacı Ibrahim Nehrəmlinin ”dostum" adlandırdığı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 21 may 2004-cü il tarixli, 109 saylı sərəncamı ilə icazə verilib. Tikinti işləri üçün Bakı şəhər icra hakimiyyəti başçısının müfaviq razılığı və Beynəlxalq Bankının krediti olsa da, MTK öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Bunun isə çox sadə səbəbi var. Beynəlxalq Bankdan götürlən kreditlər təyinatı üzrə xərclənməyib. Beynəlxalq Bankın Abay döngəsi, 360-cı məhəllədə mövcud olan evlərin və digər daşınmaz əmlakların satın alınması məqəsdi ilə verdiyi 8 milyon manat kreditdən yalnız 4.2 milyon manatı təyinatı üzrə xərclənib. Məlumatlara görə, kreditin təxminən yarısı 20-30 avqust 2014-cü il tarixdə keçirilən “Miss Globe” gözəllik yarışmasının təşkilinə və iştirakçıların Bakıdakı xərclərinin qarşılanmasına sərf edilib.
Nəsimi rayonu Abay döngəsində “Həsən -96" MTK-nın yaşayış binaları inşa etməsi üçün ayrılmış kreditin təyinatı üzrə deyil, ”Miss Globe" gözəllik yarışmasına xərcləndiyindən tikintiyə icazə verən sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək mümkün olmayıb. Bu isə sərəncamın ləğvinə əsas verir. Tikintinin aparılması nəzərdə tutulan sahədə evləri və daşınmaz əmlakları olan mülk sahiblərinin bir hissəsi mülklərini boşaltmırlar. Səbəb isə çox sadədir. Abay döngəsinin, eləcə də Ə.M.Tobçubaşov və Sübhi Salayev küçələrinin tikinti sahəsinə düşən hissələrində evləri və daşınmaz əmlakı olan 40-dan artıq şəxs bankdan onların adına ayrılmış pulu bu günə kimi də ala bilməyiblər.  Əlbəttə bu maliyyə fırıldağı Beynəlxalq Bankın rəhbər şəxslərinin yardımı olmadan həyata keçirilə bilməzdi. Əks halda Beynəlxalq Bankın, eləcə də onun “Premyer Müştəri Xidməti” Filialının rəhbərliyi pulu mülk sahiblərinin özlərinin almasını təmin edə və beləliklə də maliyyə fırıldağına imkan yaratmazdılar. Ancaq görünür, bu işdə ABB-ın da onun filialın rəhbərinin marağı olub. Bunun nəticəsində bankın 3.8 milyon manat həcmində krediti sadəcə talan edilib.