Qənimət Zahid
Rüstəm Behrudinin son açıqlamalarını oxuyandan sonra heyrətlənmədim. Əziz Rüstəmin bu tərəddüdlü – dağınıq mövqeyi də məni çaşdırmır. Mən ölkənin damarına bələd olan adamam. Ölkənin damarından neft axırdı, indi o neft azalır və buna görə də Azərbaycan ləyaqətli həyat potensialından məhrum olur… Bu, hər addımbaşı hiss olunur.
Sizə elə gəlmirmi ki, indi Azərbaycanda insan haqları, söz azadlığı, bəşəri ləyaqətin korrupsiya və istibdaddan müdafiəsi barədə danışanları hətta ictimai qınaqla hədələyəcək qədər çoxlu yeni oratorlar meydana çıxıb… Ictimai rəyi rəzalətin üstünə kökləmək yalanın cəmiyyətə yedizdirilməsindən sonrakı proses olmalı idi. Bəlkə, elə hesab edirlər ki, cəmiyyət bu yeməyi həzm edib və eynisini gündə üç dəfə tələb edir? Ola bilər…
Bu “ola bilər” cəmiyyətin istəyi ilə bağlı deyil, onun istəyini gümanlara çevirməklə bağlıdır.
Indi Azərbaycanda “Rusiya faktoru” deyilən saxta bir ünvan uydurulub. Azərbaycanda gerçək bir Rusiya faktoru var və bu, Ilham Əliyevin hökumət komandasıdır. Bu münasibətlərə heç kim daxil ola bilməz. Oraya hətta uzun illər Rusiya isteblişmentinin kumirlərindən olan keçmiş prezident Ayaz Mütəllibov da girə bilmədi. Ona başa saldılar ki, Rusiyanın oradakı maraqları bir nəfərin və bir klanın üzərində hesablanıb və get onun qarşısında təslim ol. O da oldu. Yüzlərlə tərəfdarı sındırılandan, onlarla tərəfdarı həbsxanalarda çürüdüləndən və məhv ediləndən sonra qoca canını götürüb Azərbaycana gəldi və o, klana baş əydi. Azərbaycanda Rus faktorunun alternativi qalmadı. Indi bu, sadəcə olaraq, saxta patriotların şantaj vasitəsi kimi ortalıqda qalmış dırnaq kəsiyidir.
***
Azərbaycanda milyonerlərin məhşər günü yaxınlaşır. Avropa Oyunlarının sonuna yaxınlaşan günlər yeni pullu həbslər erasının başlanğıcına yaxınlaşdırır cəmiyyəti. Bu günlər ərzində ölkədən çıxmağı bacaran iş adamları sərvətlərini girov qoyaraq başlarını götürüb gediblər. Avropa Oyunlarından dərhal sonra kütləvi həbslər başlayacaq. Mən onların həbsinə heyfslənirəmmi? Qətiyyən yox. Cəhənnəm olsunlar! Uzun illər boyu çirkli biznesi “seçilmiş qan”ın verdiyi imtiyaz sayaraq cəmiyyətlə məzələnən, ictimai sərvətlərin axuruna inək kimi bağlanan bu dəstə ilə necə rəftar edəcəklərsə, onların haqqıdır. Mən qonşuya “inəyini kəsmə!” deyə göstəriş verə bilmərəm. Haram imtiyazlarla yüklənmiş bu “elita” diktatorun bordağa bağlanan inəyi misallı bir zümrədir. Onlar cəmiyyətin parazitləridir. Əllərindən öz sərəncamlarında olmayan milyonlar gəlib keçib. Və bu pul dövriyyəsi yalnız toplumun əzablarının artmasına xidmət edib. Onlar alaq otlarının kultivasiyası kimi bir missiyanı həyata keçiriblər. Ölkədə iqtisadi azadlıqların boğulması onları çiçəkləndirib. Iqtisadi azadlıqlar mənəvi və siyasi azadlıqların boğulması deməkdir. Imtiyazlı kommersantlar bu prosesdə iştirak ediblər. Diktaturanı maliyyələşdiriblər, demokratiyanı isə “plebey iddiaları” sayıblar. Öz plebey təfəkkürləri ilə bu məntiqi qavrayıblar.
Istər Azərbaycandakı, istər Rusiyadakı, istərsə də dünyanın bütün bucaqlarındakı azərbaycanlı iş adamlarının heç biri özünü işıqlı ideyaların daşıyıcısı saya bilmədi? Kapitala deyil, pula iyrənc bir vurğunluq onların qorxaqlığı ilə yaramaz bir harmoniya düzəldib Azərbaycan xalqının faciələrinin dərinləşməsində iştirak etdi. Qorxu isə, yalnız diktator və diktatura qarşısında qorxu deyil. Sadəcə olaraq, qorxudur. Xislətən, xaraktercə, mahiyyətcə qorxu rəzalət yaradır…
***
“Azadlıq” qəzeti yenə də ağır maliyyə sıxıntıları qarşısındadır. Ölkədə milyonçuları boğurlar. Ölkədən kənardakı milyonçular və iş adamları deqradasiya içindədir. Cəmiyyəti xilas etməli olan onlarla arqumentdən yalnız bir neçəsi salamat qalıb. Qalanların hamısı özünü istibdada təslim edib. Hüquq müdafiəçiləri zorakılığın və şərin təntənəsi ilə yaşayırlar. Qəzetlər yalanı və böhtanı körükləyirlər.
***
Erməni məsələsi cəmiyyəti şantaj vasitəsinə çevrilib. 20 ildən artıqdır ki, balaca bir erməni dövlətini yerində oturda bilməyən, hərbi gücü ilə Azərbaycan cəmiyyətinin üzərində şeşələnən hakimiyyət mirzələri hesab edirlər ki, dəyişiklik istəyənləri “erməni” elan etməklə dəyişiklik zərurətinin önünü kəsmək olar. Gedin, o erməni, o da siz! Alın o torpaqları, qaytarın bu ölkənin qürurunu, lovğalanın kefiniz istəyən qədər və cəmiyyəti şantaj etmək üçün başqa vasitələr axtarın. Bu lənət “erməni” şantajını yalnız Azərbaycan cəmiyyətinin başı üzərində silkələmirlər, həm də dünyanın gözünə soxurlar.
Avropa Şurasının son qətnaməsinə də bu pərsəngi qoydular. “Orada erməni söhbətini qətnamədən çıxarmaqla ermənipərəstlik etdilər”. Biryolluq bilin ki, ermənilər bu millətin 20 faizinin haqlarını pozublar, bu klan isə yerdə qalan 80 faizin başına itin oyununu gətirməkdədir. Avropanı şantaj etməklə Qarabağı ala bilməyəcəksiz. Binəva Avropa 50 dəfə qərar çıxarıb ki, Ermənistan işğalçıdır və işğal etdiyi əraziləri boşaltmalıdır. Rusiya bircə dəfə də olsun, belə bir yarımrəsmi də olsa, qərar verməyib. Amma ölkənin sərvətlərini oraya axıdaraq hakimiyyəti böyüdürlər.
***
Azərbaycan məzhəkə meydançasına dönüb. Indi hər il bir oyun quracaqlar. Çox bahalı oyunlar. Acından qırılan, orta ömür həddi 50-nin həndəvərinə qədər enən milləti çal-çağırla saxlayacaqlar və ölənə qədər mahnı dinlədəcəklər. Şair Rüstəm Behrudinin bir dostu var. Millətin evini də zurna-balabanla dağıdır. Bu qədər ironik bir ölkə, sinizmi canına bu qədər dərindən hopdurmuş bir hökumət, sabahın işığından bu qədər qorxudulan bir toplum görə bilmirəm…
“Azadlıq” həqarətlə qarşılanır. Köləliyin təbliğatını körükləyənlər mənsəb və sərvət sahibinə çevrilir. Cəmiyyət oğrun və tamarzı baxışlarla ətrafa tamaşa edir. Elə tamaşa edir ki, onun nəzərlərini görən olmasın.
***
Topluma səslənmək imkanı olanlar ağ atlı oğlan haqqında əfsanələr danışmaqla millətin başının altına yastıq, ürəyinə isə şübhə qoyurlar. “Lider yoxdur”. Bunlar lideri necə təsəvvür edirlər. Krişna kimi, Herakl kimi, Musa kimi, Isa kimi… bəlli deyil… Bunlar elə təsvir və təsəvvür edirlər ki, Lider dediyin 30 adamın yeməyini yeyir, 50 adamın yükünü qaldırır, 10 qat qalınlığında qandalları bircə tərpənişlə parça-parça qırıb tökür, qanadları var, zirehi var, baxışları 500-lük projektor. “Lider”in yalnız ağlını təsəvvür edə bilmirlər… Elə bilirlər ki, ağıl lazım deyil. Çünki cəmiyyəti ağıldan məhrum edilmiş kimi təsəvvür edirlər. Ictimai şüur aşağı salınanda belə eksperimental təsəvvürləri dərinə işlətmək olur…
***
Cəmiyyəti pozuq təsəvvürlərin girdabına atıb sürü kimi otarmaq istəyirlər və hesab edirlər ki, bu, əbədi səltənətin zəmanətidir. Boğazınızda qalacaq! Bacarmayacaqsız! Haram və saxtakarlıqdan yoğrulmuş mayanız böyük bir tarixi əyib bütöv bir milləti əbədi olaraq girov saxlamaq üçün yetərli deyil… Gedin, tarixin zibilliyinə! Və gedəcəksiniz!
Bir-birinizi yeyərək gedəcəksiniz.


