Vicdan məhbuslarından “Molotov kokteylinə” görə pul tələb olunur

 

"Bizə verilən hökm siyasi sifarişli və saxta olduğuna görə biz o hökmdən irəli gələn hər hansı tələbi icra etməyəcəyik"

"NİDA" Vətəndaş Hərəkatının keçmiş vicdan məhbusu olan üzvləri – Üzeyir Məmmədli, Zaur Qurbanlı və Şahin Novruzlu məhkəmə icra məmurları tərəfindən təzyiqlərə məruz qaldığını bildirir. Adıçəkilən fəallar birgə bəyanat yayaraq, məsələnin mahiyyətini ictimaiyyətə açıqlayıb. Bəyanatda deyilir:

"2013-cü ildə baş vermiş "Əsgər ölümlərinə son!" aksiyalarının artan tempinin qarşısını almaq üçün hakimiyyət tərəfindən uydurulan cinayət işi çərçivəsində 8 nəfər, o cümlədən biz həbs olunduq.

Cinayət işi çərçivəsində 3 nəfərin evinə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən "Molotov kokteylləri" və narkotik maddə atıldı və bu böhtanlar "sübut" kimi rəsmiləşdirilərək, sonda bizə 6-8 il azadlıqdan məhrumetmə cəzası verildi.

Hazırda bu cinayət işi üzrə 4 nəfər həbsdə, 4 nəfər, o cümlədən biz azadlıqdayıq. Buna baxmayaraq, məhkəmə qərarlarını icra orqanları hələ də bizdən əl çəkmirlər.

MTN əməkdaşları tərəfindən evlərə qoyulan butulkaların və narkotik maddələrin ekspertiza xərclərini bizdən almaq istəyirlər. Bu ekspertizalar saxta, qondarma olmaqla yanaşı, həm də lüzumsuz olub. Çünki ekspertiza predmetləri ittiham tərəfindən – dövlət orqanları tərəfindən evlərə qoyulmuşdu və onlar evlərə qoyduqlarının tərkibini çox yaxşı bilirlər.

Bizə verilən hökm siyasi sifarişli və saxta olduğuna görə biz o hökmdən irəli gələn hər hansı tələbi icra etməyəcəyik. Əks təqdirdə bu, həmin hökmlə hələ də layiq olmadıqları cəzanı çəkən 4 yoldaşımıza, eləcə də hüquqa sayğısızlıq olar.

Biz hüquqazidd olan bu hökmdən kassasiya şikayəti vermişik və bu iş Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedəcək. Biz Avropa Məhkəməsində işi udacağımıza və hüquqlarımızın, yoldaşlarımızın azadlığının bərpa olunacağına inanırıq. Azərbaycan qanunvericiliyinə əsasən, hökm qanuni qüvvəyə minsə də, hüquqazidd və siyasi sifarişli olduğuna görə bu hökmdən irəli gələn xərcləri ödəmirik.

İcra məmurları tərəfindən son günlər çoxalan təzyiqlərlə əlaqədar bəyan edirik ki, biz bunu siyasi təzyiq hesab edirik və hakimiyyətin bu yolla bizi sıxışdırmasına etiraz edirik".

Aytən