Sarkisyan seçim qarşısında

Fuad Qəhrəmanlı: «Hakimiyyətin tətbiq etdiyi gücün nəticə verməməsi tərəddüd edən xeyli sayda insanın prosesə qoşulmasına gətirib

çıxaracaq»

Yerevanda elektrik enerjisinin qiymətinin artmasına etiraz olaraq keçirilən və polis zorakılığı nəticəsində dağıdılan aksiya daha izdihamlı şəkildə davam etdi. Ermənistan Silahlı Qüvvələrinin bəzi bölmələri Azərbaycanla sərhədin yaxınlığındakı dislokasiya yerindən Yerevana aparılıb. Ermənistan KIV-in məlumatına görə, bu bölmələr paytaxtda bazalarda yerləşdirilib və Yerevanda mitinqçiləri dağıtmaq üçün əmr gözləyirlər.
Bir neçə gün əvvəl başlayan etiraz aksiyası minlərlə insanın iştirakı ilə davam etdi. Artıq mitinqçilər daha çox siyasi şüarlar səsləndirir. Sosial və iqtisadi şüarlarla başlayan aksiya mahiyyətini dəyişməkdədir. Elektrik enerjisinin qiymətinin artırılmaması barədə tələblərdən əlavə prezident Serj Sarkisyanın istefası tələb olunur. Yerevandakı aksiyalar Kremli ciddi narahat edib. Kreml bildirib ki, hadisələri diqqətlə izləyir. AntiRusiya şüarları və mitinqçilərin Avropaya meylliyi də buna xidmət edir. Bu Kremlyönlü ekspertlərə əsas verib ki, onlar ABŞ səfirliyini Yerevanda yeni Maydanın təşkilində ittiham etsinlər.
Bəs baş verən son olayları necə şərh etmək olar? Hazırda yaşananlar Ermənistana yaxın gələcək üçün hansı siyasi gəlişmələri vəd edir?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, baş verənlər göstərdi ki, xalq etirazına zorakı müdaxilə proseslərin tənzimlənməsinə imkan vermədi. F.Qəhrəmanlının sözlərinə görə, Yerevanda baş verənlər göstərir ki, cərəyan edən proseslər hakimiyyətdən yeni yanaşma tələb edir: “Hakimiyyət cəmiyyəti güclə, fiziki zorakılıqla qorxuda bilmədiyi üçün növbəti mərhələdə kütləvi etiraz faktoru ilə üz-üzə qalacaqdır. Hakimiyyətin tətbiq etdiyi gücün nəticə verməməsi tərədüd edən xeyli sayda insanın prosesə qoşulmasına gətirib çıxaracaq. Bu artıq konfliktin miqyasının böyüməsinə yol açır”.
F.Qəhrəmanlının fikrincə, Ermənistan hakimiyyətinin hazırda yaranmış durumda iki çıxış yolu var. Ermənistan hakimiyyəti ya daha qəddar addımlara əl atmalıdır, ya da xalqla konsensusun yolları axtarılmalıdır: “Hələlik Ermənistan hakimiyyəti demokratik seçimə hazır deyil. Güc effekt verməsə də, hakimiyyətin hələ də o imkanı qalır ki, xalqın mübarizə əzmini qırmaq üçün növbəti dəfə imkanlarını işə salsın”.
Baş verənlərdə Rusiya faktorunu da nəzərə almağın   tərəfdarı olan F.Qəhrəmanlı bildirdi ki, Kreml Ermənistanda demokratik proseslərin inkişafında, avtoritar sistemin zəifləməsində maraqlı deyil: “Ona görə də Rusiya Sarkisyan hakimiyyətini dəstəkləyəcəkdir. Amma hər halda cəmiyyətin müqavimət əmsalı bundan sonra da hakimiyyətin tətbiq etdiyi zorakılıq qarşısında davam gətirəcəksə, o halda bu prosesdə qırılma nöqtəsi deməkdir. Bu Ermənistanda kütləvi xalq hərəkatının daha da genişlənməsinə, hakimiyyətin dəyişməsinə gətirib çıxara bilər”.

Xəyal