Ərdoğan koalisiya danışıqlarını pozur?

Elxan Şahinoğlu: «Ərdoğan ictimaiyyətə dolayı bir mesaj göndərir ki, koalisiyalar alınmır və aparılan danışıqlar nəticə vermir»

Türkiyədə baş tutan son parlament seçkilərinin nəticələri koalisiyalı hökumətin qurulmasını qaçılmaz edib. Amma koalisiyanın əldə olunması istiqamətində hələlik elə bir irəliləyiş yoxdur. Kolisiyanın yaradılacağı ilə bağlı AKP ilə MHP-nin adı hallansa da iki siyasi qüvvənin maraqları ortaq məxrəcin əldə olunmasına tam imkan vermir.
Bu arada belə bir fikir də səslənir ki, dövlət başçısı Ərdoğan əslində koalisiyanın yaranmasının marağında deyil. Ərdoğanın real istəyi Türkiyədə parlament seçkilərinin təkrar keçirilməsidir. Bunu onun bəyanatları da sübut edir. Ərdoğan çıxışlarının birində bəyan edib ki, əgər siyasətçilər razılığa gələ bilməsələr, yenidən qərar vermək məsuliyyəti xalqın çiyinlərinə düşür. Ona görə yerli və xarici ekspertlər Ərdoğanın başlıca niyyətinin təkrar seçki olduğunu düşünür.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hökuməti formalaşdırmaq səlahiyyəti öncə AKP lideri kimi Davudoğluya veriləcək və o, digər 3 partiya lideri ilə görüşəcək. Amma bu görüşün uğurla nəticələnəcəyi az inandırıcıdır. Ona görə növbəti mərhələdə Ərdoğanın koalisiya yaratmaq mandatını Klıcdaroğluna verəcəyini düşünən E.Şahinoğlu bildirdi ki, amma onun da keçirəcəyi görüşlər ciddi nəticələr verməyə bilər: “Son günlər Kamal Klıcdaroğlu çox fəallaşıb və müxtəlif variantlar irəli sürüb. Onun son təklifi budur ki, müxalifət AKP-dən çox səs toplayıb. O təklif edib ki, müxalifət birlikdə koalisiyanı formalaşdırsın. Hətta o, MHP liderinə baş nazir postunu təklif etdi. Amma MHP öz mövqeyində qətidir və MHP birmənalı şəkildə bəyan edir ki, kürd partiyasının təmsilçiləri ilə bir hökumətdə ola bilməz”.
AKP-MHP koalisiyası ilə bağlı müzakirələrin hələ də gündəmdə olduğunu deyən E.Şahinoğlu bildirdi ki, hazırda AKP liderləri incə siyasət aparırlar. Onlar MHP liderlərindən öncə milliyyətçi partiyanın tabanına müraciət edirlər. “AKP bəyan edir ki, əgər biz ölkəni birgə qurmalıyıqsa, orada milliyyətçilər də yer almalıdır. AKP eyni zamanda ona ağırlıq qoyur ki, MHP necə razı ola bilər ki, radikal kürdlər hakimiyyətdə olsunlar. Ona görə AKP elə siyasət aparır ki, öz tərəfdarları Baxçalıya təsir etsinlər”.
E.Şahinoğlu onu da bildirdi ki, sanki həqiqətən də Ərdoğan ictimaiyyətə dolayı bir mesaj göndərir ki, koalisiyalar alınmır və aparılan danışıqlar nəticə vermir. Ərdoğanın 2000-ci ildəki uğurunu təkrarlamaq istədiyini deyən ekspert bildirdi ki, AKP yenidən təkbaşına hökumətə gəlmək istəyir: “Ərdoğan cəmiyyətə o mesajı verir ki, baxın, siz dörd partiyaya səs verdiniz. Amma ortaya bir şey çıxmır. Ona görə də ən yaxşısı gedək təkrar seçkiyə və siz yenidən bizə səs verin ki, biz hakimiyyəti təkbaşına formalaşdıra bilək. Məncə, Ərdoğan bu siyasəti yürütmək istəyir. Bəlkə də koalisiya ilə bağlı danışıqların alınmaması Ərdoğana xeyirdir”, deyən E.Şahinoğlu vurğuladı.

Xəyal