
Fəallar internetdə imzatoplama kampaniyası başlatdı
Ermənistan paytaxtında etirazlar səngimək bilmir. Aksiyaların əsas ünvanı olan “Baqramyan” prospektində iyunun 25-nə keçən gecə də gərgin anlar yaşanıb. Ərazini tərk etməyən etirazçılar dünən səhərə qədər dirəniş göstəriblər. Səhər saatlarından isə nümayişlərə ara verilmədiyi və etirazların hökumətin elektrik enerjisinin bahalaşması qərarının ləğvinə qədər davam edəcəyi elan edilib. Əsasən gənclərdən ibarət olan aksiyaçılar gün boyu müxtəlif etiraz formalarından istifadə ediblər.
Rəqs və polisə pizza qonaqlığı…
Məsələn, gənclərin bir qrupu musiqi sədaları altında rəqs edib, bir qrupu isə isə aksiyaya gələnlərə soyuq su paylayıb. Aksiyaçılar onlara xalq tərəfindən gətirilən pizzaları polislərə də təklif ediblər. Polislər bu təklifə görə aksiyaçılara təşəkkür etsələr də, xidmətdə olduqlarını və tox olduqlarını deyərək pizzaları yeməkdən imtina ediblər. Lakin fəallar polisləri pizza və soyuq qəhvələri gecə növbəsi üçün özləri ilə götürməyə razı salıblar.
Öz növbəsində, etirazlar artan sürətlə davam edib. “Baqramyan” prospektinə gələn yollar iki cərgəli boş zibil qutuları ilə kəsilib. Etirazçılar bildiriblər ki, bu, hüquq-mühafizə orqanlarından gələ biləcək hücumlardan qorunmaq üçündür. “Biz sadəcə özümüzü sudan və polisdən qoruyuruq. Zorakılıq və qarşıdurma istəmirik. Istəyirik ki, elektrik enerjisinin qiyməti endirilsin” – deyə, “Talana yox!” Təşəbbüs Qrupunun üzvü Vaginak Şuşanyan bildirib.
ÿQeyd edək ki, aksiyaların keçirildiyi günlər ərzində 250-dək etirazçı saxlanılaraq polis bölmələrinə aparılıb. Onların arasında KIV nümayəndələri də olub. Lakin sonradan saxlanılanların hamısı azad edilib.
“Prezident canlı efirə çıxsın!”
Ilk gündən bəri ortaya atılan təşəbbüslərdən biri də narazılığı yoluna qoymaq üçün Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçirməkdir. Bu ideyanı Ermənistanda fəaliyyət göstərən bəzi diplomatlar, xüsusən Rusiya səfirliyi də dəstəkləyib. Lakin etirazın təşkilatçıları bunun şou olduğunu dilə gətirərək görüşdən imtina edirlər. Onların fikrincə, prezidentin problemi yoluna qoymaq niyyəti varsa, canlı efirə çıxaraq elektrik enerjisinin qiymətini endirdiyini elan etməlidir. Etirazçılar deyir ki, aksiyalar siyasi xarakter daşımır, tələbləri yerinə yetiriləndən sonra dağılışacaqlar.
Artıq fəallar “bibinsuteq.com” ünvanında imzatoplama kampaniyasına başlayıblar. Ölkə üzrə elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən hər kəs bu sayta daxil olub onlayn qaydada imza atmalıdır. Saytda vətəndaşlara belə bir müraciət ünvanlanıb: “Hörmətli həmvətənlər, əgər siz öz gələcəyinizə laqeyd deyilsinizsə, elektrik enercisi qiymətlərinin qanunsuz olaraq bahalaşdırılmasına qarşı çıxırsınızsa, onlayn imza kampaniyasına qoşulun. Bunun üçün “Like” düyməsinə basmağınız kifayət edir”.
Xatırladaq ki, Ermənistan Ictimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, elektrik enercinin tarifləri təxminən 16 faiz artırılıb. Avqustun 1-dən Ermənistan istehlakçıları gündüz saatlarında istifadə edilən 1 kilovat saat elektrik enercisi üçün 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün – 38,78 dram ödəməli olacaqlar. “Talana yox!” Təşəbüs Qrupu artıq bir neçə gündür ki, buna etiraz olaraq aksiyalar təşkil edir. Iyunun 23-də səhər saatlarında polis güc tətbiq edərək “Baqramyan” prospektində etirazçıların piketini dağıdıb. Nəticədə 30-a yaxın insan xəsarət alıb. Bundan sonra etirazlar bir az da alovlanıb.
Polis aksiyanı qanunsuz sayır, amma…
Dünən Ermənistan polisi bəyan edib ki, “Baqramyan” prospektində aksiya keçirən etirazçılara güc tətbiq edilməyəcək. Belə bir bəyanatla yerli polis rəisi Vladimir Qasparyan və müavini Unan Poqosyan çıxış edib. Onların hər ikisi bildiriblər ki, etirazçılar ictimai asayişi pozmadıqları və dinc şəraitdə etiraz etdikləri müddətdə güc tətbiqinə yol verilməyəcək. Həmçinin aksiyalar dağıdılmayacaq. Baxmayaraq ki, polis rəisi aksiyanın qanunsuz olduğunu hesab edir.
“Talana yox!” qrupunun üzvlərindən Vaqinak Şuşanyan bildirib ki, polis rəisi onunla da söhbət zamanı “Baqramyan”da etiraz aksiyası keçirən nümayişçilərə qarşı güc tətbiq edilməyəcəyinə söz verib. Dediyinə görə, polis rəisi onların davranışlarından razı qalıb, sadəcə tələbləri siyasiləşdirməməyə çağırıb. Iyunun 25-nə keçən gecə polis rəisi bir neçə dəfə aksiyanın keçirildiyi əraziyə baş çəkib. Aksiya bütün gecə davam edib və küçələrdə minlərlə etirazçı olduğu üçün polis vəziyyətə nəzarəti itirmək istəməyib.
BMT çağırış etdi
BMT-nin Insan Haqları üzrə Ali Komissarlığı Ermənistan hökumətini insan haqlarına və fundamental azadlıqlara hörmət etməyə çağırıb: “Biz bütün tərəfləri zorakılıqdan çəkinməyə və konstruktiv dialoqa çağırırıq. Polisin aksiyaçılara, o cümlədən media nümayəndələrinə güc tətbiq etdiyi barədə yayılan xəbərlərdən olduqca narahatıq və hakimiyyəti bu halları ən qısa zamanda araşdırmağa çağırırıq. Asayişin qorunması zamanı hökumət insan haqları ilə bağlı beynəlxalq standartları gözardı etməməlidir”.
Sarkisyan Brüsseldədir
Xəbər verdiyimiz kimi, hadisələrin qızğın vaxtında Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə işgüzar səfərə yollanıb. Iyunun 24-də axşam başlayan səfər çərçivəsində Sarkisyanın Avropa Xalq Partiyasının sammitində iştirak edəcəyi bildirilirdi. Dünən məlumat yayılıb ki, artıq Sarkisyan Brüsseldədir və onun sammitdə məruzə ilə çıxış edəcəyi gözlənilir.
Yeri gəlmişkən, etirazçılar kimi, hökumətin də öz mövqeyində israrlı olduğu görünür. Ermənistanın baş naziri Ovik Abramyan bildirib ki, paytaxtın əsas hissəsi olan “Baqramyan” prospektinə qapatmaqla nümayişçilər heç nəyə nail ola bilməyəcəklər. Baş nazir etirazçıları məlum problemi müzakirə etməyə çağırıb: “Hökumət istənilən məsələni müzakirə etməyə hazırdır. Insanların sərbəst hərəkətinə mane olmaq Konstitusiyanı və qanunları pozmaqdır. Mən təşkilatçıları mərkəzi küçəni açmağa, cəmiyyəti narahat edən problemləri müzakirə yolu ilə həll etməyə çağırıram”.
Baş nazir xatırladıb ki, iyun 23-də baş verən həbslər və zorakılıq halları ilə bağlı artıq araşdırma başladılıb: “Polisin iyunun 23-dəki addımlarıcəmiyyət və Ermənistanın bəzi beynəlxalq tərəfdaşları tərəfindən mənfi qarşılanıb. Artıq bu istiqamətdə iş başladılıb. Və cəmiyyət obyektiv və şəffaf araşdırma gözləyir”.
Gültəkin