elnurastanbeyli@gmail.com
YAP rejiminin bütün çətin anlarında, ağır günlərində yada Qarabağ düşür, yenə də belədir. Yenə də məlum olub ki, bizim Qarabağ kimi dərdimiz var, amma anti-milli ünsürlər, elementlər, vətən xainləri, xalq düşmənləri əl-ələ verib qoymurlar ki, şanlı partiya və hökumətimiz torpaqları geri qaytarsın.
Biz bu “film”ə son illərdə dəfələrlə baxmışıq. Ona görə də Oğuz elində yeni vətənşüvənlik tonqallarının çatıldığını görmək mənə nə təəccüblü, nə də maraqlı gəlir.
Situasiya rejim üçün o qədər çətin həddə gəlib ki, artıq sıralarımıza basdırılmış, ən sonuncu ümid yeri kimi nəzərdə tutulmuş “mina”ları da partladırlar. Əslində, bunun özü də gərəkli prosesdir. Suların bulanması deyil, suların durulması prosesi gedir: belədə, dibindəki daşları da görmək daha rahat olur.
Ölkə içində vətəndaş narazılığı son həddədir, bir yandan hasilatın azalması, o biri yandan da qiymətin ucuzlaşması ilə neft pulları üzərində qurulmuş təntənə öz əzəmətini itirir. Adamlar həyat şəraitlərinin necə ağırlaşdığını, yaşam şərtlərinin nə qədər dözülməz vəziyyət aldığını artıq günbəgün hiss edirlər. Küçədəki, çayxanadakı, avtobusdakı insanlara diqqətlə qulaq vermək lazımdır. Bir nəfər də razı danışmır. Hamı gileylidir. Hamı narahatdır, heç kim gələcəyə ümidlə baxa bilmir. Hər kəs sabahın dünəndən daha pis olacağına inanır. Gözlərdə sevinc, üzlərdə təbəssüm yoxdur.
Bir yandan da ölkədən kənarda artıq “kürü diplomatiyası” effekt vermir. Heç neftin bu qədər qiymətdən düşdüyü, gəlirlərin kəskin azaldığı bir vaxtda Qərbdə, Avropada, hətta Rusiyanın özündə belə hamını həmişəki kimi yemləmək, bəsləmək mümkün də deyil.
Deməli, nə etmək lazımdır: ay sağ olun, Qarabağ dərdindən ikiəlli yapışmaq, hamını ermənipərəst çıxarmaq, hamını vətən xaini, xalq düşməni elan etmək lazımdır. Guya bunlar işğaldan bir qarış torpaq azad etmək istədilər, biz əllərindən tutub saxladıq. Guya Xankəndiyə bayraq sancırdılar, Isa bulağında kabab çəkib Cıdır düzündə yallı getmək istəyirdilər, qabaqlarına durduq.
Əlbəttə, Qarabağ əlilinin məmur özbaşınalığından, korrupsiyadan cana yığılıb özünü yandırdığı, şəhid ailəsinin evinin buldozerlə başına uçurulduğu, özlərinin isə küçəyə atıldığı bir idarəetmə zehniyyətinə malik olanların və onlara yandaşlıq edənlərin Qarabağ haqqında yanıqlı, ağrılı şəkildə danışdıqlarına heç burnu fırtıqlı bağça uşaqları da inanmaz. Doğrudan da qanayan yaramız, ağrıyan yerimiz olan Qarabağı öz opponentlərinə qarşı siyasi linç aləti, qara piar vasitəsi kimi istifadə etmək də ancaq bunların ağlına gələ bilər.
Təəccüblü deyil. Pul, hakimiyyət ehtirasını cilovlaya bilmədikdə, ən əsası isə bir təhlükə hiss etdikdə insanın qol qoymayacağı heç bir davranış, söyləməyəcəyi heç bir yalan və iftira yoxdur.
***
Bəlkə sizə minimalizm kimi görünəcək, amma düzünü desəm, mən artıq hər şeyi həyatın, proseslərin axışına buraxmağın tərəfdarıyam. “Nə baş verir?”, ya da “nə baş verəcək?” kimi suallarla artıq beynimi çox yormuram. “Kim kimdir?”, “Kimin əli kimin cibindədir?” kimi suallar da artıq mənə əvvəlki kimi maraqlı, düşündürücü gəlmir.
Özünüz də görürsünüz ki, zaman hər şeyi necə dəqiqliklə yoluna qoyur, tədricən suları necə duruldur və dibindəki daşları hamımıza necə aydın, dəqiqliklə göstərir.
Elə son günlərdə olduğu kimi…
Gəlin razılaşaq ki, bunun özü də az iş deyil.