Milli Şura rəhbərliyi Əbülfəz Elçibəyin məzarını ziyarət etdi
İyunun 24-də Azərbaycan Milli-Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin doğum günüdür. Bu münasibətlə Demokratik Qüvvələrin Milli Şurası Əbülfəz Elçibəyi Fəxri Xiyabandakı məzarı başında yad etdi. Milli Şura üzvləri və tərəfdarları Fəxri Xiyabanda Elçibəyin məzarına tər gül dəstələri qoyub və çıxışlar ediblər.
Milli Şura sədri Cəmil Həsənli çıxışında bildirib ki, bu 77 illik zaman xatirəsində Əbulfəz bəyin həyatının böyük bir hissəsi milli azadlıq uğrunda mübarizəyə həsr olunub :
“Bu gün çağdaş Azərbaycanın Milli Oyanış hərəkatının banisi, lideri Əbulfəz bəyin, bizim hamımızın sevimli müəllimimizin 77-i illiyidir. Tam məsuliyyətlə demək istəyirəm ki, 1960-ci illərdən etibarən, Azərbaycan sovetlərin tərkibində olan zamanlardan Əbulfəz bəy həmin dövr gənclərinin qəlbinə yol yatıb. Həmin dövrdən etibarən gənclər bu vətənin qurtuluşu uğrunda ideya axtarışına çıxdılar. Həmin ideyaların baş müəlifi yenə Əbulfəz Elçibəy olub. Əbülfəz Bəyin BDU-da, Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işlədiyi illərdə deyərdim ki, Azərbaycan Milli Oyanış Hərəkatının ən parlaq illəri idi və mən bu hadisələrin iştirakçısı olan bir şəxs kimi demək istəyirəm ki, Əbülfəz bəyin yalnız BDU-da deyil, mütərəqqi gənclərin toplandığı bütün ali məktəblərdə milli dərnəyinin üzvləri var idi. Həmin hərəkat elə şəbəkələşmişdi ki, o dövr KQB-nin sənədlərinə baxanda onların bu şəbəkələşmənin artım sürətindən ciddi narahat olmasının şahidi olmuşam. Sonrakı illərdə başlanan proses Ebülfəz bəyi hərəkatın önünə çıxardı və Əbülfəz Elçibəy bilavasitə uzun müddət formalaşdırdığı hərəkatı meydanda görməyə başladı. 1988-90-ci illərdə Elçibəyin rəhbərlik etdiyi AXC bütövlükdə Sovet Impreriyası tərkibindən qurtuluş missiyasını öz üzərinə almış oldu. Əbülfəz bəyin prezidentliyi dövründə Azərbaycan Baltikyanı dövlətlər də daxil olmaqla, keçmiş sovet coğrafiyasında ən azad, ən müstəqil, ən qabaqcıl respublikalardan biri idi. Şərqi Avropa ölkələrində və Almaniyada rus qoşunlarının qaldığı halda Əbülfəz bəy ölkədən rus qoşunlarının çıxarılmasına nail oldu. Taleh elə gətirdi ki, mən Əbülfəz bəylə 1993-cü ilin yayından etibarən bir yerdə qalmalı oldum.
Yeri gəlmişkən, Nəcəf bəyi də zikr etmək istəyirəm. Nəcəf bəy də Elçibəylə bir gündə doğulub, 1992-ci ildən etibarən doğum gününü məhz Əbülfəz bəylə birgə keçirib.
Əbülfəz bəylə apardığımız müzakirələr mənim həyatımın istiqamətlənməsində, elmi yaradıcılığımın formalaşmasında mühüm rol oynadı. Əbülfəz bəy gerçəkçi bir lider idi. Bu gün Əbülfəz bəyin 77-ci il dönümüdür. Biz Əbülfəz bəy haqda keçmiş zamanda danışmaq istəmirik. Çünki elə insanlar olur ki, öz vəfatı ilə də millətini irəli aparmağa nail olur. Əbülfəz bəy məhz elə liderlərdən olub. Allah ona rəhmət etsin”!
AXCP sədri, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli çıxışında bildirib ki, bu gün günlərdən Elçibəy günüdür. Bizim milli liderimizin doğum günüdür. Əbülfəz Eıçibəy sağlığında öz adını tariximizə Milli Azadıq Hərəkatınını lideri kimi, dövlət müstəqilliyinin bərpaçısı kimi, xalq tərəfindən seçilmiş prezident kimi, xalqa təmənnasız xidməti prezident vəzifəsində sübut edən lider kimi qızıl hərflərlə yazıb:
“Kimin nə düşünməsindən asılı olmayaraq Elçibəyin tarixi mövqeyini kimsə şübhə atına ala bilməz. Əbülfəz Elçibəy sağlığında da böyük hücumlara məruz qalıb. Ona qarşı illərlə həddən artıq sistemli kampaniya aparılıb. Ölümündən sonra da layiqlı qiymətini ala bilməyib. Amma buna baxmayaraq, yüz minlərlə insanın qəlbindədir. Bugün mənim üçün xatırlamaq çətindir, Rəsulzadə və Elçibəydən başqa daha kim var ki, onların doğum günü minlərlə insan üçün heç bir inzibati resurssuz bayrama çevrilsin. Ona görə də Elçibəyin əleyhinə aparılmış bütün kampaniyalar puç olub. Bəyin özünün vaxtilə dediyi kimi, zaman hər şeyi yerbəyer edib. İndi sual yaranır, necə olur ki, bu qədər ona qarşı sistemli təbliğatların olmasına baxmayaraq, Bəyin adı ucadır, təmizdir, ona qarşı çirkab yapışdırmağa nail olunmayıb. Çünki Əbülfəz Elçibəy təmiz insan idi . Millət onun prezidentlik dövründə ilk dəfə hiss edib ki, millətə əfəndi kimi yanaşılıb. Əbülfəz Elçibəy vətənini, millətini sevib, millətini aşağılamayıb. Millətə bacardığı qədər xidmət edib. Ona görə də aradan uzun illər keçməsinə baxmayaraq, bu gün də xalq haqqa dayaqdır. Elin gözü doğrudan da tərəzidir. Bu gün də hamımız üçün xoşdur ki, Azərbaycanda yüz minlərlə insan, Elçibəyi xüsusilə tanımayan gənclik onun yolundadır.
Bəyin ruhunu şad etmək üçün Nəcəf bəyi də xatırlamaq istəyirəm. Nəcəf bəy Azərbaycanın çox görkəmli ziyalılarından biri idi. Əbülfəz Elçibəy ona xüsusi hörmətlə yanaşırdı. Qeyd edildiyi kimi, Əbülfəz bəy doğum günü tədbirində heç vaxt imkan vermirdi ki, tədbir təkcə ona həsr edilsin. O, Nəcəf bəyi irəli çəkirdi. Nəcəf bəy də öz növbəsində təvazökarlıqla bildirirdi ki, Bəyin doğum günü olduğu üçün artıq öz doğum gününü qeyd etmir. Bu dərəcədə onların arasında xoş münasibət vardı. Allah millətimizə o gücü versin ki, Əbulfəz Elçibəy nümunəsilə silahlanaraq, onun simvolu ilə özgüvənini artıraraq xilas olsun və onun yarım qalmış arzularını birlikdə gerçəkləşdirək. Allah gerçək liderimizə rəhmət eləsin!"






