«AŞ PA Azərbaycandakı vəziyyəti sistemli, ardıcıl və dərin tənqid etdi»
Gültəkin Hacıbəyli: «AŞ PA-da qəbul olunan qətnamə Azərbaycan-Qərb münasibətlərində yeni mənzərənin yarandığını göstərdi»
AŞ PA-nın növbəti sessiyası da hakimiyyət üçün ağır keçdi. Azərbaycan hakimiyyəti sessiyada ünvanına səslənəcək ittihamlara “hazırlıq” məqsədilə alternativ layihəylə getsə də, nə bu sənəd, nə də nümayəndə heyətimizin başçısı Səməd Seyidovun etirazları nəticə verdi. AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (Ispaniya) və Tadeuş Ivinskinin (Polşa) hazırladığı “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı qətnamə layihəsi müzakirəyə çıxarılaraq qəbul olundu.
Sənəddə Azərbaycanda insan haqlarının vəziyyətindən, o cümlədən son bir ildə ölkədə güclənən repressiyalar, tənqidçi jurnalist və bloggerlərin, hüquq müdafiəçilərinin həbsi, vətəndaş cəmiyyətinə qarşı hücumlar, söz və ifadə azadlığının məhdudlaşdırılması, məhkəmələrin müstəqil olmaması və s. məsələlərdən bəhs olunur. Qətnamə layihəsinin müzakirəsi zamanı avropalı deputatlar Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə görə hakimiyyəti sərt tənqid ediblər. Ölkədə siyasi məhbusların mövcudluğu, siyasi məhbus probleminin dərinləşdirilməsi, hakimiyyətin repressiv siyasətinin hələ də davam etməsi sərt tənqid atəşinə tutulub.
Birmənalı şəkildə vurğulanıb ki, Azərbaycan AŞ PA qarşısında götürdüyü öhdəlikləri icra etməməklə yanaşı, insan haqları və demokratik prinsipləri kobud şəkildə tapdalayır.
Əslində AŞ PA-dakı müzakirələrin bu cür sərt tonda keçəcəyi və olduqca sərt qətnamənin qəbul ediləcəyi gözlənilən idi.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, AŞ PA-da qəbul olunan qətnamə Azərbaycan-Qərb münasibətlərində yeni və fərqli bir mənzərənin yarandığını əyani şəkildə nümayiş etdirdi. Bu günə qədər Azərbaycanla bağlı ABŞ Konqresi səviyyəsində tənqidi fikirlərin ortaya qoyulduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycana səfər edən və Bakıda müxtəlif hədiyyələr alan konqresmenlər barəsində ciddi araşdırmalar aparılıb. Avropa Parlamentinin də ölkəmizdəki insan hüquqlarının dözülməz vəziyyətinə dəfələrlə sərt reaksiya verdiyini xatırladan G.Hacıbəyli bildirdi ki, təşkilatın hətta qəbul etdiyi sənədində Azərbaycanla bağlı müəyyən tədbirlərin görülməsi çağırışı var: “Eyni zamanda Avropanın aparıcı ölkəsi olan Almaniya parlamenti bu yaxınlarda Azərbaycanla bağlı sərt, birmənalı və obyektiv mövqeyini ortaya qoydu. Bundestaq bununla yanaşı Azərbaycan ərazilərinin Ermənistanın işğal etməsinə, azərbaycanlıların Ermənistandan deportasiya olunmasına da diqqət çəkib. Bütün bunlardan sonra Avropa Şurası yeganə təşkilat idi ki, hakimiyyətlə normal münasibətləri qoruyub saxlamağa çalışırdı. Düzdür, son bir ildə bu münasibətlərə ciddi zərbə dəymişdi. Amma nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı verdiyi bəyanatlar artıq AŞ PA-da da Azərbaycana münasibətin dəyişdiyini göstərirdi. Amma ilk dəfədir ki, AŞ PA-da qəbul olunan rəsmi qətnamədə Azərbaycanda insan hüquqlarının vəziyyəti bu qədər sistemli, ardıcıl və dərin tənqidə məruz qaldı. Eyni zamanda siyasi məhbusların azad olunması tələbi birmənalı olaraq irəli sürüldü”.
2013-cü ilin yanvarın 25-də AŞ PA-da siyasi məhbuslarla bağlı məsələ müzakirə olunarkən Ştrasserin qətnaməsinin qəbul edilmədiyini xatırladan G.Hacıbəyli vurğuladı ki, məhz bu qərardan sonra hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı repressiyaları daha da artdı: “Bu müzakirələrdən sonra siyasi məhbusların sayı da kəskin artdı. Həmin qətnamədən bir həftə sonra Tofiq Yaqublu və Ilqar Məmmədov həbs olundu. Sevindirici haldır ki, Avropa Şurası son iclasında tarixi səhvini təkrarlamadı. Əksinə, qəbul etdiyi qətnamə ilə əvvəlki mövqeyinin yanlış olduğunu etiraf edərək, siyasi məhbuslarla bağlı açıq tələblərini irəli sürdü”.
AŞ PA-nın qətnamələrinin daha çox siyasi və hüquqi əhəmiyyəti olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, önəmli olan hakimiyyətin özünü çox rahat hiss etdiyi sonuncu Avropa təşkilatının da ondan üz çevirməsidir. “AŞ PA-nın qətnaməsi mütərəqqi dünyanın Azərbaycanda vüsət almış repressiv siyasətə sərt etirazıdır. Hakimiyyət heç olmasa ona həmişə loyallığı ilə seçilən bir təşkilatın bu mövqeyindən sonra vəziyyəti ciddi təhlil etməli və uyğun addımlar atmalıdır”, deyə G.Hacıbəyli vurğuladı.
Xəyal