Rüstəm Behrudi: «Rauf Arifoğlunun əlində o boyda qəzet varkən, Cəmil Həsənlinin əlində heç nə yoxdur. Bax elə burdan da qəzetin tutduğu mövqe məlum olur»
“Azadlıq” və “Yeni Müsavat” qəzetlərini əvvəl həmişə alıb oxuyardım. Amma son vaxtlar, tutaq ki, “Yeni Müsavat” qəzetini almıram. Amma yenə də internetdən bu qəzetin başlıqlarını nəzərdən keçirirəm, çünki o daha qəzet kimi mənim marağımı cəlb eləmir". Bu sözləri “Hürriyyət” qəzetinə müsahibəsində şair Rüstəm Behrudi deyib.
O, daha sonra bildirib: “Ancaq ”Azadlq" qəzetini hələ də oxuyuram və yəqin bu da ona görədir ki, orda hələ məni təmin edən şeylər var. Ancaq mətbuat niyə bu günə düşdü sualına gəlincə, bunun da öz səbəbləri var. Çünki zəngin olan şəxslər, nazirlər, müəyyən qüvvələrə bağlı oliqarxlar hərəsi özünə bir qəzet, sayt açdı. Ancaq bütün bu muzdlu zümrədən kənarda qalan və əksəriyyəti də ləyaqətli qələm sahibi olan şəxslər bir də onda ayıldılar ki, muzdu mətbuata gedənlər hər şeyə nail olublar. Qismən də olsa, müxalifətin yanında qalan jurnalistər də həmin şeyləri qazandılar. Deməli, burdakı əvvəldən gələn tarazlıq da pozuldu. Bəs bu tarazlıq niyə pozuldu? Bunu da pul verib qəzet və sayt açan zənginlər elədi. Onlar bütövlükdə əllərində olan medianı, əsasən şəxsi və bir çox hallarda isə qrup maraqlarına işlətməklə medianı öz əsas missiyasından kənara çıxardılar. Əslində insan həyatı çox qısa bir zaman kəsiyidir və hər kəs də bu zaman kəsiyində mümkün qədər yaxşı, hətta əli çatarsa, dəbdəbəli həyat yaşamaq istəyir. Bayaq dediyim kənarda qalan curnalistlər də bütün bunları görəndən sonra məcbur olurlar ki, maska taxıb ya iqtidar, ya da müxalifət mətbuatında kimlərəsə xidmət eləsinlər. Ona görə də indi Azərbaycanda olan mətbuat bu gündədir. Bu səbəbdən çağdaş mətbuatda namuslu və ləyaqətli adamlar çox az qalıb. Mən indi demək istəmirəm ki, niyə bunlar ya müxalifəti təqdir eləmirlər, ya da niyə iqtidarı tənqid eləyirlər, yaxud da tərsinə. Bütün hallarda media orqanlarının işi budur ki, kimlərisə ya tənqid, ya da təqdir eləsin. Ancaq ortada bir həqiqət də var axı. Bax o həqiqətdən yapışıb lap iqtidarı mədh eləsin, yaxud da müxalifətin yanında olsun. Əgər doğrudan da mətbu orqanın, yaxud da jurnalistin istinad nöqtəsi sağlamdırsa və dedikləri həqiqətdirsə, o zaman onlara kimsə irad tuta bilməz ki. Ancaq bunlar elə şeyləri müdafiə eləyirlər ki, sonradan bizim kimi oxucuların özlərinin o qəzeti müdafiə etməyə gücü çatmır. Mən o vaxtlar prezident Əbülfəz Elçibəyə deyirdim ki, sizin hakimiyyətdə hərdən elə şeylər baş verir ki, mən sənin ən yaxın dostun kimi səni müdafiə etmək gücündə ola bilmirəm. Çünki o qədər böyük səhvlər baş verirdi ki, məsələn, Hafiz Hacıyev kimi bir adamı gətirib nazir qoymaq artıq sadəcə səhv yox, günahıydı. Indi mən “Yeni Müsavat” qəzeti, Rauf Arifoğlu və Cəmil Həsənli arasında gedən qovğanı, söz davasını izləyirəm. Şəxsən mən belə hesab eləyirəm ki, əlində bu boyda səlahiyyət olan bir qəzetin Cəmil Həsənliyə bu cür hücum eləməyi düzgün deyil. Həm də haqlı və ya haqsız olmasından asılı olmayaraq. Çünki Rauf Arifoğlunun əlində o boyda qəzet varkən, Cəmil Həsənlinin əlində heç nə yoxdur. Bax elə burdan da qəzetin tutduğu mövqe məlum olur. Tutaq ki, hələlik “Azadlıq” qəzeti haqqında mən bu sözləri deyə bilmirəm, ancaq günlərin bir günü belə bir situasiya ortaya çıxarsa, onu da deyə bilərəm".