Sərkisyan da Avropada düşmən axtarır

Fuad Qəhrəmanlı: «Ermənistanda baş verənlər ciddi və geniş miqyaslı xalq etirazı kimi qiymtləndirilə bilər»

Ermənistanın paytaxtında “Talana son” aksiyası polisin güc işlətməsindən sonra dağıdıldı. Ermənistan polisi paytaxt Yerevanın mərkəzinə toplaşmış etirazçıları dağıtmaq üçün gücdən və su şırnağından istifadə etdi. Nümayişçilərin elektrik enerjisinin qiymətinin bahalanmasına etiraz olaraq irəli sürdüyü tələblər isə nəzərə alınmayıb.
Amma baş verən olaylar bir neçə məqamı ortaya qoydu. Məlum oldu ki, Ermənistan hakimiyyəti də ictimai rəylə, cəmiyyətin mövqeyi ilə barışmaq fikrində deyil. Digər tərəfdən, yerli və xarici ekspertlər baş verənlərin fonunda Ermənistanın Rusiya və Avropa Birliyi ilə olan münasibətlərini xatırladırlar. Çünki Yerevanda baş verənlərdən bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Nalbandyan maraqlı etirafda bulunmuşdu. Nalbandyan bildirmişdi ki, Ermənistana konkret seçim etməsiylə bağlı ciddi təzyiqlər var. Yəni Brüssel Ermənistandan ya Avropanı, ya da Rusiyanı seçməsini tələb edir.


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, əslində Ermənistanda baş verənlər ciddi və genişmiqyaslı xalq etirazı kimi qiymətləndirilə bilər. Avtoritar rejimlərin bir qayda olaraq cəmiyyətin etirazlarını kənar maraqlarla bağlamağa çalışdığını deyən F.Qəhrəmanlı vurğuladı ki, Ermənistanda baş verənlərin məhz Avropadan qaynaqlandığının altının cızılmasında da məqsəd diqqəti hakimiyyətin yürütdüyü siyasətdən yayındırmaqdır. Çünki məlumdur ki, hadisələr məhz hakimiyyətin yürütdüyü siyasətin nəticəsi olaraq baş verib: “Avtoritar rejimlər həmişə xalq etirazlarını Qərbin fəaliyyəti ilə bağlamağa meyllidirlər. Ona görə Ermənistanda baş verən etiraz aksiyalarını məhz Sərkisyan hakimiyyətinin cəmiyyətdə doğurduğu etiraz kimi qəbul etmək lazımdır. Amma burada təbii ki, Qərb faktoru da təsirsiz deyil. Çünki siyasi proseslərin qloballaşdığı müasir dövrdə cəmiyyət Qərbdən gələn impulslarla, təsirlərlə öz həyat tərzini dəyişməyə daha çox meylidir. Avtoritar hakimiyyətlərin idarəçiliyi, idarə üsulu cəmiyyətdə narazılıq yaradır. Ona görə də Qərbin bu proseslərə təsiri mənəvi və psixoloji baxımdan mümkündür”.
F.Qəhrəmanlı bildirdi ki, amma Ermənistanda baş verənlərin qərb tərəfindən təşkil olunmuş və idarə olunan bir proses kimi təqdim olunması doğru deyil. F.Qəhrəmanlının sözlərinə görə, ümumiyyətlə, bu yanaşma Rusiyanın postsovet məkanındakı avtoritar rejimlərin müdafiəsi ritorikası ilə daha çox səsləşir: “Hakimiyyətin cəmiyyətdə gedən prosesləri zorakılıq yolu ilə alması gələcək baxımından dayanıqlı sayıla bilməz. Prosesləri uzun müddət zorla nəzarətdə saxlamaq, idarə etmək mümkün deyil. Xüsusilə cəmiyyətdə bu problemi yaradan səbəblər qüvvədə olduğu, dərinləşdiyi müddətdə. Bu konfliktlərin hətta bu gün qarşısını almaq mümkün olsa belə, bir müddət sonra onlar yenidən ifadə olunacaq”.
F.Qəhrəmanlı onu da bildirdi ki, keçirilmiş etiraz aksiyasında əsas tələb elektrik enerjisinin qiyməti ilə  bağlı olsa belə, cərəyan edən proseslər göstərdi ki, cəmiyyətdə demokratikləşmə, dəyişikliklərlə bağlı tələb də kifayət qədər aktualdır. “Bu onu göstərir ki, cəmiyyət öz etirazlarını ifadə etmək üçün siyasi təşkilatlanmaya və etiraz aksiyalarına hazırdır və bu proses yaxın zamanlarda da davam edəcək. Hakimiyyətin zorakı addımlarına qarşı Qərbdən qınayıcı münasibətlərin ifadə olunması da etiraz hərəkatını stimullaşdıracaq”, deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal