Siyavuş Novruzovun “facebook” profili

Yaxud özü yıxılan ağlamaz

Dəfələrlə təsdiqini tapıb ki, bu hakimiyyət yalnız sərvət oğrusu deyil, həm də profil oğrusudur. Tez-tez hansısa müxalif fəalın “facebook” hesabının oğurlanması xəbərini eşidirik. Hətta Milli Şuranın sədri Cəmil Həsənlinin “facebook” səhifəsi də oğurlandı və bu səhifədən yalan informasiyalar yayıldı. Ümumiyyətlə, müxalifətçilərin “facebook” hesabının oğurlanması hakimiyyət üçün xüsusi bir işə çevrilib. Müxtəlif üsullarla çaşqınlıq yaratmaq,  müxalifət liderlətinə ittihamlar səsləndirmək üçün belə saxta hesablardan istifadə olunur. Amma hər dəfə bu məsələ ilə bağlı etiraz ediləndə, hakimiyyətə çağırış ünvanlananda qarşı tərəf bunu “şou” adlandırırdı və bu virtual xuliqanlıqla bağlı tədbir görülmürdü.
Bu dəfə isə “facebook” problemi ilə hakimiyyətin özü üzləşib. Daha doğrusu, YAP-ın siması olan Siyavuş Novruzovun adına bir neçə saxta hesab açılıb. Indi millət vəkili əl-ayağa düşüb və hüquq mühafizə orqanlarına müraciət edib: “Sosial şəbəkələrdə mənim adımdan istifadə edilərək açılan saxta profillərin kimlər tərəfindən yaradılmasının araşdırılması üçün müxtəlif instansiyalar iş aparır. Ümumiyyətlə, ayrı-ayrı dövlət adamlarının adına yalançı profillər yaradılır. Bütün bunlar eyni mərkəzdən idarə olunur. Məsələnin araşdırılması, saxtakarların üzə çıxarılması istiqamətində iş gedir. Amma onu da nəzərə alaq ki, ”Facebook"un mərkəzi xaricdə olduğundan müəyyən çətinliklər var"- deyə Siyavuş Novruzov bildirib.
Deməli, öz əməlləri öz başlarında çatlayanda məsələnin ciddiliyini dərk edirlər. Niyə eyni təxribatlar başqalarına qarşı ediləndə, vicdanlı insanlar hədəf seçiləndə susurduz?  Ona görə ki, bu iyrəncliklərin kimin etdiyini, hansı dairələrdən qaynaqlandığını gözəl bilirdiz.
Bilmirdiniz ki, özgəsinə quyu qazan bir gün özü də quyuya düşəcək. Insanların yataq otağına kamera qoyanda, cibinə narkotika atanda, hakimiyyətin saytlarında əxlaqsız şəkillər paylaşılanda heç kim “stop” düyməsini basmadı.
Indi Siyavuş Novruzov üçün yaxşı bir məqam yaranıb.  Başqalarının nə qədər əsəb keçirdiyini başa düşər. Indi deputat bir anlıq təsəvvür etsin ki, şər-böhtana məruz qalanlar, doğmaları ilə şantaj olunanlar, qondarma ittihamlarla həbs edilənlər hansı hissləri keçirir.
Bu hələ yüngül formasıdır. Həyat davam edir və hər kəs etdiklərinə görə cavab verəcək. Virtual aləmdə üzləşdiyi təxribatdan həyəcanlanan YAP-çı, real aləmdə insanalrın başına gətirilənlərdən mütləq xəbərdardı.
Xülasə, Siyavuş Novruzov hakimiyyətin əkdiyi ağacın məhsulundan dərməyə başlayıb. Ancaq narahat olmasın. Özü yıxılan ağlamaz.

Samir