Nazarbayev də Əliyevi qabaqladı

Əliyev hələ də Azərbaycanı xeyir gətirəcək DTT-dən kənarda qoyur

Qazaxıstan Dünya Ticarət Təşkilatına 162-ci üzv oldu. Iran və Türkmənistandan savayı bütün qonşularımız – Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə artıq təşkilatın üzvüdür. Islahat aparmaq istəməyən Azərbaycan isə hələ də bu addımı atmaqda maraqlı deyil. Amma hakimiyyət bu addımını maraqlı “arqumentlə” əsaslandırmağa çalışır.

Bəyan olunur ki, DTT-yə üzvlük ölkənin milli maraqlarına uyğun deyil. Bu milli maraqların isə nədən ibarət olduğu və nəyə görə DTT-yə üzvlüyün milli maraqlara təhlükə yaratdığı izah olunmur. Azərbaycan hakimiyyətinin məntiqindən belə anlaşılır ki, təşkilata üzv olan dövlətlər öz maraqlarını qətiyyən düşünmürlər.
Amma reallıqda Azərbaycan hakimiyyətinin məqsədi yerli istehsalçıları qorumaq deyil, inhisarçıları qorumaqdır.

Azərbaycanın DTT-yə üzvlüklə bağlı müraciəti artıq on ili adlayıb. Amma Azərbaycanın bu quruma nə vaxt üzv olacağı bəlli deyil. Çünki ölkəmiz təşkilatın üzvlüyü üçün nəzərdə tutulan şərtləri yerinə yetirmir. Ona görə üzvlüyün yaxın illərdə mümkün olacağı inandırıcı deyil. 

Azərbaycanın DTT-yə üzvlüyünün gecikməsi əsas olaraq hökumətin marağının olmaması ilə əlaqəlidir. Çünki DTT-yə üzvlük inhisarçılığa, korrupsiyaya son deməkdir.

DTT-yə üzvlük üçün olan öhdəliklərin bir hissəsi gömrük, bank, sığorta sisteminin təkmilləşdirilməsini, şəffaflaşmasını nəzərdə tutur. Bu addımların atılması isə hakimiyyətdə təmsil olunan oliqarxlara milyardlarla itki hesabına başa gələ bilər. Amma DTT-nin verdiyi böyük imkanlardan hətta Ermənistan belə yararlanır. Amma Azərbaycan hakimiyyəti xalqımızı bu imkanlardan məhrum edir. Azərbaycan dövlətinin, xalqının ali maraqları isə Avropaya inteqrasiya kursundan keçir.

Hikmət