Latviya prezidenti Əliyevdən hesabat istədi?

Mehman Əliyev: «Latviya prezidentinin səfəri bəzi məqamlara aydınlıq gətirmək məqsədi daşıyırdı»

Dövlət başçısı Ilham Əliyevin iyunun 22-də Latviyanın yeni seçilmiş prezidenti Raymondson Veyonislə görüşü bir sıra suallar yaratmamış deyil. Azərbaycan prezidentinin saytı bu barədə qısa məlumat yaydı. Ümumiyyətlə bu görüş və görüş zamanı müzakirə olunan məsələlər barədə çox qısqanclıqla məlumat verildi. Rəsmi məlumatda səfərin statusu və məqsədləri haqqında heç nə deyilmədi. Latviya Prezidentinin saytında və Latviya KIV-lərində də səfər haqqında elə bir məlumat yox idi.
Amma iyunun 3-də Seym tərəfindən Latviya prezidenti seçilən keçmiş müdafiə naziri Raymonds Veyonis Bakı Avropa Birliyinin rəhbəri olan ölkə başçısı kimi gəlmişdi. O, iyulun 1-də Avropa Birliyinin Latviyanın yarım illik prezidentliyini yekunlaşdırmalı və sədr vəzifəsində fəaliyyət haqqında hesabat verməlidir.
Bəs bu səfər zamanı Latviya prezidenti hansı mesajları verə bilərdi?

“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Latviya prezidentinin səfəri Azərbaycanla AB arasında ötən müddət ərzində aparılan danışıqlara aydınlıq gətirmək olub. Çünki Azərbaycan Riqa sammitində “strateji tərəfdaşlıq və modernləşdirmə” sazişini imzalayacağına söz vermişdi. Amma bu hadisə baş vermədiyindən bu istiqamətdə sonrakı addımların nə olacağı və ötən prosesə qiymət verilməliydi. “Latviya prezidentinin də səfəri məhz bu məqamlara aydınlıq gətirmək məqsədi daşıyır. Nəyə görə Azərbaycan ”modernləşdirmə" sazişini imzalamadı və bu istiqamətdə növbəti addımlar nə olacaq?", deyə M.Əliyev vurğuladı.

Xəyal