Kreditləri qaytarmaq yalnız bir neçə bankın imkanı daxilindədir
Bir müddət öncə Mərkəzi Bankın kommersiya banklarına manatla vəsait ayıracağı barədə məlumat yayılıb. Ayrılacaq vəsaitin ancaq kreditləşməyə sərf olunacağı bildirilirdi. Mərkəzi Bankın dövriyyədən çıxan pulları geri qaytaracağı məqsədilə bu addımı atdığı da qeyd edilirdi. Xatırladaq ki, fevral ayının 21-də manatın devalvasiyasından sonra kommersiya banklarının bir çoxu manatla kredit verməyi dayandırmışdı. Banklar kreditləri aktivlərində olan əmanətlərə görə versə də, devalvasiyadan sonra əmanətlərin əksəriyyəti sürətlə dollarlaşmağa başladığından manatla kreditə də son vermişdi.
Mərkəzi Bankın məlum qərarından sonra hansı bankların manatla krediti bərpa etməsinə dair araşdırma aparan “Qafqazinfo” manatla krediti bərpa edən bankların sayının elə də çox olmadığını ortaya çıxarıb. Qeyd edək ki, kommersiya bankların cəmi beşi manatla krediti bərpa edib ki, bunlar da Accessbank", “Əmrahbank”, “Bank of Baku”, “Dəmirbank”, “Unibank”dır. Bir neçə bank isə manatla kredit almaq müqabilində banka girov qoyulmasını təklif edir ki, onlardan biri “Bank Respublika”dır. “Bank Nikoil” isə ipoteka kreditlərini və plastik kart müştərilərinə manatla kredit ayırır. “Xalq Bank” da yalnız ipoteka kreditlərini manatla verir. “Parabank”dan qızıl girovu qoyaraq manatla kredit ala bilmək mümkündür.ÿ
Yeri gəlmişkən, 21 fevral tarixli qərarla manatın dollara nisbətdə dəyər itirməsi ölkə iqtisadiyyatına izsiz ötüşməyib. Əhali manata olan inamını dollarda tapmağa çalışaraq bank əmanətlərini dollarda qoymağa üstünlük verib ki, bu da fevraldan üzübəri keçən 4 ayda dollarlaşmanı sürətləndirib. Bankların manatdan imtina etməsi ölkə iqtisadiyyatına şübhəsiz ki, müsbət mənada təsir edə bilməz. O zaman bankların bu addımını necə izah etmək olar?
Iqtisadçı-ekspert Oqtay Haqverdiyev söyləyir ki, Mərkəzi Bank kredit resursları ayıranda bütün banklar ona müraciət edərək bu imkandan yararlana bilər. Krediti kimə verib-verməmək məsələsini baş bankın müəyyən etdiyini deyən ekspert, ölkədə cəmi beş-altı bankın buna getdiyini söyləyir:
“Həmin bankların nizamnamə kapitalı böyükdür. Məsələn, ”Beynəlxalq Bank"ınkı 500 milyonu keçib. Yəni bir neçə bank var ki, onların vəsaiti kifayət qədərdir. Beləliklə də, yalnız bir neçə bank götürdüyü krediti vaxtında qaytara bilər. Amma bəzi banklar var ki, onların tamam başqa haqq-hesabı var və bu məsələyə getmirlər".
Nigar


