Həsən Kərimov: «Cəbhəçilər hər hansı məsələ barədə müstəqil şəkildə mövqe bildirə bilərlər. Bu partiyanın mövqeyi kimi başa düşülməməlidir»
“Aslan Ismayılov da bu hakimiyyətin hədəfində olan şəxsdir. Eyni zamanda ölkədə hüquqi dövlətin qurulmasını arzulayan, bu yöndə çaba göstərən ictimai fiqurdur. AXCP-nin Aslan Ismayılova qarşı hər hansı qərəzi, yaxud ona qarşı kampaniya aparılması barədə planı yoxdur və ola bilməz”. Bu sözləri “Azadlıq”a AXCP Ali Məclisinin sədri Həsən Kərimov sosial şəbəkələrdə AXCP fəallarının tanınmış hüquqşünas Aslan Ismayılov barədə yazdığı tənqidlərə münasibət bildirərkən deyib.
Həsən Kərimov bildirib ki, Aslan Ismayılovu tənqid edən AXCP fəalları müstəqil mövqelərini ifadə ediblər: “Cəbhəçilər hər hansı məsələ barədə müstəqil şəkildə mövqe bildirə bilərlər. Bu partiyanın mövqeyi kimi başa düşülməməlidir. Partiya hər hansı məsələyə, hər hansı şəxsin fikrinə münasibət bildirəndə, bu, Rəyasət Heyətində müzakirə olunur və rəsmi mövqe bildirilir.
Bir cəbhəçi kimisə düşünəndə təəssüf ki, bəzən bunu partiyanın mövqeyi kimi başa düşürlər. AXCP demokratik təşkilatdır, kim hansı məsələyə necə istəyirsə münasibət bildirə bilər. Amma bu o demək deyil ki, deyilənlər partiyanın rəsmi mövqeyidir, yaxud da həmin şəxslər partiya rəhbərliyinin tapşırığı ilə kiməsə irad bildirirlər. Bir daha bəyan edirəm ki, qətiyyən belə deyil".


