Arif Məmmədov: «Prezident Administrasiyanın nəzarətində olan mətbu orqan mənə qarşı hücuma keçdi»
Son günlərin ən populyar adamına çevrilən Azərbaycanın Avropa Şurası və Avropa Ittifaqındakı nümayəndəliyinin keçmiş rəhbəri, diplomat Arif Məmmədov “Azərbaycan Saatı” proqramının qonağı olub. Proqramın əməkdaşı Fikrət Hüseynlinin onunla müsahibəsini ixtisarla təqdim edirik:
– Arif bəy, tanınmış bir diplomatın yazdığı bir status ətrafında yaranan qalmaqalın səbəbi nədir?
– Bilirsiz ki, baş verənlər artıq mətbuat, sosial şəbəkələrdə geniş bir məsələ kimi müzakirələrə yol açıb. Hər kəsə məlumdur ki, o statusu 19 may faciəsindən sonra yazmışdım. Sözün düzünü desəm şəxsimə qarşı belə bir hücum gözləmirdim. Mən xalqıma başsağlığı bildirməyi özümə borc bilmişəm. Və buna görə də heç bir təəssüf hissi keçirmirəm. Fakitiki olaraq mənə qarşı hazırlanan çirkin məqalələrdən sonra məcbur olub bu yazılara cavab verərək öz mövqeyimi müdafiə etdim.
– Necə düşünürsüz prosesin bu qədər qabardılmasına, bunun ətrafında bu qədər hay-küy yaradılmasına dəyərdimi?
– Mən hansısa böyük bir qalmaqal yaratmaq fikrində olmamışam. Sadə vətəndaş kimi yazmışam o fikirləri və çox təəccüblə qarşıladım ki, Prezident Administrasiyanın nəzarətində olan mətbu orqan mənə qarşı hücuma keçdi. Bu hücumda çoxları Eynulla Fətullayevi günahlandırsa da, o sadəcə icraçıdır, xüsusi qruplaşmadan aldığı təlimat əsasında fəaliyyət göstərir. Mən inanmıram ki, tək hədəf mən idim. Ola bilər ki, hədəflərdən biri mən olmuşam. Ola bilsin ki, hədəf həm də Xarici Işlər naziridir.
– Məsələn, siz necə düşünürsüz əgər sizin yazdığınız bu statusda ehtiyatsız bir ifadə vardısa hər hansı bir kolleqanız sizə dost kimi tövsiyyə edə bilərdi və siz ifadənizi dəyişə bilərdiniz, beləliklə bu söz-söhbət heç başlamazdı. Ümumiyyətlə, kolleqalarınızla müzakirələr zamanı bu məsələ hələ genişlənməmiş hər hansı bir müzakirə aparmısınızmı?
– Xeyr, dediyim kimi, bu mənim vənəndaşlıq borcum idi. Mən kimsəylə bunu müzakirə etməmişəm. Hər bir vətədaş kimi sosial şəbəkədə öz fikrimi bildirmişəm. Yanan binada baş verənlər, ana-ataların binaya övladlarını xilas etmək məqsədilə binaya daxil ola bilməməsi çox ağır bir görüntü idi. Bu görüntüləri görüb o yazını yazmaya bilməzdim. Insanlar görəndə ki, bircə başsağlığına görə Azərbaycan vətəndaşına qarşı bütün sistem hücuma keçdi, onu müdafiə etməyə, dəstəkləməyə başladılar. Məncə heç hökumətdə məsələnin bu qədər şişə biləcəyini düşünməmişdilər. Bu da onların sərişdəsizliyindən irəli gələn bir məsələdir.
– Ümumiyyətlə son illər Azərbaycan hakimiyyətilə xalq arasında elə bir dərin uçurum yaranıb ki, insanlar inanmır ki, hər hansı bir məmur, səfir, diplomat öz rahatlığını atıb xalqın naminə fikirlər səsləndirə bilər. Necə düşünürsüz, vəzifəli şəxslər arasında yanğın hadisəsilə bağlı həyəcan hissi keçirən vicdanlı insanlar çoxdurmu? Yoxsa belə fikir sahibi təkcə sizsiniz?
– Yox əlbəttə ki. Bu cür fikirlərə sahib minlərlə insan var. Fərqi yoxdu hakimiyyətdə təmsil olunur, ya yox. Daxilində namusu, qeyrəti varsa bu etiraz insanın içindən gəlməlidir. Bu faciə hər bir azərbaycanlının bir kədəridir. Mən çox təəssüf edirəm ki, yazdığım statusu bəyənənlər təzyiq altına düşüblər. O təzyiqlərə düçar olan diplomatlar kasıb ailənin nümayəndələridir. Ən çox budur məni üzən.
– Müşahidələrimizə görə sizin yazdığımız bu status bir neçə gün reaksiyasız qaldı. Sanki hansısa qüvvələr məhz bunu məqsədyönlü şəkildə bəlli mətbuat orqanına ötürdü. Və sizə qarşı kampaniya başladı. Sizi Rusiya ilə əlaqələndirməyə çalışırlar. Bunun arxasında böyük bir siyasi kampaniya dayandığı deyilir. Sizə elə gəlmir ki, hansısa qüvvələr sizi “vurmaqda” maraqlıdır?
– Mən uzun illər Avropada yaşamışam. Avropa Ittifaqında səfir olmuşam. Belçikada, Lüksenburqda, 6 il də Avropa Şurasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri olmuşam. Təbii ki, Avropanın siyasi dairələrində məni tanıyırlar və öz təcrübəmlə insanların kifayət qədər inamını qazanmışam. Bunu hərkəs bilir və kiməsə nəyisə sübut etməyə ehtiyac yoxdur. Azərbaycanda sözügedən mətbu orqanlarda yazılır ki, mən Moskvada oxumuşam. Bəli, o zaman “Harvard”, “Oxford” kimi universitetlər yox idi. Hər kəs ya Azərbaycanda oxuyurdu, ya da Rusiyaya gedirdi. Mənə elə gəlir ki, məni Qərb dairələrinin gözündən salmağa çalışırlar. Amma Qərb dairələrində heç kəs buna diqqət yetirməyəcək təbii ki. Bu şər kompaniyası təxminən iki həftədən sonra başladı. Görünür ki, hakimiyyətdaxili hansısa çaxnaxmalar baş verir. Hər kəs bilir ki, daxildə aktiv proseslər gedir. Mən baş verənləri gülüş kimi qəbul edirəm. Bu proseslər davamlı olacaq və mən buna hazıram.
– Arif bəy, qeyd edək ki, siz istəsəniz də, istəməsəniz də proses artıq siyasiləşib. Belə bir məqamda siz Azərbaycana qayıtmağı düşünürsüzmü? Arif Məmədov bundan sonra hansı addımlar atmağı düşünür?
– “Azərbaycan 2025-ci il proqramı” ilə həmvətənlərimi düşündürməyə çalışdım. Indiyə kimi kifayət qədər geniş müzakirələr gedir. Insanlar öz təkliflərini irəli sürürlər. Onu da qeyd edim ki, mən bu yola başlamışamsa bu yoldan geri dönüş yoxdu. Əgər seçdiyim yoldan geri çəkilərsəm yüz minlərlə vətəndaşımın ümidlərini qıra bilərəm. Mən Avropada yaşayarken onların həyat səviyyəsini, necə yüksək səviyyədə yaşadıqlarını görürəm. Istəyirəm ki, mənim də xalqım yüksək həyat səviyyəsində yaşasın. Biz kimdən əskikik ki? Allah bizə neft-qaz, gözəl iqlim bəxş edib. Işgüzar millətimiz var. Mən bu gün xalqın yaşayışını görəndə dəhşətə gəlirəm. 100 – 120 manatla yaşamaq mümkün deyil. Əgər bilsək ki, hamı eyni yaşayır, bu başqa məsələ. Amma bu haqsızlığı görüb susmaq mümkün deyil. Eyni millətin bir hissəsi yüksək səviyyədə, böyük bir hissəsi isə çox aşağı səviyyədə yaşayırsa buna dözmək olmur. Bizim Avropa ölkələrindən daha yaxşı yaşamaq imkanlarımız var. Mənim arzum xalqıma xidmət etmıkdir. Mən bunu bildirmişəm sadəcə.
– Sizin prezident Ilham Əliyevə müraciətiniz oldu. Indiyə kimi prezidentə müraciətləriniz heç biri effekt verməyibsə, sizcə bu müraciətin nəticəsi olacaqmı?
– Mən o müraciətdə yazmışam ki, xalq ümid edir. Hər bir insanda ümid olur. Admistrasiyada hazırlanan materiaları oxuyanda bəlli olur ki, ölkədə Avrpa Oyularından sonra bpyük bir repressiya dalğası gözlənilir. Mən prezidentə müraciət edərək bildirdim ki, diplomatları hədəf seçmək, onları ləkələmək nə qədər davam edə bilər. Prezident xalqın ümudlərini doğrultmalıdır. Çünki xalq bu gün zülm içindədir. Hər gün intiharlar baş verir. Bu nə deməkdir?!
– Sizin proqram xarakterli yazınızda 2015-ci il qeyd olunub. Aydınlaşdırmaq istərdik. Bu proqram 2025-ci ilən etibarən həyata keçə bilər, yoxsa nə zaman?
– Bu tamamilə xalqdan asılı bir məsələdir. Xalq öz gücünə inanarsa, nəinki 2025, hətta daha tez bu hədəfə çata bilərik. Mən inanıram ki, biz daha tez başlayarsaq, daha böyük uğurlar əldə edə bilərik. Xalq öz gücünə inanmalıdır.
– Bu gün Azərbaycanda özünü müxalif elan edən, istər real müxalifət olaraq fəaliyyət göstərən qurumlar var. Arif Məmmədov bu qüvvələrlə hansı məsafədə dayanacaq?
– Mən bu fəaliyyətə yeni qoşulmuşam. Mən bilirəm Azərbaycanda hansı siyasi partiyalar müstəqildir, hansı partiya hakimiyyətə bağlıdır, hansı isə xalqın maraqları naminə çalışır. Bu barədə çox diqqətli izləyirəm baş verənləri. Mənə edilən tövsiyyələrə əsasən belədir ki, müstəqil olaraq fəaliyyət göstərim. Amma mən anlayıram ki, siyasi partiyasız təbii ki, çətindir. Arxanda siyasi partiya dayanmayandan fəaliyyət göstərmək çətindir. Amma mən bu gün bu suala tam cavab verməyə hazır deyiləm. Çünki mən ilkin mərhələdə texniki məsələlərlə bağlı işləməliyəm.