Hakimiyyət Merkeli təhqir etdi

«Azərbaycan» qəzeti Almaniyanın kanslerini «hoqqabaz» adlandırdı
 
“Azərbaycan” qəzeti bugün əsas səhifələrini “Almaniyanı dağıtmağa” həsr edib. Daha dəqiq desək qəzet Almaniyaya qarşı 51000 işarəlik yazı həsr edib. Bir müddət əvvəl İlham Əliyevin Almaniyaya səfərini bəh-bəhlə tirajlayan qəzet, bu dəfə Almaniyanı ən təhlükəli düşmən kimi qələmə verib. 
Geniş məqalənin bəzi hissələrini nəzərinizə çatdırırıq.
 
Almaniyanın xarici siyasəti riyakarlığın bariz nümunəsidir
 
2012-ci ilin martında Azərbaycanda səfərdə olmuş Almaniyanın xarici işlər naziri Guido Vestervellenin, bu ölkənin Azərbaycandakı səfiri Herbert Kvellenin müxalifət başçıları və fəalları ilə davamlı təmasları onu deməyə əsas verirdi ki, Almaniya dövlət səviyyəsində Azərbaycana qarşı çirkin kampaniya həyata keçirməyə başlamışdı. Təhlillər onu da deməyə əsas verir ki, I Avropa Oyunları dövründə anti-Azərbaycan kampaniyası ABŞ tərəfindən təşkil edilib və idarə olunur, Almaniya isə növbəti dəfə bu kampaniyanın fəal icraçılarından biri kimi çıxış edir. Rəsmi Berlin ABŞ-ın təsirində olduğuna və hegemonluq iddiasını ram edə bilmədiyinə görə, Azərbaycana qarşı yenidən riyakarlıq yolunu tutub. Bu riyakarlığın ilk işartıları Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin yanvarında Almaniyaya işgüzar səfəri zamanı özünü büruzə verdi. Mətbuat konfransı əvvəlcədən İlham Əliyevə qarşı hazırlanmış təxribatla yadda qaldı. Belə ki, tədbirin keçirildiyi zala daxil olan bir nəfər plakat qaldıraraq Azərbaycana qarşı şüar səsləndirdi.
 
Merkelin “Avroparlament-Bundestaq” oyunu
 
Bəs Almaniya Azərbaycanın xoş məramına necə cavab verdi? Öz ənənəvi üslubunda: ilk baxışdan maraqlarına uyğun olaraq ağıllı, əslində isə primitiv və dayaz şəkildə. Məhz ABŞ-ın təhriki və Merkelin birbaşa tapşırığı ilə anti-Azərbaycan kampaniyası Almaniyadan Avropa Parlamentinin platformasına keçirildi. Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı təzyiq mexanizmi qismində istifadəsi yeni taktika deyildi. I Avropa Oyunları ərəfəsində – iyunun 11-də yenə də Yaşılların birləşdiyi Avropa Azad Alyansının təşəbbüsü ilə “İdman və insan hüquqları” adlı dinləmələrin təşkil edilməsinin, bundan bir gün əvvəl ABŞ-ın məlum “qvardiyasının” alman “legionu” ilə birləşib etiraz aksiyası, mətbuat konfransı təşkil etməsinin arxasında kimlərin durduğu yaxşı bəllidir. Burada “ABŞ-Almaniya alyansı”nın silueti tam aydın göründü.
 
Göründüyü kimi, məhz Almaniya hökumətinin qeyri-səmimiliyi, riyakar siyasəti səbəbindən Almaniya-Azərbaycan münasibətləri hazırda böhran vəziyyətinə düşüb. Artıq Vestervelle, Ştaynmayer və digər Almaniya rəsmilərinin bundan sonrakı vədlərinin də vəziyyəti stabilləşdirəcəyinə əminlik yoxdur. Əgər kansler Angela Merkel ikili oyun oynayırsa, özünü üzdə bir, arxada isə başqa cür aparırsa, hansı vədlərdən və səmimiyyətdən söhbət gedə bilər?!
 
Alman diplomatiyasının mənəvi-əxlaqi dəyərləri
 
Beləliklə, Angela Merkelin antiazərbaycan komandasının üzvləri – Şults, Lunaçek, Brok və digərlərinin mənəvi-əxlaqi keyfiyyətləri aydın şəkildə göstərir ki, Almaniya Azərbaycana qarşı kampaniyasında deqradasiyaya uğramış ünsürləri səfərbər edib. Yəqin ona görə ki, normal insanlar, ciddi ictimai-siyasi xadimlər, ekspertlər və s. bu məzhəkənin iştirakçısı olmaq istəmirlər. Avropa Parlamenti kimi bir qurumu oyuncağa çevirən rəsmi Berlin ölkə parlamentində də diktat rejimi tətbiq edir. Bundan sonra BMT Baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri almaniyalı Vilfrid Lemkenin guya “Azərbaycanda diktatura hökm sürdüyü” barədə iddialarını kim ciddi qəbul edə bilər. Onun digər yüksək vəzifəli almanlar kimi məhz Merkelin təlimatı əsasında danışmadığına zəmanət varmı?
 
Ümumiyyətlə, Qərb hər bir addımı ilə təsdiq edir ki, Britaniya imperiyasının “bizim əbədi dostlarımız yoxdur, əbədi maraqlarımız var” siyasət prinsipi bu gün də onun üçün aktualdır və geniş tətbiq edilir. Xüsusilə bu prinsip ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın siyasətində açıq müşahidə olunur. l Avropa Oyunları zamanı əsasən bu ölkələrdən Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın təhlili bu prosesin necə həyata keçirildiyi, onun aktorları, hədəfləri barədə dolğun təsəvvür formalaşdırmaq imkanı yaratdı. Antiazərbaycan kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə başladı. Bir sıra ölkələri əhatə edən media infrastrukturuna eyni tezislər əsasında materiallar vermək tapşırıldı. Buna görə də Britaniyada BBC, “Reuters”, “The Guardian”, “The İndependent”, “The Telegraph”, Almaniyada “Der Shpiegel”, “Shtern”, “Deutche Welle”, Fransada “Le Monde”, “Frans Press” və digər ölkələrdə aparıcı media qurumları bir birini təkrarlayan materiallar verdilər. Adi araşdırmalar da təsdiq edir ki, 2012-ci ildə olduğu kimi, I Avropa Oyunları ərəfəsində də Almaniya mediası Azərbaycana qarşı hücum kampaniyasının mərkəzi fiqurlarından birinə çevrildi. Eləcə onu demək kifayətdir ki, iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material verdi.
 
Demokratiyanın “alman modeli” və ya taleyin ironiyası
 
2013-cü il aprelin 25-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclasında müzakirəyə çıxarılan hesabat, sözün əsl mənasında Almaniya hökuməti üçün ciddi zərbə, “qara cümə axşamı” oldu. Əslində, bu hesabat Almaniyada insan haqlarının vəziyyətini ifşa etməklə yanaşı, həm də Azərbaycana qarşı davamlı şəkildə hücum edən ombudsman Löninqin hüquq müdafiəçisi karyerasının sonu demək idi. Ümumiyyətlə, korrupsiya halları Almaniyanın dövlət orqanlarında da geniş yayılmış haldır. 2011-ci ilin sonunda Almaniyanın prezidenti Kristian Vulfun öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 500.000 avro məbləğində aşağı faizli kredit alması faktı aşkara çıxmışdı. Hotel biznesində ƏDV-nin ləğvi haqqında qanunun
 
qəbulu ərəfəsində xarici işlər naziri Guido Vestervellenin rəhbərlik etdiyi partiya monopolistlərdən 1.1 milyon avro ianə almışdı. Avropa Mərkəzi Bankının yeni ofisinin və Villi Brant adına Beynəlxalq Hava Limanının tikintisinə astronomik məbləğlər xərclənsə də, onların başa çatmasını hələ çox gözləmək lazım gələcək. Hava limanının tikintisi dəfələrlə təxirə salınıb ki, hər gecikmə də büdcəyə 120 milyon avroya başa gəlib. “Business under Control” təşkilatının hesabatında göstərilir ki, hava limanının tikintisində 3 milyard avroluq korrupsiyaya yol verilib.
 
Avropanın hegemonu, yoxsa Amerikanın vassalı?
 
Ekspertlər hesab edirlər ki, Almaniya get-gedə daha qəti şəkildə Avropa İttifaqına nəzarəti ələ keçirməyə cəhd edir. Bu ittifaq bir çox cəhətlərinə görə Avropa, xüsusən də elə Almaniyanın üzərində nəzarət üçün anqlosaksonların layihəsi kimi yaradılmışdı. Yəni, öz suverenliyini hələ də bərpa etməyən Almaniyanın ambisiyaları artıq bütün qitəyə yayılır. “Dördüncü Reyx” hər hansı təbliğatçının xəyalı deyil, əgər anqlosakson nəzarətindən xilas ola bilsə, Almaniyanın gələcəyidir.
 
Nə qədər ekzotik görünsə də, İkinci Dünya müharibəsindən ötən dövr ərzində Almaniya tam suverenliyə qovuşmayıb və faktiki olaraq ABŞ-ın işğalı altındakı ölkə qismində qalır. AFR-in keçmiş kəşfiyyat rəisi Komossanın sözlərinə görə, 1949-cu ildən bu ölkənin kanslerləri vəzifələrinin icrasına başlamazdan əvvəl Amerikadan vassal asılılığını təsdiq edən “Kansler Aktı”nı imzalamağa məcburdurlar. Almaniyanın indiki kansleri A.Merkelin Ukrayna hadisələri ilə bağlı özünü necə apardığına əsasən təxmin etmək olar ki, “Kansler Aktı” hələ də qüvvədədir.