
Məhəmməd Talıblı
Cəmil Həsənli haqqında düşüncələrim
Cəmil müəllimin üzünə çox insanlar ağ olub: siyasi opponentləri də, “tramvay” altında qalan “3” alan keçmiş tələbələri də, məqsədli şantajçı dəstə də… Hətta milli azadlıq hərəkatı zamanı da bəzi qaragüruh insanlar ziyalılarımıza qarşı bəzən belə ədəbsiz münasibəti ilə onları incik salmışdı. İndi həmin lotular, “vətənpərvər” maskası taxmışlar və “millətsevərlər” nəinki ortada, ümumiyyətlə, ölkədə yoxdurlar. Hərəsi bir yolla aradan çıxıb. Avropada sığınacaq alanları da var, özlərinə qurduqları “çətirlə” yaşayanları da…
Cəmil Həsənliyə hücumlar əvvələr də olub. İndiki cazibəli mövqeyində qaldıqca bu sifarişli tənqidlər və təhqir kampaniyası daha da şiddətlənəcək. Etiraf edək ki, bu daha çox onun şəxsinə yox, onun durduğu alternativ güc mərkəzinin yaratdığı təhlükə ilə bağlıdır. Çünki, onun iddiası və siyasi varlığı təkcə hakim dairəni yox, onun himayəsində xidmət missiyası olan bəzi nadürüstləri də narahat edir. Dahilərin bu sözü tam yerinə düşür: “Uca dağların başından bulud əskik olmaz”.
Bu haqda çox düşünmüşəm: Niyə görə tarix boyu daha abırlı və mədəni insanlara daha çox ləyaqətsiz hücumlar olur? Niyə daha nəzarətli insanlara qəlbə toxunan sözlərlə ədəbsiz kampaniyalar edilib? Məqsəd birdir: hərəni bir incə yeri sayılan yerdən vurmaq və yolundan saxlamaq! Cümhuriyyətçilərə əsrin əvvəlllərində də bu belə olub, çağdaş siyasi tariximizdə də bu belədir. Əsrimiz texnologiya əsri olsa da, həmin insanlara tətbiq edilən texnologiyalar da heç dəyişməyib. Çünki, gerilikci düşüncə yeni çağın şərtlərinə uyğunlaşa bilmir. İctimai münasibətlərdə “zərgər” çəkisindən yox, “molotokdan” istifadə edir.
Cəmil müəllim siyasi məhbus həyatı yaşamayıb. Dünən söyüb, bu gün öyməyib. Dünən hökuməti vulqar ifadələrlə təhqir edib cəzasın alanlar, indi daha çox öyürlər. Cəmil müəllimin üzərinə həmin zəmanə “uşaqları” ayaqyalın gəlir. Cəmil bəy parlament üzvü olanda da, müxalifət lideri kimi prosesləri yönəldəndə də sabit siyasi münasibəti ilə seçilən şəxsiyyət olub. Bir çox hallarda mötədillik dərəcəsi onun daxili loyallığı və hansısa maraq təminatı ilə bağlı olmayıb. O, tarixçi olaraq dərk edirdi ki, bu cəmiyyətdə siyasi güclərin mübarizəsində kin və nifrət üzərində qurulan münasibətlər sistemi ölkənin xeyrinə deyil. Bu münasibətlər ölkəni tərəqqiyə yox, tənəzzülə aparacaq. Cəmil müəllim tarixi proseslərdə təkcə iştirakçı baxımdan yox, gələcək tarixin rakursundan uzaqgörənliklə baxmaq məharəti ilə seçilirdi. Belə münasibət cəmiyyətdə daha çox dinc yanaşı yaşamaq prinsiplərinə və sosial həmrəyliyə cavab verir, nəinki yersiz hikkə və təkəbbürlərlə hamını zora və üsyana hazırlamaqla. Cəmil müəllim dərk edirdi ki, sosial həmrəyliyin olmaması bir cəmiyyəti sözün həqiqi mənasında məhv edə bilər. Sosial yardımlaşma olmadan cəmiyyətdə pozitiv dəyərlərin oturuşmasına və onların davamlı müdafiəsini təşkil etmək mümkün olmaz.
Cəmil müəllimin şəxsiyyət üstünlüyü ondan ibarətdir ki, o, çağdaş tariximizdə vaxtilə təkcə fəal vətəndaş mövqeyi ilə seçilən ziyalı və hazırda siyasi prosesləri yönəldən əsas fiqur olmaqla bərabər, eyni zamanda yaşadığı siyasi prosesləri tarixi rakursdan qiymətləndirmək bacarığı və müdrikliyi olan tarixçidir. Bu mənada Cəmil müəllim mübarizə aparan liderlərin, demək olar, hamısından fərqli olaraq yaşadığımız tarixi prosesləri “uçuş nöqtəsindən” dəyərləndirə bilirdi. O, nəyin bu günə, nəyin gələcək zamana işlədiyinin detallarını dəqiq bilir. Bu mənada bizim bəxtimiz gətirib ki, Cəmil müəllim kimi bir tarixçi alim həm də tarixi proseslərin canlı iştirakçısı və yönləndiricisi kimi çox öndədir. Tarixdən söz düşmüşkən… Biz Azərbaycan həqiqətlərinin və tarixinin dünyada qəbul olunması üçün lobbi qrupları vasitəsilə iş aparırıq, pullar xərcləyirik, vəkillik kampaniyası təşkil edirik. Amma özünün qabiliyyəti və resursu ilə həmin tarixi həqiqətləri uca səslə və elmi yanaşmayla isbatlayan insana necə qarayaxma kampaniyası aparırsız? Hanı sizin məntiqiniz? Hanı Azərbaycan tarixinin elmi keşiyində duran elm ocaqları? Hanı EA-nın Tarix İnstitutunun direktoru olan sizin deputat mandatı ilə mükafatlandırdığınız Yaqub Mahmudov? Hanı onun Biləcəridən o tərəfə gedən elmi əsərləri? Hanı onun əsərlərinə istinad edilən (Hirş indeksi) alimlərin statistikası? Azərbaycanın tarix professoru C.Həsənlinin isə əsərləri dünyanın çoxsaylı ölkələrində, o sıradan ABŞ-ın Harvard Universitetində nəşr olunub. Bu universitetin elmi üstünlükləri və reytinqi haqqında yəqin ki, hamı bilir. Xarici mənbələr üçün əsas istinad hesab olunan belə müəlliflə necə fəxr etməmək olar? Yalnız gördüklərimdən danışıram. 2006-cı ildə biz bir qrup iqtisadçı ilə ABŞ aeroportunda Cəmil müəllimlə rastlaşdıq. Salam-əleykimdən sonra bildik ki, Cəmil müəllim V.Vilson proqramında ciddi bir araşdırmanın bir mərhələsini yekunlaşdırıb ölkəyə qayıdır. Arxadan baxanda kitablarla dolu çantasının Cəmil müəllimə ağırlıq etdiyini görmək olurdu. Ağır yükün altına ağırlığın öhdəsindən gələnlər çiyin verər. Cəmil müəllim təkcə ağır işlərin altına çiyin verən şəxs deyil, eyni zamanda ağır və sanbalının qayğısına qalan bir araşdırmaçı alimdir. Cəmil müəllimin bu yaşdakı enerjisi və yüksək həvəslə çalışması hamının gözünün qarşısında baş verir. Fəlsəfi baxımdan yanaşanda da bu belədir: Nəyin üzərində dayanırsızsa, o inkişaf edir. Belə bir hind rəvayəti var. Müəllim şağirdinə deyir: “Mənim çiyinlərimdə iki canavar oturub. Sol çiynimdəki qara canavardı və məni daim pis əməllər təhrik edir. Sağ çiynimdəki isə ağ canavardı. Məni yaxşı işlərə ruhlandırır”. Onda şağird soruşur: “Onlardan hansı daha güclüdür?” Müəllim cavab verir: “Daha çox bəslədiyim!” Cəmil müəllim elə dəyərlər üçün çalışıb onların inkişafına nəzarət edə bilir ki, sonda bu onu çox sürətlə məqsədinə yaxınlaşdırır. Çünki, insan davranışlarına nəzarət edəndə məhz məqsədinə daha sürətlə yaxınlaşır. Nəzarəti əldən verəndə məqsəd də özünün bütün mənası ilə deqradasiyaya məruz qalır. Mömün Sakman haqlı olaraq bu nöqtəni çətin seçim anı hesab edir: “Nəzarəti məqsədə çevirənlərin nəzarət bacarıqları inkişaf edir. Nəzarətsizliyə inanıb hər şeydən əl çəkənlər başqaları tərəfindən nəzarət edilən hala gəlir. Konkret və sərt həqiqət budur: məqsədləri olmayanlar məqsədi olanların alətinə çevrilir”.
Cəmil Həsənli məsuliyyəti və Brayan Treysi kofesi
Brayan Treysi məsuliyyətdən qaçanların durumunu qəribə bir vəziyyətlə təşviq edir. İnsan məsuliyyətdən qaçmaq istəyəndə özünəməxsus bəhanələr tapır. Onlar isti kofeni üstlərinə dağıdır, buna görə kofe satanı günahkar bilir. Sərxoş vəziyyətdə sürücü qəza törədərək, bütün bunlara görə maşın istehsalçılarını günahlandırır. Bütün bunlardan sonra məsuliyyətdən yayındığını və süni bəhanələrə hamının inandığını düşünür.
2013-cü il. Qeyri-müəyyənlik, müxtəlif maraq və ideologiya daşıyıcıları olan qüvvələri bir çətir altında birləşdirmək və sərt repressiya şəraitində bütün məsuliyyəti öz üzərinə götürərək prosesə öncüllük etmək! Bu ağır missiyanı Cəmil müəllim çox cəsarətlə üzərinə götürdü və məsuliyyət estafetini ləyaqətlə sonacan daşımağı bacardı. Daha doğrusu, sosial sifariş və siyasi qüvvələr arasındakı konsensus Cəmil bəyi müxalifətin vahid namizədinə çevirdi. Müdrik yaşında elmi yaradıcılığını bir kənara qoyub, ictimai rəyə tabe oldu. Bu yaşında prezidentliyə namizəd kimi elə çevikliklə iş planına sahib oldu ki, hətta onu tanıyanlar belə şaşmışdı. Ekstremal situasiyalarda insanın gücünün ifadəsi nümunəsini yaşatdı Cəmil müəllim. İndi Cəmil müəllimin bütün bu uğurları üçün revanş götürmək istəyirlər. Səhvdir! Cümhuriyyət tarixini və M.Ə.Rəsulzadə irsini öyrənən zaman göz önünə tərəddüdsüz Cəmil Həsənli gəlir. Cəmil müəllim Azərbaycanın öyünə biləsi fikir adamı və mövqeyi olan ziyalısıdır. O, bir ziyalı kimi siyasətçilərin edə bilmədiyi bir uğuru özünün adı ilə assosiasiya edib tarixə yaza bildi. Necə deyərlər, tarixi yazan insan indi tarix yaradırdı!



