Beləliklə, vətəndaşlar banklarda öz əmanətlərini dollarla yalnız illik 2-5 faizlə yerləşdirə biləcəklər. Bəs bu addım ölkə iqtisadiyyatına necə təsir edəcək? Bankları xilas edə biləcəkmi? Manata etimadı artıracaqmı? İnsanlar yenidən manata üz tutacaqlarmı?
Nəzərə alaraq ki:
– Ölkənin valyuta gəlirləri əsasən xam neft satışından əldə olunur və neftin qiymətinin hələ uzun müddət təqribən indiki qiymətlərdə qalacağını bütün nüfuzlu mərkəzlər proqnozlaşdırır;
– Neftdən sonra ölkəmiz üçün ikinci ən böyük xarici valyuta mənbəyi rolunu oynayan Rusiyadakı azərbaycanlıların ölkəmizə pul transfertləri azalmaqda hələ davam edəcək və Rusiyada iqtisadi inkişaf hələ üfüqdə görünmür;
– Ölkəyə xarici və daxili investisiyaların cəlb edilməsi üçün müvafiq islahatlar aparılmır. Kömrük və vergidə qayda yaradılmasından, mülkiyyət hüququna təminatlar verilməsindən, müstəqil məhkəmələrin formalaşdırılmasından və bir çox digər vacib islahatlardan söhbət belə getmir;
– İş adamlarına kütləvi şəkildə divan tutulur. Hazırda iş adamlarının tutulma ehtimalı və təhlükəsi məsələn, siyasi müxalifət fəallarının tutulmaq ehtimalından da yüksəkdir;
– Hökumətin yarıtmaz siyasəti nəticəsində ölkədən kapital axını sürətlənib. Yalnız bu ilin ilk 3 ayında ölkədən 6.3 milyard dollar pul investisiya, depozit, nağd valyuta formasında xaricə çıxarılıb;
– Ölkənin valyuta rezervləri son 7 ayda 10 milyard dollara yaxın azalıb;
– Ən vacibi hökumət ölkəni bu sosial-iqtisadi böhrandan çıxarmaq üçün müvafiq proqrama və onu həyata keçirmək üçün zəruri siyasi iradəyə malik deyil.
Mərkəzi Bankın tövsiyyəsi ilə dollarla əmanətlərə verilən faizlərin aşağı salınması avtomatik olaraq əhalinin manata etimadının bərpasına, yenidən manata üz tutmasına səbəb ola bilməz. Bəs o zaman nə olacaq, hökumətin bu addımının nəticələri nədə ifadə olunacaq?
Əlbəttə, əmanətlərin dollarlaşması sürəti azalacaq. Hətta mümkündür ki, manatla əmanətlərə daha yüksək faiz verildiyini reklam etməklə, müəyyən sayda adamları aldadıb, onların əmanətlərini manata çevirməsinə də nail ola bilərlər. Beləliklə, gözlənilən devalvasiya zamanı bankların ehtimal olunan itkisi qismən azalacaq. Bu qərar da zatən, bankları qorumaq üçün verilib. Lakin bu qərar milli valyutamızla bağlı problemi həll edəcək qərar deyil. Məsələnin köklü həlli belə manevrlərlə mümkün deyil.
Əksinə, bu şərtlər altında ölkədən kapital axını daha da sürətlənəcək. Bu işi görməyə imkanı olan adamların mütləq əksəriyyəti sərvətini ölkədən çıxaracaq. Əgər ölkədə biznes mühiti yoxdursa və iş adamları öz pullarını iqtisadiyyata yatırmağa qorxursa, daşınmaz əmlak bazarı süni şəkildə şişirdildiyinə görə orada da böhran gözlənilirsə, manat sabit, xarici valyuta da gəlirli deyilsə, üstəlik bu ölkədə sahibkar olmaq da təhlükəlidirsə, bu bir aksiomadır ki, iş adamları xaricə üz tutacaq. Yeri gəmişkən, təbii ki, sərvətini ölkədən çıxaranlar onu manatla çıxarmayacaqlar, dollara çevirib çıxaracaqlar. Bu da manata təzyiqi daha da artıracaq.
Hökumət neftin qiymətinin qalxacağına ümid edərək, ölkənin bütün rezervlərinin tükənməsini, ölkə iqtisadiyyatının dibə dəyməsini gözləməməlidir. İqtisadi və siyasi islahatların yubandığı hər gün, Azərbaycan üçün təkcə itirilmiş fürsət deyil, həm də ağır itkidir.


