Putin Qərblə barışmağa çalışır

Rusiya prezidenti ölkəsinin gələcəyi üçün Qərblə əməkdaşlığın vacibliyini etiraf etmək məcburiyyətində qaldı

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq Iqtisadi Forumda maraqlı açıqlamalarla diqqət çəkib.ÿDeyib ki, BRIKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ilə əlaqələrin genişlənməsinə baxmayaraq, Qərblə əməkdaşlığa hazırdır. Rusiya prezidenti qeyd edib ki, qlobal artım mərkəzləri ilə fəal əməkdaşlıq Rusiyanın Qərb tərəfdaşlarıyla dialoqa az önəm verdiyi anlamına gəlmir.
Vladimir Putin çıxışının ardınca ABŞ-a qarşı ittihamlar səsləndirib. Bildirib ki, Ukrayna və digər bölgələrdə baş verənlərə görə Qərb də məsuliyyət daşıyır: “Biz hamımız Ukrayna Iraq və digər ölkələrdəki konfliktlərdən danışırıq. Niyə Ukraynada böhran baş verdi? Mən əminəm ki, dünyada ikiqütblü siyasi sistemin süqutu, yəni Sovet Ittifaqının dağılmasından sonra ABŞ eyforiyaya düşdü və qonşuları ilə mehriban qonşuluq münasibətləri qurmaq əvəzinə yerinə onların boş qamış geosiyasi məkanını zəbt etməyə başladılar.
ABŞ daxili işlərimizə qarışaraq, Rusiyaya nəyin lazım olduğunu müəyyən etməyə cəhd edir. ABŞ imkan verməlidir ki, Rusiya özü öz maraqlarını və təlabatlarını müəyyən etsin. Bizimlə ultimatum dilində danışmaq lazım deyil. Istəyirik ki, milli maraqlarımız nəzərə alınsın".
Rusiya Xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, iki ölkə arasındakı ünsiyyət kanallarını ABŞ bağlayıb: “Əgər ABŞ ünsiyyət kanallarının açılmasını təklif etsə, cavabımız müsbət olacaq”.
Məlum olduğu kimi, ABŞ-la Rusiya arasında münasibətlər Krımın işğalından sonra “soyuq müharibə” dövründəki həddə gəlib çıxdı. Maraqlıdır, Qərbin sanksiyaları nəticəsində ağır iqtisadi böhranla üzləşən Rusiyanın indiki halda, ABŞ-a qarşı ittihamları nəyə hesablanıb? Putinin açıqlamaları ABŞ-la “barışıq istəyi” mesajı kimi dəyərləndirilə bilərmi?

Siyasi ekspert Rahim Hacıyev bu məsələni şərh edərkən Peterburq Iqtisadi Forumunda Putin dediklərini yada salır. Rusiya prezidenti açıq şəkildə bildirir ki, Rusiyanın ənənəvi Qərb tərəfdaşları ilə əməkdaşlığı mütləq mənada davam etdirilməlidir. Yəni, Putin Qərb dövlətlərindən nə qədər şikayətlənsə belə, yenə də Qərb ölkələrilə münasibətlərin Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini faktiki etiraf edir: “Rusiya bütün hüquqi çərçivələri aşaraq müstəqil bir dövlətə qarşı işğalçı siyasət həyata keçirdi. Ardınca isə Rusiya Ukraynanın daha iki vilayətində separatçı rejim yaratdı. Bütün bunlar Rusiya ilə Qərb dünyası arasında münasibətləri hədsiz gərginləşdirdi. Nəticədə Qərb dövlətləri Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmək məcbiriyyətində qaldı”.
Ekspert vurğulayır ki, ötən dövr ərzində Rusiya çox böyük məbləğdə maliyyə vəsaiti itirib, ölkədən yüz milyardlarla dollar məbləğində kapital çıxarılıb: “Putinin işğalçı siyasəti nəticəsində Rusiya əhalisinin həyat şəraiti xeyli pisləşib. Ölkənin iqtisadi inkişaf perspektivləri artıq ciddi sual altındadır. Iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsində olan Qərb ölkələrilə münasibətlərin gərginləşməsi Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edən texnologiyadan uzaq düşmək deməkdir. Digər tərəfdən, Rusiyanın Qərbdən ucuz kredit əldə etmək imkanlarının üstündən xətt çəkilməsi ciddi problemlər yaradıb və proses bundan sonra da davam edəcək”.
Ekspertin sözlərinə görə, Putin yaxşı başa düşür ki, iki trilyon dollarlıq ÜDM-i olan Rusiya texnoloji cəhətdən Qərbdən çox geri qalır. ABŞ və müttəfiqlərinin ÜDM-i 54 trilyondan yuxarıdır: “Bu baxımdan, Putin texnoloji cəhətdən yüksək inkişaf səviyyəsində olan və böyük maliyyə vəsaitlərinə malik Qərb dünyası ilə uzunmüddətli qarşıdurmanın Rusiyaya çox baha başa gələcəyini nəzərə almaya bilməz”.

Emil