elnurastanbeyli@gmail.com
21 iyun tarixin yaddaşında həm də Qalileyin inkvizisiya məhkəməsində Yerin fırlanmasına dair nəzəriyyəsindən imtina etməsi ilə qalıb (1633-cü il). Qaliley Kopernikçilikdə və allahsızlıqda təqsirləndirilirdi. Məhkəmədə əgər tövbə etməzsə, edam olunacağı ilə hədələnən Qaliley məcburiyyət qarşısında geri çəkildi. Yerin fırlanmadığını dedi.
Hətta bununla bağlı məşhur bir rəvayət də var; deyilənə görə, məhkəmə qurtardıqdan sonra Qaliley “onsuz da o fırlanır” deyib.
Düzdü, sonralar Qaliley Yerin fırlanması fikrini yenidən, həm də daha ucadan səsləndirməkdə davam edirdi. Amma bir anlıq təsəvvür edək ki, Qaliley bu nəzəriyyəsindən ömürlük əl çəkəydi. Nə dəyişərdi? Yer fırlanmazdımı? Yerin fırlanması fikri qalib gəlməzdimi?
Əlbəttə, yox. Həqiqət günəş kimidir. Günəşi söndürmək nə qədər mümkündürsə, həqiqəti silmək, yox etmək də o qədər mümkündür. Əgər bir insan gözlərini bərk-bərk yumub günəşin olmadığını iddia edirsə, bu ancaq onun özünü gülməli vəziyyətdə qoyar. Həqiqətlə bağlı da belədir: o bizim gözlərimizi ona yummağımızdan, qulaqlarımızı ona tıxamağımızdan asılı olmayaraq, mövcuddur. Əksinə, min dənə yalan belə, həqiqəti dəyişdirmək iqtidarında deyil.
Kimlərinsə zor qarşısında çarəsiz qalıb öz mütərəqqi, bəşəri dəyərlərindən, dünyagörüşündən əl çəkməsi, ya da dünya malına uyub, komfort həyata, karyeraya şirniklənib həqiqətdən üz çevirməsi sadəcə, onların öz tərcümeyi-halına yazılacaq qara bir səhifə ola bilər. Yel qayadan heç nə aparmadığı kimi, bu da həqiqətin dəyərini əsla azaltmaz, həqiqətin gücünü qətiyyən əskiltməz.
Gözümüzün qarşısında adamlar nə vəziyyətlərə düşürlər. Həqiqəti söyləməyin vəd etdiyi məhrumiyyətlər qarşısında geri çəkilib yalanın qucağına atılan adamlar artıq bizi təəccübləndirmir. Bu artıq bizim üçün adi həyat hadisəsinə çevrilib. Arxada qalan onillər boyunca elə adamların dönüklüklərinin şahidi olduq ki, artıq gələcək üçün heç kimlə bağlı təminat vermək də olmur. Belə insan qəzalarına bəzən qəzəbli reaksiya veririk, bəzən təəssüflənirik, bu öz yerində.
Amma unutmayaq ki, həqiqətə sırtını dönənlər bununla ən böyük pisliyi özlərinə edirlər. Həqiqət isə öz yerində sabit, dəyişməz qalır. Öz qüdrətini qoruyur, sarsılmır, yox olmur.
Bir ölkənin və xalqın gəlişməsi, tərəqqisi hüququn üstünlüyünü tanımaqdan, azadlıqların meydanını genişləndirməkdən keçir. Bu, Yerin fırlanması qədər bəsit həqiqətdir. Əksini iddia etməklə sadəcə, gülüş obyekti ola bilərsən. Necə ki, yerin fırlanmadığını söyləmək cahilliyin, sərsəmliyin pik nöqtəsi olardı.
Indi bir anlığa düşünək: tutaq ki, kimsə yaptokratların ədalətsiz Sisteminin zoru, zopası qarşısında çarəsiz qalıb ölkənin indiki şəkildə idarə edilməsinin onu uçuruma sürüklədiyi barədə fikirlərindən, hüquqa və azadlıqlara dayanmayan bir ölkənin rifaha, xoşbəxtliyə qovuşmasının mümkünsüzlüyü haqqında düşüncələrindən imtina edir; ya da kimsə neft pulları qarşısında gözü qamaşıb hüquq və azadlıqların bərqərar edilməsi uğrunda mübarizədən əl çəkir, irticanın səfinə qoşulur, axı bu heç nəyi dəyişmir. Bu həmin adamın tərcümeyi-hal xətasından, ömür qəzasından başqa heç nə ifadə etmir.
Necə ki, Qaliley inkvizisiya məhkəməsinin hədələri qarşısında məcbur olub, əlacsız qalıb Yerin fırlanmadığını dediyi dəqiqələrdə belə, Yer yenə dayanmırdı, fırlanmağa davam edirdi.
Bu həqiqətin gücüdür. Həm də həqiqətin məğlubedilməz gücü!
O ki qaldı yalana, onun gücsüzlüyünü isə belə bir məşhur söz çox dəqiq ifadə edir: “Ən ustalıqla uydurulmuş yalanın da üstü gec-tez açılır”.