Hakimiyyət sadə vətəndaşı müflisləşdirməyə davam edir

Manat-dollar oyununda əmanətçilər uduzur
 

Dəfələrlə yazmışıq ki, bu ölkədə qanunlaraedilən dəyişikliklər, verilən qərarlar həmişə sadə vətəndaşın zərərinə işləyib. Hakimiyyət bütün addımlarda şəxsi mənffəti üstün götürüb. Sadə vətəndaşın üzləşəcəyi problemlər isə hakimiyyəti narahat etməyib. Hər dəfə gözləntilər vətəndaşı məyus edib. Biz onu da qeyd etmişik ki, vədlərə inanmaq, müsbət gözləntilərdə olmaq da sadəlövhlükdür. İlk olaraq manatın sabit qalacağı vədi verilsə də manat 34 faiz dəyərini itirdi və vətəndaşlara 2.2 milyard zərər dəydi. Bundan sonra əmanətçilərin ümidi Konstitusiya Məhkəməsinə qaldı. Biz o zaman da yazmışdıq ki, Konstitusiya Məhkəməsi xalqın xeyrinə qərar çıxarmayacaq. Çünki, bu ölkədə məhkəmə sistemi müstəqil deyil. Banklar da hakim ailə və məmurlara məxsus olduğuna görə Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar qəbul etdi.
 
İndi də məlum olur ki, Azərbaycanın kommersiya bankları dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salıblar. Əhalinin dollar əmanətinə axınının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollarda yerləşdirilən əmanətlər illik 2-8% dərəcəsi ilə qəbul edilir. Halbuki, bir müddət əvvəl, banklar manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini 14%-dək qaldırmışdılar.
 
Məsələn, hazırda müddətindən asılı olaraq dollar hesablı əmanətləri Kapital Bank 2-6,5%-lə, AccessBank 3-5%-lə, Yapıkredi Bank Azərbaycan 2-5%-lər ilə qəbul edir. Digər banklar da, xarici valyutada qəbul edilən əmanətlər üzrə faiz dərəcələrini aşağı salıblar. Məlumata görə, xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınması tövsiyəsi Mərkəzi Bank tərəfindən verilib. Hazırda banklar Manat ilə yerləşdirilən əmanətlərə daha yüksək faiz təklif edirlər.
 
Göründüyü kimi hakimiyyət bütün vasitələrlə öz mənfəətini təmin etməklə məşğuldu. Sadəlövhcəsinə hakimiyyətdən müsbət addım gözləyənlərə növbəti mesaj da verildi. Birdəfəlik dərk etmək lazımdır ki, banklar hakim ailəyə məxsudur və buna görə də əhaliyə hər hansı güzəşt edilməyəcək. Əksinə, müxtəlif yollarla vətəndaşın daha da müflisləşdirilməsi siyasəti yürüdülür.
 
Dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması da əmanətçilərə qarş daha bir tələdir.
 
Bu ölkədə hakimiyyətin vətəndaşa "qayğı"sı bu formada davam edir. Vətəndaş dəyən zərəri balaca kompensasiya etmək istəyəndə, yekə bir daş diyirlənir və bütün arzular puç olur.
 
Bu qədər soyğunçuluqdan sonra, vətəndaşları açıq şəkildə aldatdıqdan sonra da hakimiyyət dayanmaq istəmir. Susmağa üstünlük vermiş vətəndaşdan maksimum sui-istifadə edilir.
 
Bir sözlə, manatın devalvasiyasından sonra da əmanətçilərə zərbə vurulması davam edir
 
Hikmət