Dəyərli dostlar! Bu gün, iyun ayının 22-si tanınmış vəkil İsaxan Aşurovun vəfat etdiyi gündür. O, çox erkən, üç il əvvəl 56 yaşında dünyasını dəyişdi. Qəribə də olsa İsaxan bəylə sonuncu görüşümüz vəfatından az əvvəl təyyarədə olmuşdu. Türk Hava yolları ilə Vaşinqtona uçurduq. O, müalicəyə, mən isə Vudro Vilson Mərkəzində keçirilən bir tədbirə dəvət almışdım. Xəstəlik onu sıxmışdı. Qayğılı görsənirdi, göyün yeddinci qatında təyyarənin kiçik pəncərəsindən nəyisə axtarırmış kimi sonsuz bir həvəslə sonsuzluğa baxırdı. Bir az arıqlasa da uca qamətini düz saxlamağı bacarır, təmkinini pozmur, əvvəlki zarafatından qalmırdı. Ağlıma da gəlmirdi ki, bu təsadüfü yolçuluq onunla sonuncu görüşümdür. Yol uzun olduğundan çox şeydən danışmağa imkanımız oldu, bircə xəstəliyindən başqa. Dosta, tanışa əlavə qayğı yaratmamaq üçün onu bölüşməyi xoşlamırdı, bu xəstəliyin ağır yükünü özü çəkmək istəyirdi. Ötən əsrin 70-ci illərində Bakı Dövlət Universitetində kiçik fərqlə eyni illərin tələbələri olsaq da, İsaxan bəyi xalq hərəkatının genişləndiyi dövrdən tanımağa başlamışdım. Həmin vaxtlar polis orqanlarında işləyən bir sıra vətənpərvər gənclər erməni təcavüzünün dəf edilməsində, Qarabağın müdafiəsində çox fəal iştirak edirdilər. Bunlardan biri də İsaxan Aşurov idi. İndiki kimi xatırlayıram mən onu ilk dəfə döyüş paltarında görmüşdüm. Qarabağın müdafiəsində, Qazax və Tovuz rayonunun sərhəd kəndlərinin müdafiəsində fədakarlıq etmişdi. Qazax rayon polis şöbəsinin rəisi işləyəndə rayonda həyata keçirdiyi maraqlı “ekspermentlər” haqqında yaxşı xəbərlər gəlirdi. İstiqlal ideyasının milli ruha otruşmasında, yerli əhalinin hürriyyət sevdasına yoluxmasında çox iş görürdü. Amma İsaxan bəylə daha yaxın tanışlığımız onun vəkil işlədiyi illərə təsadüf edir. Siyasi zəmində baxılan işlərə çıxdığından məhkəmələrdə tez-tez görüşürdük. Bu proseslər onun yalnız bir vəkil kimi, hüquq davası aparan bir peşəkar kimi deyil, haqq və ədalət yolunda mücadiləyə girmiş bir vətəndaş kimi də mükəmməlliyini ortaya qoyurdu. Yaxşı təhsil aldığından və geniş hüquqi ədəbiyyatı mənimsədiyindən, uzun illər istintaq orqanlarında topladığı təcrübədən məhkəmə prosesində məharətlə istifadə edirdi. O, vəkillik təcrübəsinə namuslu adamların müdafiəsi ilə başladı və bəzi “vicdan” məhbuslarının böhtanlarına baxmayaraq öz peşəsini namusla da başa vurdu. Blogerləri, Eynulla Fətullayevi müdafiə edəndə tez-tez məndən xahiş edirdi ki, onların məsələsini parlamentdə qaldırım. Ədalətsiz davranışla, böhtanla qarşılaşanda daxili sarsıntılar keçirirdi. Fədakarlıqla müdafiə etdiyi “vicdan” məhbusu ona böhtan atanda qürurunu pozmasa da, bu nankorluq onu sarsıtmışdı. Az sonra məlum oldu ki, kim hökumətə satılıb: vicdanlı vəkil, yoxsa onun nankor müştərisi. Sözün tam mənasında İsaxan Aşurov bir ədəbiyyat bilicisi idi. Geniş mütaliəsi var idi, poeziya vurğunu idi. Ramiz Rövşənin çox şeirlərini əzbərdən bilirdi və intonasiya qaydalarına riayət etdiyindən həqiqətən Ramizin şeirləri onun deyimində çox gözəl, yaddaqalan səslənirdi. Hərdəm mənə elə gəlirdi ki, İsaxan Aşurovun şeir deyəndəki səsi tez-tez məhkəmədə eşitdiyimiz səs deyil, ayrı bir səsdir, həlim, musiqiyə yaxın, kövrək bir səs. Dünya ədəbiyyatından, rus və Azərbaycan ədəbiyyatından geniş mütaliəsi olsa da onun üçün ədəbiyyat deyilən şey Ramiz Röşənin şeirlərindən keçirdi. İsaxan Aşurov həyatdan vaxtsız köçdü. Amma bu yarımçıq həyatı ilə də cəmiyyətə danılmaz bir örnək verdi. O, sübut etdi ki, neçə il yaşamaq yox, necə yaşamaq mühümdür. Məhz bu keyfiyyətləri ilə İsaxan bəy dostlarının, əqidə yoldaşlarının, onu tanıyanların içində unudulmaz bir iz qoydu. Sözün tam mənasında İsaxan bəy diri adam idi və öz diriliyi ilə millətin diriliyinə xidmət edirdi. Bu gün onun mənəvi varlığı həmin diriliyin aydın ifadəsidir.
Cəmil Həsənli İsaxan Aşurovdan yazdı
•


