Azərbaycan Rusiyaya necə uduzdurulur?

"Bunun səbəbi Azərbaycanda hakim komandanın səriştəsizliyidir"

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün "facebook" səhifəsində Azərbaycanın qlobal enerji rəqabətində hazırkı yeridən yazıb. Həmin yazın təqdim edirik:

 
"Azərbaycanda hakim komandanın səriştəsizliyi, doğru qərarlar verə bilməməsi, geostrateji və geoekonomik məsələlərdə "piyada" vəziyyətində qalması üzündən, nəinki milli maraqlarımız təmin edilmir, hətta ölkə olaraq başqa dövlətlərin əlində vasitəyə çevrilirik, böyük zərərlərə məruz qalırıq.
 
Bildiyiniz kimi, Azərbaycan Gürcüstan və Türkiyəyə qaz ixrac edir. Buna baxmayaraq, ildə 3 mlrd kub metr qaz ixrac edən "SOCAR", Rusiyadan qaz almaq üçün müqavilə bağlayıb. Buna nə ehtiyac vardı? İddia olunur ki, bu bir müddət öncə həbs edilib, sonra da sahib olduğu zavodun bir hissəsindən imtinaya məcbur edilən Nizami Piryevin metanol zavoduna lazım olan 600 mln kubmetr qazı təmin etmək üçündür. O zaman Rusiyadan baha qiymətə alınan qaz niyə daha ucuz qiymətə "SOCAR" tərəfindən təmin olunmur? Yayın gəlişi ilə əlaqədər olaraq həm ölkə daxilində, həm də bizdən qaz idxal edən dövlətlərdə qaza olan təlabat azlıbsa, bu o deməkdir ki, Rusiyadan alınan qazın daxili təlabatın artması ilə əsaslandırmaq əsasızdır. Əgər bu günə qədər metanol zavodunu qazla təmin edən SOCAR-ın istehsalanda azalma yaranıbsa,(hər halda, bu inandırıcı görünmür) o zaman xaricə ixrac olunan qazın həcmində azaltma etməklə, metanaol zavodunun təlabatını ödəmək olardı. Belə çıxır ki, bu heç də ticari saziş deyil, Rusiyanın Azərbaycana öz iqtisadi maraqlarını diktə etməsidir.
 
Eyni zamanda Azərbaycan Rusiyadan “SOCAR Polymer" zavodunun inşası üçün 10 il müddətinə 489 mln. dollar həcmində kredit almaq barədə müqavilə imzalayıb. Kreditin hansı şərtlərlə verildiyi açıqlanmasa da, aydın olub ki, Rusiya təkcə alacağı faizlərdə maraqlı deyil, həm də kreditin şərti kimi "Qazprombank" Qrupuna aid olan – "Birləşmiş Maşınqayırma Zavodları" da bu layihəyə iştirakçı kimi cəlb olunacaq və Rusiya burada iştirak payına sahib olacaq. Alınan kreditlərə görə həm yüksək faizlər ödə, həm də Rusiyanı görülən işə şərik et. Bu artıq komersiya məsələsi olmaqdan daha çox, iqtisadi boyunduruğa qoşulmaq deməkdir.
 
Onu da diqqətdən qaçırmaq olmaz ki, SOCAR-la "QAZPROM" arasında bu gün Avropaya qaz ixracı məsələsində ciddi rəqabət gedir, bu halda aydın görünür ki, Rusiyanın diqtəsi ilə məcburi qaz idxalı müqaviləsi öhdəliyi götürən Azərbaycan Rusiya qazı ilə rəqabət apara biləcək cəsarət və təşəbbüskarlığa sahib deyil.
 
Azərbaycanın artıq bu prosesdə Avropa bazarlarını Rusiyaya uduzduğunun ilkin əlamətləri görünməkdədir. Bilindiyi kimi "Türk axını" layihəsini gerçəkləşdirmək üçün artıq Rusiya və Yunanıstan ilkin dövr üçün 47 mlrd kub metr qaz ixrac edəcək kəmərin inşası üzrə müqavilə bağlayıblar. Əslində, bu saziş Azərbaycan qazının ixracını nəzərdə tutan TANAP layihəsinin taleyini sual altına alır. Rusiya bu layihəyə marağı azaltmaq üçün "Türk axını" layihəsinin Yunanıstandan keçən hissəsini də özü tərəfindən maəliyyələşdirmək öhdəliyini üzərinə götürüb və bu məqsədlə 2 mlrd dollar ayırıb. 
 
Belə bir şəraitdə Azərbaycanın Qərblə qarşıdurmanı dərinləşdirməsi, AB və ABŞ-la münasibətlərdə artan qarşıdurma qlobal enerji rəqabətində Azərbaycanın mövqelərini ciddi şəkildə zəiflədir və TANAP layihəsinin əsas himayədarlarının bu məsələyə tərəddüdlü yanaşmasına səbəb olur. Halbuki, Rusiya etiraf edir ki, bütün cəhdlərinə baxmayaraq, reallaşdırmağa çalışdığı "Türk axını" layihəsinin taleyi AB-nin bu məsələyə münasibətindən asılıdır. Biz isə AB-nin dəstəyini alıb, Rusiyanı oyundan kənar qoya biləcəyimiz halda, Avropa ilə indiki qarşıdurma siyasətində geostrateji hədəfləri doğru seçə bilmirik. AB ilə münasibətlərdə yaranan gərginliyin mənfi nəticələrindən bir də budur ki, ARDNŞ 400 milyon avroya Yunanısatanın “DESFA” şirkətinin 66 faizlik nəzarət səhm paketini almaqla bağlı planı AB-nin etirazı nəticəsində gerçəkləşə bilmir.
 
Aydın görünür ki, Rusiya Azərbaycanın Qərblə qarşıdurmasından məharətlə istifdə edərək, bir çox hallarda Azərbaycan iqtidarını bu zərərli qarşıdurmaya sövq edərək, Avropanın enerji bazarlarının ələ keçirilməsinə və Azərbaycanın bu rəqabətdə uduzdurulmasına nail olur. Göründüyü kimi, Qərblə qarşıdurmada yalnız öz hakimiyyət maraqlarını təmin etməyə çalışan hakim komanda, Azərbaycan dövlətinin milli maraqlarını əslində, Rusiyaya qurban verməklə məşğuldur".