Milli Şura sədri Cəmil Həsənli 2009-cu ildə Azərbaycanla Türkiyə arasında yaranan gərginliklə bağlı Milli Məclisdə etdiyi çıxışının mətnini Facebook səhifəsində yayıb:
Məlum olduğu kimi 2009-cu ilin yazında Azərbaycan – Türkiyə münasibətlərində gərginlik yaranmışdı. Həmin vaxt bir neçə nəfər Milli Məclis üzvü prezident aparatına çağırılaraq Türkiyə hakimiyyətinə və Türkiyəyə qarşı çıxış etmək barədə təlimatlandırılmışdı. Həmin şəxslərdən biri mənimlə görüşərək onlara belə bir tapşırığın verildiyin bildirdi. O dedi ki, bizə söz veriləçək çıxış üçün. Amma heç Türkiyə əleyhinə çıxış etmək istəmədiyin bildirdi. Mən dedim narahat olma çalışaram bu kampaniyanı pozum. Doğrudan da iclas başladı və və ilk danışan deputatlardan biri Türkiyəni ittiham edib dedi ki, “möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə olduğu kimi bu məsələdə də böyük təmkin nümayiş etdirdi və bir daha bəyan etdi ki, Azərbaycan öz milli maraqlarını heç bir başqa marağa dəyişən deyil”. Başqa birisi dedi ki, “Türkiyədə hər hansı iqtidar bu addıma getsə belə, türk xalqının ümumi qəzəbi qarşısında duruş gətirə bilməyəcək və tezliklə iqtidarını itirəcəkdir”. Mənim parlament fəaliyyətimin təftişi istiqamətində bəzi çirkin işlər görüldüyündən Milli Məclisin 2009-cu ilin aprel ayının 14-də keçirilmiş iclasının stenoqramından alınmış çıxışımın mətnini Sizinlə bölüşürəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bu gün biz parlamentimizin iclasında çox mühüm bir məsələyə toxunuruq. Mən son bir ay, ay yarım ərzində Azərbaycan mətbuatında gedən yazılara baxdıqca, sadəcə olaraq, təəssüf hissi keçirirəm. Ona görə təəssüf hissi keçirirəm ki, tariximizin çox yaxın zamanlarında Azərbaycan millətinin taleyi ilə, tarixi ilə bağlı olan məsələlərdə bizim yanımızda olan bir dövlət və bir millət haqqında son dərəcə ağır ittihamlara yol veririk. Bu gün bizim media, xüsusilə göstərişlə işləyən mətbuat orqanları bir şeyi unudurlar ki, Azərbaycan torpağının hər qarışında bu torpağın yadellilərdən azad edilməsi üçün canını belə əsirgəməmiş türk əsgərinin qanı var. Tarixin bu anlarını biz nə tez unutmağa başladıq?
Oqtay müəllim, mən öz fikrimi ifadə edirəm. Hesab edirəm ki, bu gün Azərbaycanda Türkiyə əleyhinə başlanmış kampaniya Azərbaycan dövlətinin və Azərbaycan millətinin maraqlarına uyğun deyil. Bu, antimilli kampaniyadır, bu, süni kampaniyadır, bu, təşkil olunmuş kampaniyadır və bu təşkilatçılıq da bilavasitə Prezident Aparatından gəlir, mətbuata, qeyri-hökumət təşkilatlarına göstəriş də oradan gəlir.
Mənə elə gəlir ki, biz belə səhvlərə yol verməməliyik. Millətimizin taleyində, tarixində böyük rol oynamış, ağır zamanlarımızda bizim yanımızda olmuş, 1918-ci ildən bu günə qədər Azərbaycanın bütün problemlərini öz problemi kimi qəbul edən bir dövlətə münasibətdə belə kampaniyanın aparılması yolverilməzdir. Türkiyənin Prezidenti deyir, sərhəd açılmayacaq, Baş naziri deyir, sərhəd açılmayacaq, xarici işlər naziri deyir, sərhəd açılmayacaq. Biz sanki Türkiyəni bir mənzil-istismar idarəsinə döndərmək istəyirik, hamı durub arayış verməlidir ki, bu olmayacaq.
Mənim bu çıxışımdan sonra parlament sədri dedi:
Sədrlik edən. Cəmil müəllim, doğrudur, Siz öz şəxsi fikrinizi deyirsiniz, amma Azərbaycanda nə Türkiyəyə, nə də türk xalqına qarşı heç bir kampaniya aparılmır. Belə bir məsələ yoxdur. Türk xalqı ilə Azərbaycan xalqı bir xalqdır. Siz niyə burada lazımsız söz-söhbətə meydan açırsınız..?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda belə fikirlər yürütmək lazım deyil. Mən bayaq dedim, Azərbaycan xalqı türk xalqı ilə birdir, bir olub, həmişə də bir olacaq. Burada heç bir kampaniya aparılmır. Xahiş edirəm, mülahizələrinizdə diqqətli olun. Bu həssas məsələdir və burada hər bir çıxışa həm Azərbaycanda, həm də Türkiyədə qulaq asırlar. Bura reklam yeri deyil. Zahid Oruc.
Bundan sonra kampaniya dayandı və sonrakı çıxışçılar başladılar Türkiyəni tərənnüm etməyə.Türkiyəyə münasibət məsələsi həssas məsələ olduğu üçün həmin məqamda Gültəkin xanım öz yerindən telefonla mənə bir təşəkkür SMS göndərdi. Çox təsirli sözlər yazmışdı.
P.S. Ümumiyyətlə bəzi söz-söhbətə son qoymaq üçün parlament çıxışlarımın tam mətninin vidio çəkilişlərini face səhifəmdə yerləşdirməyi planlaşdırıram.