Yarışların 8-ci günü idmançılarımızdan cəmi 1 medal

Dünən Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları başa çatıb. Yarışların son günü ağır çəkili taekvondoçular – kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdiriblər.
Ilkin mərhələdən azad olan yığmamızın lideri, 80 kq çəki dərəcəsində yarışan Radik Isayev 1/4 finalda Ceron Vanruicu (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. Isayev ikinci görüşündə sloveniyalı Ivan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.
Isayev qızıl medal uğrunda rusiyalı Vladislav Larinlə qüvvəsini sınayıb. Görüş təmsilçimizin üstünlüyü şəraitində keçib və taekvonduçumuz çıxışını qələbə ilə yekunlaşdırıb. Larini 4:3 hesabı ilə məğlub edən Radik titulları sırasına Avropa Oyunlarının qalibi adını da əlavə edib.
Bu yığmamızın 13-cü “qızıl”ı, ümumilikdə isə komandamızın 30-cu mükafatı olub.
Yarışların 8-ci günü ümumi medal sayına görə Rusiya yığması lider olub. Bu ölkə idmançılarının 49 medalından 27-ı qızıl, 12-i gümüş, 10-u da bürüncdü. Azərbaycan idmançıları 30 medalla ikinci yerdə qərarlaşıb (13 qızıl, 5 gümüş, 12 bürünc).
3-cü yerdə isə 14 medalla (7 qızıl, 2 gümüş, 5 bürünc) Macarıstan idmançılarıdır.

azadlıq.info