Xoşqədəmlə Zaura möhtac millətin “maraqları”

xaqaniquzeyli@gmail.com

Bu gün heç kimə sirr deyil ki, milyonlarla soydaşımız ölkədəki ağır şərtlərə dözməyərək məcburi surətdə Azərbaycandan kənarda yaşayır. Bir neçə il əvvəl, təkcə Rusiyanın Moskva vilayətində qanuni və qeyri-qanuni məskunlaşan iki milyondan artıq azərbaycanlı qeydə alınmışdı. Rəsmi statistikaya inansaq, bu gün təkcə Rusiya ərazisində 3 milyondan çox azərbaycanlı yaşayır. Daha çoxunu iddia edən qeyri-rəsmi statistikanı bir kənara qoyaq, elə rəsmi statistikaya inanaq. Bura digər postsovet ölkələr olan Ukrayna və Qazaxıstanı, eləcə də Türkiyə və Avropanı əlavə etsək, razılaşın ki, dəhşətli mənzərə ilə qarşı-qarşıya qalırıq. Bu, təkcə demoqrafik fəlakət deyil, həm də bir xalqın faciəsidir.
Necə olur ki, vətəndaşlar Qafqazın və regionun ən qüdrətli və varlı dövlətindən didərgin düşürlər…
Sizi bilmirəm mən əvvəllər “regonun ən qüdrətli və zəngin ölkəsi” ifadəsini eşidən kimi, xəyalən özümü əlimə bir yad cism almış kimi hiss edirdim. Və başlayırdım bu “yad əşya”nın təyinatını çözməyə, o tərəf, bu tərəfə çevirib, onu öyrənməyə…
Məsələn, mən düşünürdüm ki, əgər doğrudan da biz regionun ən zəngin, qüdrətli ölkə olsaydıq, ölkədən bu qədər insan qaçmaz və qaçmağa davam etməzdi, gedənlərin də bir heç olmasa bir qismi geri dönərdi. Misal üçün, regiona o qədər də iddiası olmayan, bizim kimi neft-qazla zəngin olan  Türkmənistandan heç kim köçmür, əksinə, gedənləri geri dönür. Bildiyimə görə, orada əhali üçün pulsuz benzin kvotası var, kommunal xərclər pulsuzdur, bank faizləri bizdən təxminən on dəfə aşağıdır və s.
Sizi bilmirəm, amma çox çətin olsa da(!) mən bu məsələni çoxdan çözmüşəm. Bizə regionun ən qüdrətli, zəngin ölkəsi deyən iqtidar rəsmiləri və bu ölkənin sərvətindən bəhrələnən kəslərdir. Əslində zəngin və qüdrətli olan dovlət deyil, hakimiyyətdəki iri məmurlardır. Bu cür “alabala” ifadələr xalqla məzələnmək üçündür.
Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov bu günlərdə yeni bir “twitt” partlatdı. Yazdı ki, “kiçik müsəlman ölkəsisən və zənginsənsə, milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur”.
Xalqdan fərqli olaraq, Novruz Məmmədov doğrudan da zəngin adamdır. Onun var-dövləti haqda söhbət açıb sizi yormaq istəmirəm, yalnız onu deyə bilərəm ki, təkcə Bakıdakı bir dəbdəbəli və elit restoranı bir neçə milyon dollar dəyərindədir.
Başqa bir misala keçməzdən əvvəl, kiçik bir haşiyə çıxaraq ərz etmək istəyirəm ki, rəsmilərin “vətənpərvər” çıxışlarını seçmək üçün o qədər də çox çaba sərf etmədim. Belə çıxışları axtarmaq da lazım deyil, onlar yetimin başındakı bit-sirkə kimidir, necə deyərlər, “əlini at, götür”. Burada haşiyə içində kiçik bir haşiyə çıxaraq, bəyan edirəm ki, bitli-sirkəli yetim ifadəsini yazarkən azərbaycanlı yetimləri nəzərdə tutmuram. Üstümə gəlməyin, bu, bəşəri bir obrazdır, o, suriyalı da ola bilər, iraqlı da…
Ikinci sitatı Milli Məclisin komissiya sədri Əli Hüseynovdan gətirmək istəyirəm, buyurun: “Yuxarıda adı çəkilən və Avropa ölkələrindən siyasi sığınacaq istəyən riyakar və xəyanətkarlara isə müqəddəs Azərbaycan torpağında doğrudan da yer yoxdur”.
Gördüyünüz kimi, deputat, Avropaya sığınan qalmaqallı səfir Arif Məmmədov və RATI sədri Emin Hüseynov daxil olmaqla, bütün Avropaya sığınanları xəyanətkar elan edir. Heç kimə sirr deyil ki, bu gün yüzlərlə iri məmur balası da Avropada atalarının dövlətdən oğurladıqlarını səxavətlə xərcləyir. Deputatın hədəfi isə, göründüyü kimi, onlar yox, çarəsizlikdən xaricə üz tutanlardır. Onları nə Qərb, nə də müxalifət didərgin salıb…
Istər Novruz Məmmədov, istərsə də Əli Hüseynli gözəl bilir ki, Azərbaycan ətrafında gedən söhbətlərdə hədəf nə dövlətdir, nə də onun milli maraqları. Hədəf milyonlarla soydaşını ölkəni tərk etməyə məcbur edən, yüzə yaxın siyasi məhbusu günahsız yerə həbs edən hakimiyyət və onun xalqdan oğurladıqları milyardlardır.
Fikir vermisinizsə, xalq da Qərb kimi bu hakimiyyətdən əlini üzüb. Problemlərini hüquq mühafizə və dövlətin digər strukturları ilə yox, Xoşqədəmlə, Zaurla, Elgizlə çözməyə çalışır. Və ümumi mənzərə bundan ibarətdir ki, hələlik alınır.
Qərblə problemi olan iqtidara məsləhətim budur ki, çəkinməyin, siz də müraciət edin…