
Nikolay Bordyuja: «Azərbaycana satdığımız silahdan Ermənistana da veririk»
Hikmət Hacızadə: «Rusiyanın bu addımı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır»
“Rusiya Azərbaycana silah satışında paritet prinsipinə əməl edir”. Bunu KTMT sədri Nikolay Bordyuja Rusiyanın Azərbaycana silah satmasından danışarkən bildirib.
“Azərbaycana satılan silahın hamısından Ermənistana da kifayət qədər verilir. Azərbaycan müstəqil dövlətdir. Rusiyanın Azərbaycana silah satmasında qeyri-adi heç nə yoxdur”, – deyə Bordyuja bildirib.
ATƏT-in Minsk qrupunun həmsədri olan ölkənin belə bir addım atması, əlbəttə, birmənalı dəyərləndirilməməlidir. Hakimiyyət təmsilçiləri bir qayda olaraq Rusiyadan aldıqları müasir silahlarla öyünürlər. Amma məlum olur ki, Azərbaycanın aldığı müasir silahlar Ermənistana da ötürülürmüş. Yəni Azərbaycan bu silahları neft pulları hesabına alırsa, Ermənistan heç bir ödəniş etmədən Rusiyanın müttəfiqi kimi bu silahları pulsuz əldə edir.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Rusiyanın bu addımı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Çünki Rusiyanın münaqişə tərəflərinə hücum silahları satması, ədalətsiz tərəfi silahlandırması beynəlxalq normalara görə yolverilməzdir: “Bordyujanın açıqlaması vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərir. Adətən beynəlxalq hüquqda ədalətsiz tərəfə silah satmırlar. Eyni zamanda münaqişəni qızışdıra biləcək silahlar da satılmır. Rusiya qanımızın üzərində pul qazanır. Amma silah satışını həyata keçirsələr də deyirlər ki, bu silahları istifadə etməyə başlasaz, Kremlin sərt təpkisi ilə üzləşəcəksiz”.
Xəyal



