“Elit” və “kəndçi” azərbaycanlılar Moskvada uyuşa bilmirlər
Yazının əvvəli bu hissənin sonunda
Qamət Faiqzadə, azerbaycansaati.tv
…Rusiyada, bilavasitə Moskvada yaşayan azərbaycanlılara gəldikdə isə onların sayı həmin vaxtlar 1,5 – 2 milyon nəfərlə ölçülürdü. Onların demək olar ki, böyük əksəriyyətini ticarət və restoran biznesində olanlar yəni əmək miqrantları təşkil edirdilər. Sözsüz uzun illər milli və dini diskriminasiyaya məruz qalan bu kontingent təşkilatlanma prosesində iştirak etmirdi. Və hətta bu təşkilatların heç birinə inamları yox idi. Çünki əsasən rus təhsili almış “intelligensiya” rusca yaxşı bilməyən, “dünən kənddən gələn” “bazar kontingentini” özləri ilə identifikasiya etmirdi. Bəzi hallarda isə yerli əhalildən daha artıq diskriminasiyaya məruz qoyurdu. Moskvada doğulmuş və böyümüş azərbaycanlılar nəinki bazar kontingentinə həm də azərbaycandan yeni gəlmiş azərbaycanlı tələbələrə pis gözlə baxırdılar. Əlbəttə bu sözləri hamıya aid etmək düzgün olmazdı, amma ümumi fikir belə idi. Bu baxımdan birinci iki cəmiyyətlə azərbaycanlı kütlə arasında böyük baryerlər var idi. Moskva “Azərbaycan” cəmiyyəti isə bunlara nisbətən əmək miqrantlarına daha yaxın idi.
(Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy ilə)
Amma “kəndlilər” də sürətlə milyonerlərə çevrilirdilər
Miqrantların arasında isə son 10-12 ildə Moskvada peşəkar ticarət, restoran və ya digər xidmət sahələrində ixtisaslaşanların sayı getdikcə artırdı. Artıq Azərbaycanlıların bir qismi rüşvətlə ciblərində 2 və daha artıq ölkənin pasportlarını daşıyır, Moskvada mənzillər alır, bahalı avtomobilləri idarə edir, övladlarını xarici ölkələrə göndərirdilər. Azərbaycanda yaşayan valideynlər övladlarından sabit aylıq pul göndərişləri alırdılar. O zamanlar qeyri-rəsmi hesablamalara görə il ərzində yalnız bank köçürmələrinin miqdarı illik bir neçə milyard dolları keçirdi. Bundan əlavə, keyfiyyət baxımından da dəyişikliklər var idi. 10 il əvvəl Moskvaya və ya başqa bir regiona miqrasiya etmiş və fəhləliyə başlamış bir şəxs bugün artıq illik dövriyyəsi milyon dollarlarla ölçülən şirkətlərin sahibləri idilər. Ticarət biznesinin ayrı-ayrı seqmentləri müxtəlif kəndlərdən və rayonlardan olan azərbaycanlıların arasında bölüşdürülmüşdü. Məsələn meyvə-tərəvəz sahəsində Şəmkir rayonundan olanlar, göyərti sahəsində Kür-Araz ovalığından olanlar, geyim və ayaqqabı sahəsində əsasən Qərbi Azərbaycanlılar, gül sahəsində Bakı kəndlərindən olanlar, restoran sahəsində Qarabağlılar və Quba yəhudiləri ixtisaslaşmışdılar. Bundan əlavə həm də ticarətin təşkili sahəsində də vacib əmək bölgüsü var idi. Belə ki, Azərbaycandan idxal olunan ərzaq mallarının böyük qismini Gəncə və ətraf rayonlardan olanlar, Çin və Türkiyədən geyim mallarının idxalını Dağ yəhudiləri, Gədəbəy, Tovuz və Qərbi Azərbaycanlılar yerinə yetirir, Rusiya daxilində pərakəndə satışı isə Azərbaycanın bütün regionlarından olan ticarətçilər həyata keçirirdilər. Yalnız Moskva şəhərində 12 milyon əhalinin yaşadığını, rus millətinin pul xərcləmə ehtirasının olduğunu nəzərə alsaq görərik ki, hansı miqdarda pul söhbətin mövzusudur. Bununla yanaşı Rusiya hökumətinin planlı və qeyriplanlı şəkildə illərlə keçirilmiş repressiyalarına, basqınlarına, yüzlərlə, minlərlə insanlara qarşı terrorun həyata keçirməyinə baxmayaraq adını yuxarıda qeyd etdiyim təşkilatlardan kənarda qalmış azərbaycanlılar öz aralarına daha mükəmməl “təşkilatlanmış”, düçar olduqları bütün çətinliklərdən uğurla qurtula bilmişdilər. Onlar hətta Azərbaycanda yaşayan qohumlarının maddi müstəqilliklərini də təmin etmişdilər. Məsələn yaxşı tanıdığım bir şirkətdə 1 kəndin əhalisi növbəli şəkildə işləyirdilər. Kəndin əmək qabiliyyətli əhalisindən 50 nəfər ilin birinci yarısında, digər 50 nəfəri isə ikinci yarısında işləyirdilər. Onlara Moskvada yalnız cib xərcliyi verilir, əmək növbəsinin bitdiyində isə 6 aylıq maaşı və yol pulu ilə bərabər kəndə yola salınırdılar. Əgər çalışan gənc olarsa, onun bədxərcliyinin qarşısının alınması məqsədilə pul onun valideynlərinə və ya ailəsinə birbaşa Azərbaycanda verilirdi. Şirkətdə işləyən hər kəsə növbəlilik əsasında kənddə torpaq alınır və ev tikilirdi. Və sair bu kimi proseslər daxildən, heç bir dövlətin köməyi olmadan həyata keçirilirdi. Bundan daha vacib olacaq bir faktor isə biznesin regionçuluq prinsipinə görə seqmentləşməyinə baxmayaraq ümumi məsələlərdə regionçuluq və tayfabazlıq prinsiplərinin daha az əhəmiyyət kəsb etməyi idi. Azərbaycanın daxilində olan regionçuluq və tayfabazlıq prinsipləri demək olar ki, Rusiya azərbaycanlıları arasında yox idi. Hətta azərbaycanlılar, ermənilər və gürcülərin birləşdiyi iri ticarət strukturları var idi.
Rəsmi əmlakı olmayan milyonerlər ruslara nəyə görə lazımdır?
Həmin illərdə Rusiya hökuməti tərəfindən azərbaycanlıların çalışdığı heç bir ticarət və ya istehsalat strukturu qeydə alınmırdı. Bunlar hər-hansı bir rusun və ya rus vətəndaşının adına qeydiyyata alınır, azərbaycanlılar tərəfindən qeyri-leqal şəkildə idarə olunurdu. Əsas məqsəd statistik göstəricilərdə bu rəqəmlərin görünməməsi idi. Bu isə həm də istənilən anda biznes strukturlarının azərbaycanlıların əlindən alınmasına şərait yaradırdı. Məsələn, Moskva şəhərində, yaddaşımda olduğu qədər, rəsmi statistikada 7 böyük avtosalon var idi. Amma real olaraq avtosalonların sayı 40 və ya 50 idi. Səbəb isə sadə idi, 7 avtosalon rusların, qalanları isə Gürcüstan azərbaycanlılarının idi. Azərbaycanlılar işləyir, pul qazanır amma əldə etdiklərinin heç birinin sahibi özləri deyildilər.
Yuxarıda sadaladıqlarımı cəmlədikdə Azərbaycan və Rusiya iqtidarlarına sərfəli olmayan mənzərə ortaya çıxırdı:
Azərbaycanda olan qohumlarının iqtisadi müstəqilliyini təmin edirlər ki, bu da Azərbaycan iqtidarı üçün çox təhlükəli tendensiya idi.
Ümumrusiya miqyasında götürsək azərbaycanlı miqrantların əllərində iri maliyyə kütləsi formalaşmışdı, amma həmin azərbaycanlılar siyasi cəhətdən boşluqda idilər və istənilən siyasi qüvvə bundan istifadə edə bilərdi.
Ölkəyə pul köçürmələrinin miqdarı yüksəkdi və ölkədəki iş qabiliyyətli gənclərin böyük bir qismi onların himayəsində idi.
Rastlaşdıqları bütün bürokratik əngəllərin əsas səbəbinin təhsilsizlik olduğunu anlayan azərbaycanl miqrantlar övladlarını nəyin bahasına olursa olsun yaxşı oxudurdular.
Heydər Əliyevin və Vladimir Putinin miqrantlara baxışı
O zamanlar iqtidarda olan Heydər Əliyev və Rusiyada yenicə iqtidara gəlmiş Vladimir Putin bunları görməyə bilməzdilər. Bu resursların əllərindən çıxmasına razı olmadıqlarından həmin insanları yenidən nəzarət altına qaytarmaq üçün yeni bir Azərbyacan təşkilatı qurmağı qərara aldılar. Bu yeni təşkilat isə Ümumrusiya Azərbaycanlıları Konqresi oldu. Əgər ÜAK-ın məqsəd və məramlarını diqqətlə oxusaq görərik ki, bu təşkilat öz kontingenti olaraq bütün Rusiya azərbaycanlılarını görür və onların maraqlarının müdafiəsini nəzərdə tutduğunu bildirir. ÜAK-ın strukturuna dünya və Rusiya səviyyəli azərbaycanlılarla yanaşı, elm və mədəniyyət xadimləri və regional səviyyəli iş adamları da daxil edildi. Həmin zamanlar Putin yenicə hakimiyyətə gəlmişdi və artıq ölkədə olan oliqrxlara qarşı müharibəyə start vermişdi. Bu baxımdan iri iş adamları ÜAK-da bir müdafiə istehkamını görüb məmnuniyyətlə bu təşkilata qoşuldular. Həm də bu təşkilatın yaranmasında Putinin də xeyir- duası vardı. Yeniliksə orta və kiçik sahibkarların bu təşkilata qoşulması idi. Onların böyük bir qismi son 20-30 ildə Rusiyaya gəlmişlər idi. Və təşkilat əsas hədəf olaraq bu insanları seçdi. Onlarla ortaq dil tapmaq üçünsə keçmiş təşkilat kadrlarını-komsomol kadrlarını dövrəyə buraxdı. Çünki, onların böyük qismi vaxtilə komsomol təşkilatının aktivləri sırasında olmuş, təşkilatın xəttilə Rusiyada yerləşmişdilər. Bu baxımdan milli mentaliteti nəzərə alaraq onların səmimiyyətini ələ almaq üçün keçmiş komsomol katibi olan Zeynal Nağdəliyev ÜAK-ın İcraçı direktoru təyin edildi. Bu orta və kiçik sahibkarların digər tərəfdən də xüsusi rolu var idi. Onlar əmək miqrantlarına havadarlıq edir, onların problemlərini həll edir və ən başlıcası, müxtəlif ölkələrə o cümlədən Azərbaycana da pul köçürmələri üzərində nəzarəti həyata keçiridilər. Bu cür ciddi bir fakti heç bir ölkənin iqtidarı diqqətdən kənarda saxlaya bilməzdi. Doğrudur, dövriyyədə olan məbləğ Azərbaycan üçün böyük, Rusiya üçün kiçik olsa da, Rusiya iqtidarı da öz tərəfindən, yəhudilərdən sonra ikinci güclü diasporun – Azərbaycan diasporunun formalaşmasını istəmir, bu prosesi nəzarətdə saxlamaq istəyirdi.
Əlbəttə ki, mən bunları bugünkü kimi təhllil edə bilməzdim. Amma primitiv səviyyədə olsa da problemlərin bir qismini anlayırdım. Mənə elə gəlirdi ki, Azərbaycan hakimiyyəti axırı ki, problemləri görüb və həll etmək istəyir. Görməyinə görmüşdü, amma necə həll edəcəyini mən bir neçə ildən sonra gördüm…
***
Mərakeşlə paralel
Bir müddət əvvəl getdiyim dil kursunda işlə təmin olunma və peşə ixtisas seçimi haqqında müzakirə oldu. Şimali Afrika ölkəsi olan Mərakeşdən olan tələbələr ölkələrində olan işsizlik problemindən danışarkən bizim ölkəmizlə paralellər aydın görsənirdi. Orada da əmək bazarının idarə edilməsi üçün qərbdə olduğu kimi qanun və mexanizmlər olmadığından, iİşə düzəlmək istəyən şəxs öz bilik və bacarığına deyil, qohumluq və tanışlıq əlaqələrinə əsasən iş axtarmalı olur. Bunun səbəbindən də minlərlə yüksək ixtisaslı kadrlar ölkələrini tərk edir və dünyanın müxtəlif ölkələrində müxtəlif yollarla qalmağa çalışırlar. Amma buna baxmayaraq gənclərin böyük bir qismi dövlət idarəetməsində işləmək istəyirlər. Qədim sənətlər, əl əməyi və bu kimi peşələrlə məşğul olmaq istəyənlərin sayı isə kəskin surətdə azalır. Mən onlara əks arqument olaraq dedim ki, ola bilərmi ki, ölkənizdə işsizlik probleminin olmasının bir səbəbi də elə ənənəvi məşğuliyyət formalarına yiyələnənlərinin sayının azalmasıdır. Cavabın necə almasından asılı olmayaraq ani olaraq öz həyatımda etdiyim müxtəlif seçimlər yadıma düşdü. Və bu fikrimi inkişaf etdirərək dedim ki, məsələn mən əgər vaxtilə atamın sənətini davam etdirmək fikrindən daşınmasaydım (onu deyim ki, mənim uşaqlıq vaxtlarımdan atam ticarətlə məşğul olub) bəlkə həyatda bu qədər çətin anlar yaşamazdım…
Məktəb inşası kimi….
Məktəb proqramında bəlkə hamının rastlaşdığı inşa mövzusu var “Mən hansı peşəyə yiyələnmək istəyirəm”. 5-ci sinifdə olarkən biz yazmışdıq bu inşanı. Anamın köməyi ilə mən “prokuror” olmaq istəyirəm yazmışdım. Cəmiyyətimizdə hökm sürən ədalətsizliklə mübarizə aparmaq və S. Rəhimovun qəhrəmanı olan Mehman kimi qanunu pozanların kimliyndən asılı olmayaraq onlara qarşı amansız olmaq istəyirdim. Yuxarı siniflərdə prokuror olmaq fikrindən daşınmasam da riyaziyyata olan həvəsim və içində böyüdüyüm ticarət mühiti məndə iqtisadiyyata ciddi həvəs oyatmışdı. Əlbəttə ki, 90-cı illərin ortalarında ölkəmizdə müəllim də həkim də ticarətlə məşğul olurdu. O zamanlar bazarlarda belə bir deyim var idi: “mən öz malım üçün satıcı, qonşumun malı üçün isə alıcıyam”. Beləliklə bütün bazar biri birindən alır və biri birinə satırdı. Mən iqtisadiyyat elminin əsaslarını bilməsəm də formalaşmış quruluşun kökündən səhv olduğunu başa düşürdüm. Buna hər nə ad qoysalar da, intuitiv olaraq anlayırdım ki, həmin quruluş ölkədə iqtisadi siyasətin olmaması və dövlətin funksiyalarının iflic olmasının səbəbi nəticəsində yaranmışdır.
Nağıllar bitmişdi, xəbərimiz yox idi…
1999-cu ildə Qarabağ müharibəsinin iştirakçısı, peşəkar hərbçi olan bir yaxın qohumum həbs olundu. İttihamlar tam gülünc olsa da onu 15 il müddətində azadlıqdan məhrum etdilər. Məsələdən xəbəri olanlar deyirdilər ki, o kiməsə mane olur və çox məsələlərdən agahdır. Ona görə də həbs edirlər ki, zəmanətli olsun. Baş verən ədalətsizlik bizim bütün ailəmizi sarsıtmışdı. Bu hadisənin təsirindən yenidən prokuror olmaq fikri aktuallaşdı. Ailə üzvlərimiz sanki, ədaləti bərqərar etmək missiyasını məndə görürdülər. Həmin il mən “ilin ən yaxşı məktəblisi” müsabiqəsində qalib gəlmiş və Türkiyə Respublikasında rəsmi bayramda ölkəmizin gənclərini təmsil etmək imkanını əldə etmişdim. Türkiyə cəmiyyəti ilə aramızda olan fərqlər mənə ciddi təsir göstərdi. Bizim ölkəmizdə də həmin rifahın və ədalətin olmasını istədim. Və heç bir hazırlıqsız həmin il ali məktəb imtahanlarında Hüquqşünaslıq ixtisasına sənədlərimi verdim. Amma təəssüflər olsun ki, imtahandan kiçik bal çatışmazlılğı ilə kəsildim. Növbəti il isə BDU-nin Sosial Elmlər və Psixologiya fakültəsinin Fəlsəfə ixtisasına qəbul olundum.
Təhsil üçün… şimala doğru
BDU və onun tələbələri hər zaman cəmiyyətimizin aparıcı hissəsi olmuşdur. Universitetə ayaq basdığım ilk gündən tələbələrdə olan qürur və təmkini eyni zamanda da azadlıq ruhunu gördüm. Universitet tələbələri sanki, günün bütün 24 saatının bir saatını belə boş keçirmək istəmirdilər. Ağır tədris planını yerinə yetirməklə yanaşı müxtəlif məzmunlu tələbə təşkilatları yaradır və cəmiyyətin hər hansı bir problemini həll etməyə çalışırdılar. O zamanlar səhv etmirəmsə Universitetdə 13000 tələbə təhsil alırdı. Demək olar ki, bu 13 minin əksəriyyəti dərsdən əlavə nə iləsə məşğul idilər. Mən də ilk gündən müxtəlif tələbə təşkilatlarına qoşuldum və 1 il ərzində düşündüyümdən də artıq təcrübə topladım. İkinci kursa başlayanda isə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti ilə BDU arasında tələbə mübadiləsi proqramının olduğunu öyrəndim. Həmin andan özümü yayın üzərində oturmuş kimi hiss etdim. Proqramın şərtlərinə əsasən müsabiqədən keçdim və 2001-ci ilin oktyabr ayının 18-də MDU-ya yola düşdüm.
Bizimkilər orada
Universitetə gəldiyim ilk gündən eşitdim ki, oktyabrın 4-də Moskvada Prezident oteldə Ümumrusiya Azərbaycanlıları Konqresinin möhtəşəm 1-ci Qurultayı keçirilmişdir. Həmin Qurultayda Rusiyada yaşayan və müxtəlif sahələrdə uğur qazanmış azərbaycanlılarla yanaşı Moskvada təhsil alan azərbaycanlı tələbələr də iştirak etmişdilər. Ümumrusiya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının yaradılmasının isə həmin tələbə-gənclərin üzərinə qoymuşdular. Bu diqqətdən dolayı tanış olduğum hər bir gənc həmin vaxt Moskvada gedən ictimai-siyasi proseslərin tam mərkəzində olduqlarına görə misilsiz qürur hissi keçirirdilər.
Ocaq, Söyün Sadıqov, Mütəllibov və başqaları
2000-ci illərin əvvəllərində Moskvada bir neçə Azərbaycanlı təşkilatları var idi. Bunlardan professor Tofiq Məlikovun sədrlik etdiyi Moskva “Ocaq” Cəmiyyəti, Söyün Sadıqovun sədrlik etdiyi “Azərros” Azərbaycanlıların Federal-Milli-Mədəni Muxtariyyatı və Oqtay Hüseynovun sədrlik etdiyi Moskva “Azərbaycan” Cəmiyyəti idi. Bu təşkilatlar bir-biriilə əsasən kontingentləri ilə fərqlənirdilər. Ocaq cəmiyyətinin üzvləri əsasən elm və mədəniyyət xadimlərindən, “Azərros” elm, mədəniyyət xadimləri ilə yanaşı orta və iri biznes sahiblərindən, “Azərbaycan” cəmiyyəti isə kiçik biznes və ticarət işçilərini özündə birləşdirirdi. Bunlardan əlavə Moskvada azərbaycanlıların toplaşdığı “Otradnoe” metro stansiyasının yaxınlığında yerləşən Məscid də var idi. Əgər birinci 3 cəmiyyət Azərbaycan iqtidarına qarşı loyal idisə, məscidin kontingenti keçmiş preziden Ayaz Mütəllibovun tərəfdarlıarı idi. Əslində Mütəllibovun tərəfdarları yalnız məscidlə bitmirdi. Adını sadaladığım cəmiyyətlərin hər birində onun tərəfdarları var idi, amma onlar təşkilatın kursunu müəyyən etmək gücündə deyildilər. Moskva şəhərinin siyasi mahiyyətindən irəli gələrək, orada azərbaycanlıların az təşkilatlanmış Rövşən Cavadovun tərəfdarları, keçmiş Qarabağ döyüşçüləri, AXC iqtidarının süqutundan sonra həbs və təqiblərdən qurtulmaq üçün Moskvaya üz tutmuş AXC-Musavat nomenklaturasının nümayəndələrini də göstərmək olar. Bu qruplar siyasi və ictimai aktivlikləri ilə seçilmirdilər. Onların aktivliyi 2-3 ildən bir hər-hansı bir görüşlərin keçirilməsində görünürdü. Növbəti illərdə epizodik olaraq başqa təşkilatlar da yarandı, amma bu haqda növbəti hissələrdə söhbət açacağam.