Hakimiyyətlə Almaniya arasında savaş pik həddə

İqtidar Angela Merkelə yaxınlığı ilə tanınan Adenaur Fondunun filialının Bakıda qeydiyyatından imtina etdi

Almaniya Bundestaqında Azərbaycanla bağlı müzakirələrdən sonra Ilham Əliyev hakimiyyəti bu ölkəyə qarşı hücuma keçib. Yada salaq ki, Almaniya Bundestaqında Azərbaycanda insah haqlarının vəziyyəti müzakirə olunub. Müzakirələrin sonunda qətnamə qəbul edilib. Qətnamədə deyilir ki, Azərbaycanda insan hüquqları 2013-cü il prezident seçkilərindən sonra kütləvi şəkildə pozulur. Ifadə, mətbuat, din və sərbəst toplanma azadlığı sistematik olaraq pozulur.
Almaniyalı deputatlar Almaniya hökumətini Azərbaycanda siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına təkid etməyə, Bakıdan yerli və xarici jurnalistlər, Internet fəalları üçün mətbuat azadlığına zəmanət verilməsini tələb etməyə çağırıblar.
Bundan sonra Azərbaycan iqtidarının nümayəndələri, hakimiyyətin nəzarətində olan KIV-lər, QHT-lər, deputatlar bütün gücü ilə Almaniyanı “dağıtmaqla” məşğuldurlar.
Almaniya ilə döyüşən Azərbaycan hakimiyyəti bu ölkənin Adenaur Fondunun filialının qeydiyyat məsələsinin üzərindən xətt çəkib. Bu barədə haqqin.az saytı yazıb. Sayt yazır ki, bu ilin yanvar ayında Almaniyaya işgüzar səfərə gedən ölkə başçısı Ilham Əliyevlə kansler Angela Merkelin görüşündə bu məsələ də müzakirə olunub. Ilham Əliyev Merkelə yaxınlığı ilə tanınan Adenaur Fondunun qeydiyyat məsələsinin müsbət həll olunacağını vəd edib. Lakin Angela Merkelin Avropa Oyunlarının açılış mərasiminə qatılmaması, Almaniya Bundestaqında Azərbaycanla bağlı müzakirələr və bu ölkənin KIV-lərinin YAP iqtidarını tənqid atəşinə tutması Ilham Əliyevin qərarını dəyişməsini şərtləndirib və bu günlərdə  Ədliyyə Nazirliyi fondun Bakıda qeydiyyatından imtina edib.