“Belə oyun olmur”

Fuad Qəhrəmanlı Qərbin iqtidara dəyişən münasibətindən yazdı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı facebook səhifəsində Qərbin iqtidara münasibətindəki dəyişikliklə bağlı fikirlərini müzakirəyə çıxarıb. “Azadlıq”ın oxucuları üçün də maraqlı ola biləcəyini nəzərə alıb, onun yazdıqlarını təqdim edirik:

Ölkəmizdə 22 illik avtoritar hakimiyyətin mövcud olduğu müddətdə, hər zaman biz Qərbdən demokratik prosesə dəstək gözləmişik. Müasir dövrdə demokratiya, insan haqları heç bir ölkənin daxili işi olmadığından, hesab etmişik ki, Azərbaycanın müasir, mədəni dünyanın bir parçası olması üçün Qərb dövlətləri və təşkilatları mövcud hakimiyyətdən beynəlxalq qurumlar qarşsında insan haqları sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etməlidir. Bu gözlənti müasir dünyanın qəbul edilmiş qaydalarındandır.

Biz heç zaman müxalifət olaraq Azərbaycan xalqından başqa kimsənin maraqlarını müdafiə etməmişik. Əksinə, ölkəmizdə xalqın iradəsini ifadə edən azad seçkilərin keçrilməsi, məhkəmələrin müstəqil və ədalətli olması və s. məsələlər uğrunda aprdığımız mübarizənin tək və başlıca məqsədi Azərbaycan xalqının rahat və ədalətli yaşayış imkanları əldə etməsi olub. Ona görə də Qərbdən demokratiyaya dəstək gözləntisi, heç də hakimiyyətin idda etdiyi kimi "Qərbin adamı olmaq" anlamına gəlmir.

Bizlər müxalifət olaraq hər zaman Azərbaycan xalqının istək və arzularının təmsilçisi olmuşuq və müxalifətdə olduğumuz illər ərzində də hər zaman hökuməti milli maraqlarımızı qurban verərmək hesabına hakimiyyəti əldə saxlamağa çalışdığına görə tənqid etmişik. Ancaq bizlərin Qərbdən demokratiyaya dəstək gözləntiləri uzun illər ərzində təmin olunmamyıb, əksinə hər dəfə seçkiləri saxtalaşdıran hakimiyyətin əməllərini Qərb "demokratiyaya doğru daha bir addım" sayaraq, bu iqtidarın saxtakarlığına loyal münasibət göstərib. Bu da haqlı olaraq xalqımızda və siyasi qüvvələrdə Qərbə qarşı bir küskünlük, inamsızlıq yardıb.

Ancaq siyasətdə heç nə əbədi olmadığı kimi, Qərbin bu iqtidara loyal münasibəti də daimi olmadı. Burada mövzunu uzatmamaq üçün toxunmağa ehtiyac görmədiyimiz geopolitik səbəblərdən Qərbin İlham Əliyev hakimiyyətinə münasibəti ciddi şəkildə dəyişib. 2013-cü ilin prezident seçkilərində Qərb faktiki olaraq saxta seçki nəticələrini tanımadı və o zamandan da başlayaraq davamlı olaraq Azərbaycan iqtidarından demokratiya, insan haqları sahəsində problemləri həll etməyi, siyasi represiyaları dayandırmağı tələb edir. Məhz Qərbin son 3 ildə iqtisadi,təhlükəsizlik maraqlarına görə demokaratiyanı qurban verməməsinin nəticəsidir ki, bu gün Azərbaycan hakimiyyətinin sərəncamında olan TV və meda qurumlarında Amerikaya, Avropaya qarşı az qala virtual müharibə aparılır.

Çox təəsüf ki,bəzi siyasi dəyişmələri diqqətlə izləməyən, yalnız keçmişin inamsızlığının yaratığı komplekslərlə məsələyə baxlan xeyli sayda soydaşımız bunları "oyun" hesab edərək, Qərbin Azərbaycan iqtidarını siyasi təzyiq altında saxlamsının önəmini hələ də anlamır. Məhz hakimiyyətin zahirən müstəqil görünən təbliğatçıları da ictimai rəyə bu fikri yeridərək, cəmiyyətdə dəyişikliklərə inamın yaranamsının qarşsını almağa çalışırlar.

Keçmişin inamsızlığının yaratdığı kompleksləri bir kənara qoyub, baş verənlərə obyektiv baxmaq gərəkdir. Etiraf etməyimiz gərəkdir ki, bu gün beynəlxalq səviyyədə bu hakimiyyətin ifşası, ona göstərilən təzyiqqlər, xalq olaraq bizim siyasi fəallığımızdan daha yuxarı səviyyədədir. Məhz Qərbin demokratiya və insan haqları məsələsində tutduğu mövqeyə görədir ki, iqtidar nəinki Avropa Oyunlarını öznünün dünyada təbliğat vasitəsinə çevirə bilmədi, əksinə, buna görə dünyada diqqətə gətirilərək, görünməmiş tənqid və ifşa kampaniyası ilə üzləşdi. Hətta bu təzyiq və qarşıdurma o səviyyədədir ki, hakimiyyət rəsmiləri də açıq etiraf edirlər ki, artıq dünyada hamı bunlara qarşıdır. Bunları ona görə xatırladıram ki, belə oyun olmur və iqtidar bu prosesdə mövcudluğunu sarsıdan çox böyük hesabla zərbələr alırsa, bu artıq konkret nəticəsi olan bir münasibətdir.

Baş verənlərin oyun olmadığı ilə razılaşanlardan bəziləri də “iqtidar nəsə güzəştə getsə, yenə də münasibət dəyişəcək” kimi reallığa uyğun olmayan pessimist düşüncəyə sahibdirlər. Məgər iqtidar münasibətlərin belə qarşıdurma səviyyəsində olmasını istəyirdimi? Təbii ki, yox. Azərbaycan hakimiyyəti hətta milli maraqlarımızı qurban vermək hesabına hər cür güzəştə hazır idi ki, əvvəlki balanslı siyasəti saxlamaq mümkün olsun, hamı ilə dost qala bilsin. Ancaq bunların təklif və cəhdləri nəticə vermədi və Qərblə demokratiyanı qurban vermək hesabına bazarlaşmaq siyasəti alınmadı. Yeganə əllərində olan iqtisadi imkan Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq TAP layihəsidir. Ancaq bu Qərbdən çox, Azərbaycana lazımdır və Azərbaycan minnətçi düşüb ki, Qərb bu ixrac layihəsinə dəstək verərək onun qazını alsın. Neft isə artıq tükənmək üzrədir. İran və Əfqanıstanla da bağlı ABŞ-n siyasəti dəyişdiyindən təhlükəsizlik məsələsində də bazarlaşma alınmır. İqtidar Qərbin mövqeyini dəyişəcək heç bir karta sahib olmadığı üçün, son illər Rusiyaya meyillənməklə öz ömrünü uzatmağa çalışır. 

Belə bir şəraitdə Qərbin Azərbaycanda demokratik proseslərə verdiyi dəstək ilk növbədə xalqımızın maraqlarına uyğundur və kifayət qədər ciddi, böyük əhəmiyyətə malikdir. Bunu qətiyyən oyun və ya müvvəqti bir münasibət saymaq doğru deyil.

Bu mövqe ölkəmizdə rejim dəyişikliyinə qədər davam edəcək. Ancaq heç bir halda kimsə xaricdən gəlib Azərbaycan xalqının əvəzindən demokratik dəyişiklik etməyəcək. Sadəcə, dünyanın dəstəyi bizim ölkəmizdə dəyişikliklər prosesini daha da sürətləndirə və qaçılmaz edə bilər. Əgər bizim xalq olaraq siyasi fəallığımız indikindən daha artıq olarsa, dəyişikliklər uğrunda mübarizəyə bacardığımız dəstəyi verməyə çalışarıqsa, o zaman hazırkı beynəlxalq şərtlər çərçivəsində ölkəmizdə demokratik dəyişiklikllərin olması tam realdır.