
Ölkədə insan haqlarının vəziyyətinə görə beynəlxalq medianın Əliyevə qarşı tənqidləri davam edir
«İlham Əliyev o həddə narahatdır ki, yerli telekanallar azərbaycanlını xarici turist kimi təqdim edib Bakını təriflətdirir»
Son vaxtlar beynəlxalq mediada hər gün Azərbaycanla bağlı xeyli məqalələr dərc olunur. Sözsüz ki, Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirən hadisə Bakıda keçirilən birinci Avropa Oyunlarıdır. Dünya mətbuatı Avropa Oyunları ilə yanaşı, turnirin keçirildiyi ölkədə insan haqları və demokratiyanın vəziyyətini də diqqətdən kənarda qoymur. Və belə məlum olur ki, beynəlxalq media Azərbaycandakı repressiyalar, tənqidçi jurnalistlərə qarşı təzyiqlər, korrupsiya və s. barədə kifayət qədər məlumatlıdır. Xarici mətbuatda Azərbaycan haqda yazılanları təqdim edirik:
“Tagesschau”: “Ilham Əliyevin diktatura siyasəti…”
Birinci Avropa Oyunlarının keçirildiyi Azərbaycanda parıltılı fonun arxasındakı gerçək vəziyyət istənilən tənqidçi səsi narahat etməlidir. Bu keçmiş sovet ölkəsindəki insanlar bunun bədəlini çox ağır ödəyir.
Üç il əvvəl də Azərbaycanın paytaxtı Bakı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi. Həmin vaxt orada “Eurovision” musiqi yarışması keçirilirdi. Indi isə Avropa Oyunları başlayıb. Bu turnirdə Avropanın 50 ölkəsindən təxminən 6000 idmançı, o cümlədən 280 nəfər alman iştirak edir.
Ölkəni diktatura rejimilə idarə edən Ilham Əliyev o zaman da rəhbərlik etdiyi dövlət barədə “demokratik Avropa ölkəsi” imicini yarada bilməmişdi.
O zaman “suveren dövlətin prezidentinin nüfuzuna zərbə vurmaq istəyən” bəzi “pozucu qüvvələr” oldu ki, onların da bir qismi ya həbsxanadadır, ya da ölkədən qaçmaq məcburiyyətində qalıb. Onların arasında 59 yaşlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus da var. Onlar yarışma ərəfəsində Bakı sakinlərinin zorla evlərindən köçürülərək, əmlaklarının dağıdılması, mülkiyyət hüquqlarının pozulması halları barədə ictimaiyyəti məlumatlandırırdı. Leyla və Arif Yunusların səhhətində ciddi problemlər var.
Hazırda həbsdə olanlardan biri də Xədicə Ismayılovadır ki, o, araşdırmaçı jurnalist kimi, prezident ailəsinin biznes fəaliyyətilə bağlı məqalələr yazırdı.
30 yaşlı hüquq müdafiəçisi Rəsul Cəfərov da həbsxanada olanlar arasındadır. O, “Eurovision” ərəfəsində Azərbaycanda söz və ifadə azadlığının pozulmasına diqqət çəkmək məqsədilə “Demokratiya naminə oxu!” kampaniyasını həyata keçirmişdi.
Norveç Helsinki Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 80 nəfərdən artıq siyasi məhbus var.
Hazırda Norveçdə yaşayan azərbaycanlı jurnalist Idrak Abbasov deyir ki, Azərbaycanda QHT-lərin fəaliyyəti sərt şəkildə məhdudlaşdırılıb. Bu məqsədlə qanunvericiliyə xeyli mürtəce dəyişikliklər edilib. Təşkilatların xarici fonlardan maliyyələşməsinə qadağa qoyulub. Bütün müstəqil QHT-lərin bank hesabları dondurulub.
Qadın təşkilatına rəhbərlik edən və hüquq müdafiəçisi kimi fəaliyyətini davam etdirən Şəhla Ismayıl da deyir ki, Azərbaycan rəhbərliyi Rusiya qanunvericiliyini köçürərək tətbiq edir. Bununla belə, o, hesab edir ki, bir sıra sahələrdə vəziyyət Rusiya ilə müqayisədə Azərbaycanda daha pisdir. Şəhla Ismayıl deyir ki, Azərbaycanda durum hətta Belarusdan da pisdir.
Indiyədək Qərbi Avropa və Amerika Azərbaycanda insan haqlarının vəziyyətini çox tənqid etmirdi. Çoxları bu ölkədə insan haqlarına münasibətdə özlərini karlığa və korluğa qoymuşdu. Çünki Azərbaycan Avropanın neft-qazla təminatında özünəməxsus rol oynayır. Avropa da Rusiyaya alternativ neft-qaz ixracatçısı axtarır. Bu da Azərbaycan rəhbərliyində müştəbehlik yaradırdı.
Keçən ilin dekabrında Azərbaycan hökumətinin ABŞ-la münasibətləri kəskin şəkildə pisləşdi. Bugünlərdə hökumət ATƏT-in Azərbaycandakı nümayəndəliyini bağlamaq qərarı verdi.
“Belaruslular bizdən daha yaxşı vəziyyətdədilər. Çünki onların nefti yoxdur”, – deyə Şəhla Ismayıl bildirib.
Azərbaycandakı Avropam meylli gənclər özlərini tənha hiss edirlər və məyusdular.
Ilham Əliyev onun diktatura siyasətilə bağlı tənqidlərə həmişə “ikili standartlar” arqumentilə cavab verməyə çalışır.
Azərbaycan xalqı qonaqpərvərdir. Hələ Avropa Oyunlarının başlanmasına bir həftə qalmışdan əhalinin şəhərin mərkəzinə gediş-gəlişi, toy və digər mərasimlərin keçirilməsi qadağan olunub.
Avropa Oyunlarında iştirak edən idmançıların Bakıdakı yaşayışı və səfər xərclərini də Azərbaycan hökuməti ödəyib. Turnirə görə bir sıra obyektlər və parlaq binaların tikintisinə son illərdə milyardlarla vəsait xərclənib. Və məlum olur ki, onlar ucuz materialdan hazırlanıb, təhlükəsizlik qaydalarına əməl olunmayıb.
Üç həftə əvvəl Bakıda bina yanğını nəticəsində 15 nəfər dünyasını dəyişib. Yanğına səbəb binanın fasadının tezalışan material vasitəsilə üzlənməsi olub.
“Bizim ölkəmizə demokratiya ancaq neft qurtarandan sonra gələcək”, – deyə Şəhla Ismayıl əlavə edir.
Bir çoxları Azərbaycanın enerji resurslarının tükənəcəyi günü səbrsizliklə gözləyir.
“Yahoo”: “Bakıda repressiya oyunları…”
Azərbaycan birinci Avropa Oyunlarına “ ev sahibliyi” edəndə idmanla siyasət bir-birinə qarışır. Beynəlxalq hüquq-müdafiə təşkilatları bu turniri “Repressiya oyunları” adlandırır.
“Bəlkə də bu oyunlar özümüzü ifadə etmək baxımından bir imkandır. Amma biz heç nə eləyə bilmirik, hər yer polisdir”, – deyə Azərbaycanın gənc hüquq müdafiəçisi Bəhruz Səmədov bildirir.
Azərbaycan hakimiyyəti ölkənin neft-qaz gəlirlərinin əhəmiyyətli bir hissəsini Avropa Oyunlarına sərf edib. Bu turnirə bütün Avropadan 6000 idmançı gətirilib. “Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatı turniri “Repressiya oyunları” adlandırıb.
20 yaşlı Səmədov Bakı küçələrində dayanmadan gəzir, amma kənardan polis tərəfindən izlənilir.
Müasir texnologiya Səmədov, həmçinin o da daxil olmaqla, 300-ə qədər müxalifyönlü üzvü olan NIDA təşkilatı üçün ən güclü silahdır.
Onun məqsədi 2003-cü ildə hakimiyyəti atası Hnydər Əliyevdən miras almış və indiyədək hər dəfə saxtakarlıq şübhələri olmaqla üç dəfə prezident olmuş Ilham Əliyev hökuməti tərəfindən insan haqlarının pozulması, polis zorakılığı, qanunsuz həbslər və s. hallara qarşı mübarizə aparmaqdır.
“Biz demokratiya, ifadə azadlığı istəyirik. Normal həyat istəyirik”, – deyə Səmədov qeyd edib.
NIDA-nın digər üzvü Şirin bloggerdir. O, polislər tərəfindən vətəndaşlara qarşı zorakılıq hallarını çəkərək internetə yerləşdirir.
“Polis sifariş alanda kimə desən hücum edə bilər. Lazım olsa, zorakılığa da əl ata bilərlər, – deyə o bildirib.
NIDA-nın səkkiz üzvünün barəsində 2014-cü ilin mayında çıxarılan hökmə əsasən, onlar 6 ildən 8 ilədək azadlıqdan məhrum edilib.
“Sən hökumətə etiraz edirsənsə, bu ölkədə iş tapa bilməzsən. Əgər aktiv şəkildə bu etirazları davam etdirsən, populyarlaşsan, sonu həbsxanaya gedib çıxacaq”, – deyə Səmədov əlavə edib.
Buna parlaq nümunələrdən biri peşəkar idmançı Elşən Həsənovdur. O, 2011-ci ildə etiraz aksiyasında iştirakına görə həbs olunmuşdu. Həsənov deyir ki, siyasi fəaliyyətinə görə son on ildə heç yerdə iş tapa bilmir. Üstəlik, onun ölkədən çıxışına da qadağa qoyulub.
“Azərbaycanda azadlıq yoxdur. Bu gün hamı, hətta fəallara kömək eləyənlər də həbsdədir. Mən Avropa Oyunlarına baxmayacağam. Çünki yerli telekanallara baxmaqdan imtina eləmişəm” deyən Həsənov onu da əlavə edib ki, hazırda Azərbaycanda 82 nəfər siyasi məhbus var.
“Liberation”: “Avropa liderləri Bakıda açılış mərasimində iştirak etmədilər”
Indiyədək tarixdə bir çox liderlər meqalomaniya ehtirası ilə aşıb-daşaraq, böyük idman yarışları vasitəsilə tarixə düşməyə çalışıblar. Ötən il çar Vladimir Putin Soçidə Qış Olimpiya Oyunlarını keçirtdi. Qətərin əmiri isə 2022-ci ildə futbol üzrə dünya çempionatını keçirməyə hazırlaşır. Kiçik ölkənin rəhbəri olan Ilham Əliyev də belə bir üsula əl atıb. Hazırda Bakıda birinci Avropa Oyunları keçirilir. Əslində bu, yenicə icad olunmuş yarış böyük idman turniri kimi təqdim olunur. Azərbaycan coğrafi baxımdan Asiya, geosiyasi baxımdan isə Avropadır. Ölkə Avropa Şurasının üzvüdür.
Ölkəyə rəhbərlik edən Ilham Əliyev hakimiyyəti 2003-cü ildə keçmiş KQB generalı, Kommunist Partiyasının rəhbəri olan atası Heydər Əliyevdən miras alıb. Heydər Əliyev Qorbaçovun 80-ci illərin ikinci yarısında “perestroyka” adı altında həyata keçirdiyi yenidənqurma siyasətinə qarşı çıxanlardan biri olub. Ilham Əliyev də demokratiyanın əleyhdarı kimi tanınır. Azərbaycan Olimpiya Oyunlarına “ev sahibliyi” etməyə iki dəfə cəhd göstərsə də, səyləri uğursuz olub.
Azərbaycan Avropa Oyunlarına qatılan idmançıların səfər, qalmaq xərclərini öz üzərinə götürdüyünü bəyan edəndən sonra turnirin Bakıda keçirilməsinə razılıq verilib.
Bir neçə gün bundan əvvəl bəlli oldu ki, ikinci Avropa Oyunlarını keçirmək fikrinə düşmüş Niderland yarışa böyük pullar xərcləmək istəmədiyindən “ev sahibliyindən” imtina edib.
Son bir ildə Azərbaycanda güclü repressiyalar aparılır. Nəticədə hökuməti tənqid edən, müxalif mövqedə dayanan xeyli insan həbs olunub. Azərbaycan hökuməti “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının nümayəndələrinin, bəzi xarici mətbuat orqanlarının müxbirlərinin Bakıya gəlişinə imkan verməyib. ATƏT-in Bakı ofisinin qapıları bağlanıb. Bu vəziyyətdə zəif təsəlli odur ki, Avropa liderləri Bakıda turnirin açılış mərasimində iştirak etmədilər.
“The Daily Beast”: “Əliyev o həddə narahatdır ki…”
Azərbaycanda hazırda birinci Avropa Oyunları keçirilir və prezident Ilham Əliyev ölkəsi barədə dünyada yaranmın təsəvvürlərdən çox narahatdır. Həddə o həddə ki, yerli telekanallar azərbaycanlıları xarici turist kimi təqdim edərək, onlara neftlə zəngin, lakin ağır şərtlərin hökm sürdüyü bu ölkəni təriflətdirirlər. Məsələn, Ilham Əliyevin əmisi oğlunun rəhbərlik etdiyi “Lider” telekanalında azərbaycanlı Seymur Səfərovu ingilis turist “Ceyms Bonar” kimi təqdim olunub. O, Bakının fantastik, buradakı yeməklərin də çox dadlı olduğunu bildirir.
ANS telekanalında Rusiyadan bir nəfər bildirir ki, o, Havay adalarında da olub. Amma Xəzər dənizilə müqayisədə ora çox geri qalır.
Ölkənin ən tanınmış “qurbanlarından” biri də uzun illərdir ki, Azərbaycan hakimiyyətindəki qohumbazlıq və korrupsiyanı ifşa edən araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılovadır.
Azərbaycan hökuməti ölkənin neft pullarından istifadə edərək, beynəlxalq tənqidlərin qarşısını almaq üçün Vaşinqtondan Londona, Brüsselə qədər lobbi təşkilatları vasitəsilə kampaniya aparır.
Keçən ilin dekabrından həbsdə olan Xədicə Ismayılova bu yaxınlarda “New-York Times”a məktubunda yazmışdı ki, Azərbaycanda insan haqları sahəsində dərin böhran var. Vəziyyət heç vaxt indiki qədər pis olmayıb. Hakimiyyətin yuxarı eşelonunda təmsil olunanlar korrupsiyasını davam etdirdiyi bir halda, adi vətəndaşlar yaşamaq, azadlıq uğrunda bütün gücü ilə mübarizə aparır: “Biz də onlarla, onlar üçün mübarizə aparmalıyıq”.
Bir sıra məlumatlarda bildirilir ki, Azərbaycan hökuməti hökuməti Avropa Oyunlarına təxminən 8 milyard dollar vəsait xərcləyib.
“Idman naziri bildirib ki, 1,2 milyard xərclənib. Lakin ekspertlərin hesablamalarına görə, xərclər təxminən 3-4 milyard dollar təşkil edir. Hərçənd, ekspertlər bura Avropa Oyunlarına görə tikilmiş obyektləri, böyük idman komplekslərini, yeni çəkilən yolları və s. daxil etmir”, – deyə adının çəkilməsini istəməyən vətəndaş bildirib.
Hollandiya isə hətta 60 milyon dollar xərcləmək istəmədiyinə görə ikinci Avropa Oyunlarını keçirməkdən imtina etdi.



