Ağaların QULluğu

(Və ya filosofun killer kimi danışmaqlığı)

Insanların müsbət işləri onların mənfi söyləm və əyləmlərinə haqq qazandırmır. Məsələn, nə vaxtsa həqiqəti demək bu gün yalan danışmaq üçün bəraət ola bilməz. Bu mənada “Aşma” kimi yüksək qiymətləndirdiyim (razılaşmadığım məqamları ilə birlikdə!) bir kitabın yazarı olan Ağalar Məmmədov haqqında nə sərlövhəyə çıxardığım sözlər, nə də bundan sonra yazacaqlarım heç özüm üçün də xoş deyil. Amma yazmamaq üçün özümü zorla tutub saxlaya da bilmərəm.
Hazırda mühacirət etmiş Ağalar müəllimin son yazısından (“Türkcəni qulplamıram (dəstəkləmirəm”), meydan.tv) sitat: “XIX-XX yüz illiklərdə azərbaycancanı osmanlıcanın ayaqları altına çəkənlərin, deyəsən, birincisi Ə.Hüseynzadə, sonralar bunu ən ardıcıl edən isə H.Cavid oldu. Cavid ana dilimizin ”necə" sözü əvəzinə yarımtürkcə-yarımərəbcə “nasıl”; ana dilimizin “od” sözü əvəzinə osmanlıca-farsca “atəş”; özümüzün “il” sözümüz əvəzinə osmanlıca-farsca “sənə”; “yox” sözünü “yoq”; “elə”ni “öylə” yazmaqla özünün, ən yumşaq ifadəylə desək, qulbeçəliyini və dayazlığını ifşa edirdi. Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi".
Söz azadlığına inanan, onu müqəddəs sayan biri kimi öncədən bunu yazmaq gərəyi hesab edirəm: Ağalar Məmmədovun sonuncu cümləsi istisna olmaqla ondan əvvəl yazdıqlarını (baxmayaraq ki, orada “qulbeçə” ifadəsini də nə tənqidçiyə, nə tənqid obyektinə yaraşdırmaq mümkün deyil!) müəllifin doğal haqqı sayıram, böyük ölçüdə bölüşürəm də. Konkret yuxarıdakı sitata gəlincə: kimsə toxunulmaz deyil. Hər kəs ələşdirilə, tənqid edilə, fərqli rakurslardan dəyərləndirilə bilər və bu, vacibdir. Inkişafın yeganə yolu ən müxtəlif, ən rəngli, ən fərqli fikirlərin hürcə paylaşılmasından, dartışılmasından keçir. Həqiqətlərin aydınlanması və önünün açılması yalnız mübahisə, müzakirə və polemika şəraitində mümkündür.
Ümumiyyətlə, biz hər şeyin – hər bir mövzunun, hər bir hadisə və şəxsiyyətin dartışmaya açıq olduğunu öyrənməli, bunu təbii qarşılamağı bacarmalıyıq. Çağdaş, modern, mədəni dünyanın bir hissəsinə çevrilməyimizin ən kəsə yollarından biri və bəlkə də birincisi budur. Tabularla, yasaqlarla öz ağır durumumuzu daha da dözülməz etməkdən başqa heç nəyə nail olmuruq.
Bütün bunlar öz yerində.
Amma özünü fikir və düşüncə adamı sayan birinin repressiyaya, hansısa qələm sahibinin, qələm sahibi olmur lap belə sadə vətəndaş olsun, – bir insanın repressiya edilməsinə, qətlə yetirilməsinə haqq qazandırmasını necə qəbul etmək olar? Hansı çağda yaşayırıq və ya Ağalar Məmmədov özünü hansı çağda hesab edir? Axı fikir və düşüncə adamları, söz və qələm sahibləri tarixən məhz işgəncələrdən, inkvizisiyalardan çilə çəkmişkən bizim allah qoymasa, aydın hesab etdiyimiz şəxsin məntiqinə, ağlına baxın: yaxşı ki, filan şairi repressiya ediblər! Üstəlik, bunu deyən şəxs özü mühacirətdədir – yəni repressiyanın nə demək olduğunu şəxsən yaşayıb (yaşayıbmı), hiss edib (hiss edibmi?)!
Ağalar müəllimin mühacirət səbəbi öz dediyinə görə, yazıçı Rafiq Tağının xaincəsinə, alçaqcasına qətlindən sonra onun da həyatına yaranmış təhlükədir. Indi soruşuram: Ağalar müəllim, belə çıxır, sabah başqa biri də mərhum yazıçının bıçaqlanmasına hansısa səfeh arqumentlə haqq qazandıra bilər? Belə çıxır, Elmara atılan gülləyə də bir səbəb tapıb bəraət vermək mümkündür? Sözə, qələmə, fikirə qarşı gücü, zoru, zopanı, silahı işə salmağı “əsaslandırmağa” çalışmaq inanın ki, Rafiq Tağıya saplanan bıçağın tiyəsindən, Elmara açılan tapançanın tətiyindən yapışmaqdan fərqli deyil, ola da bilməz.
Ağalar Məmmədov inciməsin, kimə qarşı ünvanlanmasından asılı olmayaraq, “Vaxtında repressiya edilməsəydi” – sözləri artıq elmi təfəkkür deyil, bu artıq qul təfəkkürüdür! Güclünün, hegemonun çörəyinə yağ sürtməkdir. Gücsüzü əzməkdən, yox etməkdən zövq alanlara “yaşıl işıq” yandırmaqdır. Kölənin qollarındakı zənciri sevməsi qədər dəhşətlidir, faciəvidir.    
Həm də dediklərindən belə çıxır, 1930-cu illərdə yaşasaydı, Ağalar Məmmədov özü şəxsən “troyka”larda sevə-sevə “xalq düşmənlərinin” üzünə durar, böyük məmnuniyyətlə “ifşa” donosları yazar, Hüseyn Cavidə ünvanladığı ifadə ilə desək, Stalinin, Mircəfər Bağırovun qulbeçəliyi ilə məşğul olar və bir növ Azərbaycanın öz dövrü üçün işıqlı insanlarının qondarma suçlarla, saxta ittihamlarla məhv edilməsində əlindən gələni edərdi, eləmi? Çünki “Vaxtında repressiya edilməsəydi…” sözlərinin başqa izahı, anlamı sadəcə, yoxdur. Nə bilim, vallah, çaş-baş vəziyyətdəyəm. Yazıqlar olsun! Bir insan, – üstəlik, filosof olduğunu, düşüncənin, fikirin üstünlüyünə inandığını iddia etdiyi halda! – özünü bu vəziyyətə necə sala bilər?!
Səbəb nə olursa olsun, bir insan, – hələ həmin o insan qələm sahibidirsə! – linç edilməyə, repressiya olunmağa, işgəncə görməyə əsla və əsla layiq deyil. Kimisə zülmə rəva görmək yalnız dar düşüncənin, balaca beynin və xırda ürəyin məhsuludur. Repressiyalar görünüşcə güclü və hegemon, amma mahiyyətcə acizlərin, qorxaqların, miskinlərin silahıdır. Bu “silah”ı tətikləmək, bu “silaha” güllə qoymaq, haqq qazandırmaq, bəraət vermək isə ikiqat miskinlikdir, ikiqat acizlikdir.
Dinin təbiətindən doğan şiddəti, terroru, qanı, göz yaşını ifşa edən yazıları ilə tanıdığımız bir müəllifin indi çıxıb terror, şiddət, repressiya, linç, inkvizisiya təəssübkeşliyini görmək ürəkağrıdan mənzərədir. Utancvericidir, rəzalətdir.
Ən içacıdan isə odur ki, biz növbəti dəfə ümid etdiyimiz, inandığımız bir aydının gözlərimiz önündə qum kimi xırdalandığını, divar kimi ovulub töküldüyünü görürük. Xeyri yoxdur da, qardaş, xeyri yoxdur: istədiyin qədər kitab oxu, istədiyin qədər savad sahibi ol, istədiyin qədər Avropada yaşa, azərbaycanlısansa, bəlli bir yaşdan sonra mütləq günəşi küləş kimi başa düşəcəksən, qusub-batıracaqsan, izləri aydın səmadan silinməyəcək rəngbərəng “quş”lar buraxacaqsan, illərlə dişinlə-dırnağınla qalxdığın yüksəklikdən başıaşağı yerə diyirlənəcəksən.
Bu artıq azərbaycanlı aydının standartıdır və nə qədər qəbuledilməz, nə qədər ağrılı da olsa, deyəsən, həmin standarta alışmaqdan başqa yolumuz qalmır. Ki, sonra da belə dərin təəssüflər, acı xəyalqırıqlıqları yaşayıb əsəbiləşməyək, üzülməyək, depressiyaya düşməyək.