Afina ilə Rusiya arasında qaz anlaşması imzalandı
Iyunun 18-də ölkənin qazpaylayıcı şirkəti olan və ARDNŞ-in müsabiqəy yolu ilə səhmlərin 66 faizlik hissəsini 400 milyon avroya əldə etdiyi “DESFA”nın nəzarət səhm paketini öz əlində saxlamağa qərar verən, bununla da Azərbaycanla anlaşmanı pozan Yunanıstan Bakının maraqlarına zidd növbəti addım atıb.
Virtualaz.org saytı Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiya və Yunanıstan Qara dəniz altından keçəcək boru xətti üçün müqavilə imzalayıb. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Yunanıstana qədər uzanacaq kəmərin illik gücü 47 milyard kub metr olacaq. Rusiyanın Energetika naziri Navak bildirib ki, layihənin inşası üzrə Yunanıstana lazım olacaq vəsaitin 100 faizini Rusiya kredit şəkilində ayıracaqdır.
Yunanıstanın energetika naziri Lafazanis bəyan edib ki, müqavilə Avropa Ittifaqına qarşı yönəlməyib.
Rusiyanın energetika naziri bir gün əvvəl deyib ki, “Türk axını”nın dəniz hissəsinin tikintisi bu ayın sonunda başlayacaq. Onun sözlərinə görə, baza variantı kimi kəmərin Yunanıstan, Makedoniya, Serbiya və Macarıstandan keçməsi planlaşdırılır. Daha sonra kəmərlə nəql olunacaq Rusiya qazı Avstriyanın Baumqarten regionunda paylanma məntəqəsinə daxil olacaq.
Bununla belə Novak kəmərin tikintisinin Avropa Ittifaqının mövqeyindən asılı olacağını da vurğulayıb.
“Türk axını” marşrutunun bir hissəsi Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizini təkrarlayır. Kəmər Türkiyənin Yunanıstanla sərhədinə TANAP kəməri ilə eyni məntəqədə çıxmalıdır.
Habelə Azərbaycan qazının nəqli üçün seçilən TAP kəməri layihəsinin əsas tranzit ölkəsi olan Yunanıstan son zamanlar bu layihəyə əngəllər yaratmağa, Azərbaycanla əldə edilmiş energetika razılaşmalarına yenidən baxmaq barədə xəbərdarlıqlar etməyə başlayıb.
Eyni vaxtda yunan solçu hökuməti Rusiya prezidenti Vladimir Putinlə sıx təmasa keçib. Putin Yunanıstanı “Türk axını” layihəsinə qoşmaq üçün Afinaya maliyyə yardımı, habelə kəmərin tikintisi üçün kredit vəd edib. Avropa Ittifaqı ilə borc danışıqlarının dalana girdiyi bir vaxtda Yunanıstan baş naziri Aleksis Tsipras Rusiyaya səfər edərək Putinlə anlaşıb.


