Dünən “Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Yarışın son günündə daha 4 çəki dərəcəsinin qalibləri müəyyənləşib.
Görüşlərdə Hacı Əliyev ( 61 kq), Ruslan Dibiehacıyev (70 kq), Camaləddin Maqomedov (125 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərov (66 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb.
Idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibi müəyyənləşib.
Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar fərdi çoxnövçülükdə ən güclülərin adına aydınlıq gətirib.
Təsnifat mərhələsi iyunun 14-15-də keçirilən yarışın həlledici hissəsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub. Təsnifat mərhələsini 3-cü pillədə bitirən idmançımız finalda daha yüksək – 2-ci yerə layiq görülüb.
Sərbəst hərəkətlərdən (14,600) sonra 18 iştirakçı arasında 6-cı olan idmançımız sonra xal hesabını artırmağa müvəffəq olub. Gimnastika atındakı (15,300) çıxışını ilə 2 hərəkətin cəmində 29,900 xalla 2-ci yerə yüksələn Stepko mövqeyini sonadək qoruyub.
Təmsilçimiz həlqələrdə 14,633, dayaqla tullanmada 14,766, paralel qollarda 15,866, turnikdə 13,900 xal qazanıb. Bununla da yekunda 89,065 xalı olan Oleq Avropa Oyunlarının gümüş mükafatını qazanıb.
Komanda hesabında da bürüncə yiyələnən Stepko Bakı-2015-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub.
Taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. Qadınların yarışında 67 kq çəki dərəcəsində ölkəmizi Fəridə Əzizova təmsil edir. O, ilkin mərhələdə hollandiyalı Yoyse Van Baarinlə qüvvəsini sınayıb. F.Əzizova rəqibini 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarla döyüşüb. Rəqibinə 6:2 hesabı ilə qalib gələn taekvondoçumuz yarımfinala adlayıb. F.Əzizova bu mərhələdə isveçli Elin Yohansonlə qarşılaşıb. Bu döyüşdən də qalib ayrılan (5:2) təmsilçimiz adını finala yazdırıb. O, həlledici görüşdə Rusiya idmançısı Anastasiya Barişnikova ilə üz-üzə gəlib və 5:6 hesabı ilə uduzub.
80 kq çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
Harçeqani yarımfinalda portuqaliyalı Culio Ferreyra qüvvəsini sınayıb. Idmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. O, həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşıb və Oyunları titulla başa vurub. Rəqibinə 9:4 hesabı ilə qalib gələn taekvondoçumuz çempion adına layiq görülüb.
Yarışların 7-ci günü ümumi medal sayına görə Rusiya yığması lider olub. Bu ölkə idmançılarının 40 medalından 22-ı qızıl, 9-u gümüş, 9-u da bürüncdü. Azərbaycan idmançıları 29 medalla ikinci yerdə qərarlaşıb (12 qızıl, 5 gümüş, 12 bürünc).
3-cü yerdə isə 13 medalla (7 qızıl, 1 gümüş, 5 bürünc) Macarıstan idmançılarıdır.
azadlıq.info