Nurəddin Məmmədli: «Baş verənlər Azərbaycan təhsilinin gələcəyinin qaranlıq olacağını deməyə əsas verir»
Qubad Ibadoğlu: «Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi «zay məhsul»dur»
Mikayıl Cabbarov təhsil naziri təyin olunana qədər TQDK ilə Təhsil Nazirliyi arasında gedən “mübarizə” iki qurum rəhbərinin ədavəti kimi anlaşılırdı.
Sabiq nazir Misir Mərdanovun dövründə Dəfələrlə TQDK rəhbərinin ifşaedici faktları təhsilin hansı vəziyyətdə olduğunu ortaya qoyurdu. Amma gedən bu mübarizə sonda Misir Mərdanovun işdən uzaqlaşdırılmasından sonra bir müddət səngidi. Amma 2013-cü ildə Mikayıl Cabbrov təhsil naziri təyin olunandan sonra təhsildəki problemlər öz həllini tapmadı. Əksinə mövcud problemlər daha da dərinləşdi və belə demək mümkünsə acınacaqlı vəziyyətə çatdı.
“11-ci sinif şagirdlərinin göstəricilərinin 9-cu sinif şagirdləri ilə müqayisədə yüksək olmasının səbəbi heç də yuxarı siniflərdə təhsilin keyfiyyətinin yaxşı olması ilə deyil, şagirdlərin orta məktəbin son iki sinfində fərdi hazırlıq üçün müəllim yanına getmələri ilə izah oluna bilər”. Bunu iqtisadçı Qubad Ibadoğlu Facebook səhifəsində yazır.
TQDK-nın açıqladığı son məlumata görə, buraxılış imtahanında iştirak etmiş 24 min 827 nəfər 9-cu sinif şagirdinin 6 min 664 nəfəri (26.84 faizi) ana dili fənni üzrə, 7 min 913 nəfəri (31.87 faizi) isə riyaziyyat fənni üzrə “2" qiyməti alıb. 11-ci siniflər arasında da ”2" alanların sayı çoxdur.ÿ
Q.Ibadoğlu bildirir ki, 9-cu və 11-ci sinif şagirdlərinin 60-70 faizinin ana dili və riyaziyyat kimi əsas fənlər üzrə buraxılış imtahanından aldıqları “2" və ”3" qiymətləri ciddi narahatlıq yaradır: “Bunu iqtisadi dillə ifadə etsək, deyə bilərik ki, Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi ”zay məhsul"dur. Bu isə o deməkdir ki, iqtisadiyyatın və idarəetmənin kadr potensialının yeniləşməsi əmsalı getdikcə aşağı düşəcək. Eyni zamanda hər il on minlərlə yeni iş axtaranlar orta savadları ilə əmək bazarına daxil olacaqlar. Beləliklə də, iqtisadiyyatda həm kadr hazırlığında və həm də məşğulluq sahəsində çətinliklər artacaq".
Bəs bu nəticələrlə Azərbaycanı nə gözləyir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, TQDK-nın açıqladığı statistik rəqəmlər təhsilin hansı səviyyədə olduğunu göstərir. Doğurdanda Azərbaycan təhsilində dəhşətli proseslərin getdiyini deyən N.Məmmədli vurğuladı ki, baş verənlər Azərbaycan təhsilinin gələcəyinin qaranlıq olacağını deməyə əsas verir: “Ölkədə faktiki olaraq normal təhsil şəbəkəsi ilə çox az sayda adamlar əhatə olunublar. Ölkəni idarə edənlərin övladları ya xarici ölkələrdə təhsil alır, ya da daxildə xarici ölkələrin nüfuzlu universitetlərinin açdıqları təhsil ocaqlarında oxuyurlar. Azərbaycanın üzünü bu sahədə ağardan türk litseyləri idi. Həmin təhsil ocaqları da ”Nurçuluq" məsələsinə görə, bağlandılar".
Təhsil sistemindəki problemlərlə bağlı M.Cabbarov hələ nazir təyin olunarkən söylədiyi fikirlərin özünü doğrultduğunu deyən N.Məmmədli bildirdi ki, təhsildə hazırda müşahidə olunanlar bütövlükdə idarəçilik sistemindən qaynaqlanır: “Elmlər Akademiyasının sabiq prezidenti deyirdi ki, əgər akademiyanın qapısında dayanan polis professordan çox əmək haqqı alırsa təhsildən nəsə gözləməyə dəyməz. Yüksək kateqoriyalı, təhsilli orta məktəb müəllimləri polis serjantından 4-5 qat az əmək haqqı alırsa, bu adamlardan nəsə gözləməyə dəyməz. Bu gün Azərbaycanda təhsil sahəsində ayrı-ayrı gənclərin uğurları hazırlıq müəllimlərinin hesabına baş verir. Bu olmasa Azərbaycanda kiminsə test imtahanı ilə ali məktəblərə qəbul oluna biləcəyini təsəvvür etmək mümkün deyil”.
Təhsil sisteminin çox ciddi və ölkənin strateji əhəmiyyətli sahəsi olduğunu deyən N.Məmmədli vurğuladı ki, burada real durumu dəyişmək üçün geniş proqram həyata keçirilməlidir, bu işə mütəxəssislər cəlb olunmalıdır: “Bundan başqa orta məktəblərdə işləyən müəllimlərin ali məktəbə daxil olması prosesi daha yüksək səviyyədə olmalıdır. Hazırda faktiki olaraq Azərbaycan valideyini məktəb müəllimləri ilə düşmən vəziyyətindədir. Çünki müəllimlərin dolanışıq səviyyəsi faktiki olaraq valideynlərdən asılıdır. Ona görə təhsildə ciddi islahatlar aparılmalı, rüşvətxorluq, yerlibazlıq, riyakarlıq aradan qaldırılmalı, müəllimlərin əmək haqqısı artırılmalıdır”.
Xəyal