Nurəddin Məmmədli: «Qərb dünyası tənqidlər mərhələsindən sanksiyalar mərhələsinə keçməlidir»
Azərbaycan hakimiyyəti beynəlxalq aləmlə münasibətlərini dərinləşdirməkdə davam edir. Beynəlxalq aləmdən gələn təzyiqlərə məhəl qoymayan iqtidar repressiya siyasətini davam etdirməkdədir. Təzyiqlər artdıqca əksinə repressiya siyasətini bir qədər də sərtləşdirən hakimiyyət nəticədə özünü dalana dirəyib.
Nüfuzlu beynəlxalq təşkilatlardan gələn reaksiyalar, mötəbər təsissatlarda keçirilən müzakirələr, Azərbaycanın ünvanına səslənən sərt tənqidlər onu deməyə əsas verir ki, münasibətlərdəki gərginlik əvvəlki illərdən fərqlənir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Irfan Siddiqın son açıqlamaları da buna sübut sayıla bilər. Britaniya jurnalistlərinin ölkəmizə buraxılmamasından narazılığını ifadə edən səfir vurğulayıb ki, bəzi jurnalistlərin bu hadisənin bir hissəsi olmaq imkanından məhrum edilməsi biabırçılıqdır.
Bu baxımdan BMT Insan Haqları Şurasının insan haqları müdafiəçilərinin vəziyyəti ilə bağlı xüsusi məruzəçisi Maykl Forstun da açıqlaması maraq doğurur. BMT rəsmisi vurğulayıb ki, Azərbaycan bu vəziyyətdə illərlə qala bilməz, ona görə Azərbaycanla bağlı yekun qərar verilməlidir. “Belə görünür ki, qanunun aliliyi hökumətin gündəliyində deyil. Jurnalistlər, hüquq müdafiəçiləri ümumiyyətlə müdafiə olunmurlar, deyə BMT rəsmisi vurğulayıb.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, Qərb təşkilatlarının, dövlətlərinin Azərbaycana qarşı təzyiqləri hakimiyyətin islah olunmazlığı ilə bağlıdır. Əvvəllər də beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin təmsilçilərinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi fikirlər səsləndirildiyini deyən N.Məmmədli bildirdi ki, hazırda səslənən tənqidlərin intensivliyi artıb, həm də tənqidlərin tonu daha sərtdir: “Qərb dünyası anlamalıdır ki, Azərbaycan hakimiyyəti ciddi təzyiqlərdən başqa digər təzyiq vasitələrin qəbul etmirlər. Yəni yalnız tənqidi bəyanatlarla Azərbaycanda nəyisə dəyişmək mümkün deyil. Artıq hakimiyyətin Qərb dünyasına qarşı müharibəsi dövlətlər səviyyəsindən şəxsiyyətlərə istiqamətlənib. Qərb dünyasından hər hansı şəxs Azərbaycan hakimiyyəti barəsində tənqidi fikir səsləndirirsə, hakimiyyətyönlü mətbuat orqanları informasiya imkanlarını dərhal həmin şəxsə qarşı yönəldirlər. Artıq Qərb dünyası tənqidlər mərhələsindən sanksiyalar mərhələsinə keçməlidir”.
Hakimiyyətin korrupsioner mahiyyətli olduğunu deyən N.Məmmədli vurğuladı ki, iqtidar mənimsədiyi külli miqdarda vəsaitləri Qərb banklarında yerləşdirib. N.Məmmədlinin sözlərinə görə, Azərbaycana qarşı sanksiyalar olarsa, hakimiyyət sahib olduğu milyardlardan imtina etmək məcburiyyətində qala bilər. Bu isə ciddi təzyiq vasitəsidir: “Problemin həlli yolu birbaşa sanksiyalardan keçir. Nə qədər ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar yoxdur iqtidar öz davranışlarını davam etdirmək istəyindədir. Bunu biz dərk etdiyimiz kimi Qərb dünyası da dərk etməlidir. Əvvəlki illərdə Azərbaycana qarşı sanksiyaların tətbiqi Qərb ölkələri üçün problem yarada bilərdi. Çünki Azərbaycan regionda elə bir ölkə idi ki, təbii resurslarını problemsiz olaraq Qərb ölkələrinə satırdı. Digər tərəfdən Qərb dünyasının Əfqanıstanda, Pakistanda və Iranda problemləri var idi. Amma indi bu problemlərin hamısı aradan qalxıb. Geosiyasi baxımdan Azərbaycan müəyyən əhəmiyyət daşısa da, hərbi-siyasi baxımdan elə bir əhəmiyyətə sahib deyil. Ona görə hazırkı mərhələdəki təzyiqlərə qarşılıq olaraq Azərbaycan hakimiyyəti heç bir addım ata bilməz. Ona görə Azərbaycana qarşı sanksiyalar imkanı daha genişdir. Amma bunun nə zaman olacağını heç bir ekspert deyə bilməz. Bunu yalnız həmin siyasəti müəyyənləşdirən güc mərkəzləri deyə bilərlər”.
Xəyal