elnurastanbeyli@gmail.com
“Danış, səni görüm” – Sokratın bu məşhur sözlərini ancaq fərdlərə aid etmək doğru olmazdı. Bu həm də toplumları – onların keçmişlərini, indilərini və gələcəklərini aydın şəkildə gözlər önünə sərə biləcək sözlərdir.
Toplumlar müzakirə etdikləri, dartışdıqları mövzularla əslində öz gerçək potensiallarını, nə istədiklərini, nə arzuladıqlarını, nəyi hədəflədiklərini göstərirlər. Onların nəyi danışdıqları, nəyi dartışdıqları nəyə qadir olduqlarının görsənişidir, bu da dolayısı ilə həmin toplumların yaşam şərtlərinə, şəraitlərinə təsir edir. Bir az da açıqlayaq: oturub-durub “Dolma kimindir?!” mövzusu ətrafında çənə yormaqla, baş sındırmaqla, bunu ümummilli dərdə çevirməklə hansı modern, çağdaş həyata, rifaha, gəlişmiş dünya ölkəsi olmağa iddia etmək mümkündür? Hələ də “Yer fırlanır, yoxsa fırlanmır?” sualı ətrafında çənə-boğaz olan xalqın zülmdən, zillətdən qurtuluşu nə qədər realdır?!
Ünlü alman sosioloqu Marks Veber təxminən 150 il öncə öz təbii sərvətlərinə, işçi qüvvəsinə görə Qərbdən qat-qat öndə Çinin, Hindistanın sosial və iqtisadi geridəqalmışlığının səbəblərindən bəhs edərkən maraqlı bir qənaətə gəlmişdi: o, hesab edirdi ki, Şərq dinlərinin (istər islam olsun, istər hinduizm, istər konfuizm, istərsə də qeyriləri) təsiri altında bu coğrafiyadakı xalqlar daha çox qeyri-dünyəvi işlərlə məşğuldurlar, məsələn, onlar enerjilərinin, vaxtlarının əhəmiyyətli hissəsini axirətlə bağlı müzakirələrə, ayinlərə həsr edirlər. Qərbdə isə belə deyil – xüsusilə protestantlar yaşadığımız dünyanın problemlərini, qayğılarını öyrənməyə, həll etməyə çalışırlar. Yəqin məhz bunun nəticəsidir ki, klassik Şərqlə müqayisədə bu gün, məsələn, müsəlmanların o biri dünyada görməy əhd etdikləri cənnəti böyük ölçüdə elə bu dünyada – modern Qərbdə, Avropada qurmağı bacaran ölkələr var.
Məsələ yalnız dinlə də sınırlı deyil. Bir toplum düşünür ki, o artıq onillərdir belə bir sual ətrafında vurnuxmaqda, cəbhələşməkdə, vaxtını, enerjisini ona cavab axtarmağa sərf etməkdədir: “Yanıq Kərəmi”yə oynamaq olar, ya yox?!". Işi-gücü bundan bir addım o tərəfə getməyən bir toplumla bağlı nəyə ümid etmək olar axı? Belə bir toplum özünə necə azad, işıqlı bir gələcək qura bilər?
Əslində aydınların, bilgə insanların, irəligörüşlü adamların toplumlar üçün dəyəri, anlamı da məhz bu nöqtədə ortaya çıxır. Onların birbaşa borcudur ki, mənsub olduqları xalqı qəflət yuxusundan ayıltsınlar, onun gözünü açsınlar, onu doğru istiqamətə yönləndirsinlər, onu öz dar, məhəlli təfəkküründən uzaqlaşdırıb geniş düşünməyə həvəsləndirsinlər. O toplumlar bədbəxtdir ki, onun aydınları kütlə şüurunun girovuna çevrilirlər, kütləyə qoşulub heç bir rasionallığı, heç bir funksionallığı olmayan, sadəcə, havayı vaxt, enerji itkisi olan müzakirələrə, mübahisələrə qoşulurlar, belə mənasız, əldəqayırma söhbətlərin daha da alovlanmasına xidmət edirlər. Təsadüfi deyil ki, indiki Sistem məhz belə ziyasız ziyalıları kifayət qədər yüksək qiymətləndirir, ödülləndirir, onlara hər cür imtiyazlar tanıyır. Çünki rejimin də istədiyi toplumun siyasiləşməməsi, sosiallaşmamasıdır, onun dar, lokal, milli-mental, məişət mövzuları içində itib-batmasıdır.
Bir sözlə, “Biz nə hardayıq? Hardan gəlirik, hara gedirik? Yolumuz hayanadır?” kimi toplumun azsaylı proqressiv kəsimini narahat edən, düşündürən sualların cavabı xalq olaraq nələri danışdığımız, nələri dartışdığımız barədə sualların cavabında gizlidir.