«Aclığın siyasi qərarların nəticəsi olduğu, korrupsiyanın çiçəkləndiyi ölkədəki rejimə yardım etməyin, dəstək verməyin anlamı nədir?»
«Azərbaycandakı uşaqlar böyüyəndə onların korrupsiyalaşmış cəmiyyətdəki siyasi proseslərdə heç bir səs hüququ olmur; bu ölkədə iqtisadiyyat cəmi bir neçə oliqarxın əlində cəmləşib»
Bütün dünyada uşaqların hüquqlarının müdafiəsilə məşğul olan UNICEF Bakıda keçirilən Avropa Oyunlarına dəstək verdiyinə görə tənqid atəşinə tutulub. Avropanın ən nüfuzlu media orqanlarından olan Britaniyanın “The Guardian” qəzeti UNICEF-i diktatura rejiminə dəstək verməkdə ittiham edib. Məqalədə həmçinin Azərbaycandakı repressiyalardan, korrupsiyanın tüğyan etməsindən, bu ölkədə biznesin bir neçə məmur-oliqarxın əlində cəmləşməsindən bəhs olunur. “Bakı 2015: UNISEF Azərbaycandakı Avropa Oyunlarına niyə dəstək verib?” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
QHT-lərə, jurnalistlərə Azərbaycana səfər etmək qadağan olunduğu halda, rəsmən uşaq hüquqlarının müdafiəsilə məşğul olan təşkilat Birinci Avropa Oyunlarında öz adını saxlamaqda davam edir.
Idmansevərlər hesab edir ki, idman da alverçi siyasət dünyasında üzür. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun ən yaxşı sübutudur. Avropa Oyunlarının rəngarəng rəsmi saytında bu turnirə qatqısı olan şirkətlərin adları göstərilib: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP, AZAL, uşaqların hüquqlarını müdafiə təşkilatı olan UNICEF.
Beləliklə, UNICEF-in loqotipi hazırda SOCAR-ın loqotipi ilə yanaşıdır. O şirkətin ki, əməkdaşları 2013-cü ildə jurnalist Idrak Abbasovu xüsusi amansızlıqla döymüş və törətdikləri cinayətə baxmayaraq, məsuliyyətə cəlb olunmamışdılar.
Şəffaflığın olmaması təkcə SOCAR-la məhdudlaşmır. “Transparency International” təşkilatının şəffaflıq reytinqində Azərbaycan 175 ölkə arasında 126-cı yeri tutur və korrupsiyalaşmış ölkələrdən biri sayılır.
Bu ölkədə rejimin tənqidinə yer yoxdur, azad mətbuat ciddi nəzarət altındadır. “Sərhədsiz Reportyorlar”ın söz azadlığı reytində Azərbaycan 180 ölkə arasında 162-ci yerdə qərarlaşıb.
“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı da Azərbaycanı “azad olmayan ölkələr” qrupuna aid edib.
Azərbaycandakı siyasi vəziyyətə gəlincə, bu ölkədə vətəndaş cəmiyyətinə böyük təzyiqlər var. UNICEF hələ ki, Azərbaycanda sərbəst şəkildə işlədiyi halda (görünür, ona görə loqotipi Avropa Oyunlarında istifadə olunur), yerli hüquq-müdafiə təşkilatları hakimiyyət tərəfindən təzyiqlərə məruz qalır, bağlanır, məhkəmə təqiblərilə üzləşir.
“Insan hüquqları üçün idman!” kampaniyasının təşəbbüskarı Rəsul Cəfərov Avropa Oyunları ərəfəsində ölkənin digər dörd tanınmış hüquq müdafiəçisi ilə birlikdə şübhəli ittihamlarla həbs olundu.
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının təmsilçiləri Georgi Qoqia və “London Platform”dan Emma Hyuzun Azərbaycana daxil olmasına imkan verilməyib. Həmçinin “Amnesty International”ın əməkdaşları da “arzuolunmaz” sayılaraq, Azərbaycana buraxılmayıb.
“Azərbaycandakı yerli insan haqları təşkilatları ilə əməkdaşlıq etdiyimə görə 2012-ci ildən Azərbaycana girişimə qadağa qoyulub. Azərbaycanda media təşkilatı olan Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu bir sıra başqa müstəqil QHT-lərlə birlikdə cinayət təqibinə məruz qalıb. Belə bir vəziyyətdə UNICEF digər vətəndaş cəmiyyəti təşkilatlarına qarşı hücumları necə görməyə bilər?”
“Insan hüquqları naminə idman!” koalisiyasına daxil olan “Vətəndaş hüquqlarının müdafiəçiləri” təşkilatının direktoru Robert Hord sarsılıb: “Başa düşə bilmirəm ki, UNICEF Azərbaycandakı diktatura rejiminin təbliğatına hesablanmış bir hadisəyə qoşulanlar arasında öz adının olmasına necə razılaşa bilər?”
“Rəsmi hakimiyyət təbliğatında UNICEF brendindən istifadəyə necə yol verilə bilər?” sualına təşkilatın nümayəndəsi Kristof Boulierak belə cavab verib: “Ümumiyyətlə, Bakı Avropa Oyunları ilə əməkdaşlığımız təhlükəsizlik hüququnun, təcrid olunmuş uşaq və yeniyetmələrin inteqrasiyasında bir vasitə kimi idmanın rolunun təbliğindən ibarətdir”.
Təşkilatın uşaqların inteqrasiyası ilə bağlı diqqəti alqışa layiq olsa da, kifayət qədər qısamüddətlidir. Çünki o uşaqlar böyüyəndə onların korrupsiyalaşmış cəmiyyətdəki siyasi proseslərdə heç bir səs hüququ olmayacaq. O cəmiyyətdə ki, iqtisadiyyat cəmi bir neçə oliqarxın əlində cəmləşib.
Vətəndaş cəmiyyəti təşkilatlarına qarşı hər gün kəskin qərarların verildiyi, aclığın siyasi qərarların nəticəsi olduğu, korrupsiyanın çiçəkləndiyi ölkədəki rejimə yardım etməyin, dəstək verməyin anlamı nədir?
Hərçənd, o da həqiqətdir ki, bir sıra təşkilatlar ehtiyacı olanlara yardım edə bilmək üçün siyasətdən kənarda durmalıdır. Bununla belə, “dikbaşlıq edib” despotik rejimlərdəki insanların həyatını xilas etməyə çalışan təşkilatlarla avtoritar rejimlərin əməllərini ört-basdır edilməsində iştirakçı olan təşkilatlar arasında kəskin fərq var.
Azərbaycan uşaqları Avropa Oyunlarından heç nə qazanmadılar. 6,5 milyard onların təhsilinə yox, görüntü xarakteri daşıyan layihəyə və stadionlara sərf olunub. Insan haqları hamı üçündür – həm uşaqlar, həm də böyüklər. Bura həm siyasi, həm də sosial hüquqlar aiddir.
UNICEF Azərbaycandakı uşaqlara kömək məqsədilə işini davam etdirməlidir, amma Avropa Oyunlarının tərkib hissəsinə çevrilməməlidir.
Ledi Qaqa Bakıdakı çıxışına görə tənqid hədəfinə çevrildi
Almaniyanın “Der Spiegel” jurnalı isə Ledi Qaqanın iki milyon dollar müqabilində Bakıda Avropa Oyunlarının açılış mərasimində çıxışına görə beynəlxalq hüquq-müdafiə təşkilatlarının tənqid hədəfinə çevrilməsindən yazır. “Azərbaycanda Avropa Oyunları: Ledi Qaqaya tənqid, Bonoya tərif” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
“Insan haqları naminə idman!” kampaniyasının təşəbbüskarları Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində “Imagine” mahnısıyla çıxış edən Ledi Qaqanı tənqid edib. Eyni zamanda, onlar məşhur müğənni Bononun konsertində Azərbaycandakı siyasi məhbuslara dəstək verən addımını alqışlayıblar.
Azərbaycanın dövlət başçısı Ilham Əliyevin apardığı repressiya siyasəti demokratik dünyanın ciddi tənqidlərinə səbəb olub. Ledi Qaqanın açılış mərasimində çıxışı anti-demokratik rejimə dəstək kimi qiymətləndirilib. Yayılan məlumatlarda bildirilir ki, o, açılış mərasimindəki çıxışına görə 2 milyon dollar alıb.
“Insan haqları naminə idman!” kampaniyasının təşəbbüskarları deyir ki, Ledi Qaqanın bu cür davranışı məyusedicidir.
“Ledi Qaqa nəinki dəyərləri nəzərə almadı, hətta Azərbaycanda həbsxanada olan fəallara xəyanət etmiş oldu”, – deyə kampaniyanın təşəbbüskarları bildirib.
Bu kampaniyanın məqsədi Bakıda keçirilən Avropa Oyunları fonunda Azərbaycandakı vəziyyətə, o cümlədən repressiyalara, korrupsiyaya diqqəti cəlb etməkdir.
Azərbaycan hökuməti bu idman hadisəsindən özünüreklam məqsədilə yararlanmağa çalışır.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Əliyevi tənqidçi jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalifət fəallarına qarşı repressiyalara görə ittiham edir.
“Insan haqları naminə idman!” kampaniyasının təşəbbüskarları Leydi Qaqanı tənqid etsələr də, müğənni Bono və onun “U2" musiqi qrupunu tərifləyir. Bu qrupun Kanadadakı konsertində Azərbaycandakı siyasi məhbuslardan altısının fotosu olan plakat asılıb. Qrup bu məsələ ilə bağlı öz saytında yazıb: ”Bizim dostlarımızdan altısı dəmir barmaqlıqlar arxasındadır. Onların cinayəti isə fikirlərini ifadə etmələridir".
“Bononun bu addımı göstərir ki, Azərbaycandakı rejimin Avropa Oyunları vasitəsilə öz imicini yaxşılaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu”, – deyə “Insan haqları naminə idman!” kampaniyasını aparanlar bildirib.