Iqtidar arxasınca üç adam apara bilməyən adamı niyə Avropada mühüm posta təyin edib?
“Artıq Arif Məmmədov səfirlikdən geri çağırılaraq, bu vəzifədən uzaqlaşdırılıb. Düşünürəm ki, Azərbaycan dövləti tərəfindən Arif Məmmədova verilən bütün diplomatik rütbələr əlindən alınmalıdır. Çünki bu adam öz ölkəsinə və xalqına xəyanət edir”. Bu sözləri Publika.az-a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov daha sonra Arif Məmmədovun ünvanına müxtəlif ittihamlar səsləndirib. YAP-çı deputat iddia edib ki, Arif Məmmədov Azərbaycanın malı, pulu, ölkə vətəndaşlarının verdiyi vergi hesabına gedib 20 il Avropa küçələrində boş-boş gəzib: “Görünür ki, bu adam indiyədək Azərbaycanın problemlərinin həlli və qaçqınları ilə bağlı heç bir iş görməyib, ancaq öz qarnını güdüb. Yalnız onu düşünüb ki, gedib filan yerdə filan yeməyi yesin və sairə. Arif Məmmədovun Azərbaycan xalqına və mətbəxinə qarşı həqarətlə yanaşması heç zaman ona belə bir status verə bilməz ki, o, fövqəladə və səlahiyyətli səfir statusu daşısın. Artıq bu adamı azərbaycanlı da hesab etmək olmaz. Gedib harada istəyirsə, yaşasın”.
S.Novruzov Arif Məmmədovun “Azərbaycan-2025" adlanan siyasi proqramına da toxunub: ”Onun nə iddiası olursa olsun, ancaq Arif Məmmədov arxasınca üç adam da apara bilməz. Axı o kimdir? Azərbaycanda seçki azaddır, hər hansı iddiası varsa, buyurub gəlsin. Amma yaxşı olar ki, o, ilk növbədə, bələdiyyə üzvlüyünə namizədliyini irəli sürsün və görsün ki, heç olmasa, 15 imza toplaya biləcək, ya yox".
Siyavuş Novruzov Arif Məmmədova ünvanladığı ittihamlarla əslində hakimiyyəti ifşa edib. YAP-çı deputat iddia edir ki, Arif Məmmədov 20 il Avropada boş-boş gəzib. Adama deyərlər ki, bəs niyə 20 il bu barədə heç nə danışmamısan? Bundan başqa Arif Məmmədov 20 il Avropanın mühüm strukturlarında Azərbaycanı təmsil edib. Əgər o işinin öhdəsindən gələ bilməyibsə, gününü boş-boş gəzməklə keçiribsə, niyə geri çağırılmayıb?
Siyavuş Novruzov daha sonra deyir ki, Arif Məmmədov arxasınca üç adam apara bilməz. Arxasınca üç adam apara bilməyən bir şəxs niyə Avropada mühüm posta təyin edilib? Siyavuş Novruzov bu suala cavab versə yaxşı olar. Əgər onun iddiaları əsaslıdırsa, o zaman Azərbaycan hakimiyyətinin kadr siyasətinin hansı vəziyyətdə olduğu təsəvvür etmək çətin deyil.


