O “möhtəşəm açılış” üçün xalqa minnətdar olun!

Bir də, əlbəttə ki, Avropanın elmi-texniki tərəqqisinə…

Əyalətçi hakimiyyət ömründə görmədiyi Avropa sivilizasiyasının daha bir meyvəsini daddı və görməmişcəsinə özünü dünyaya “inkişaf etmiş” kimi, həm də avropalıdan daha artıq avropalı kimi təqdim etdi. Söhbət, Bakıda ilk Avropa Oyunlarının açılış mərasiminin möhtəşəmliyini və uğurunu hakimiyyətin öz adına çıxması və bu yöndə aparılan ucuz təbliğatdan gedir…

Bəli, o açılış mərasimi möhtəşəm və uğurlu alındı. Ancaq Avropanın elmi-texniki tərəqqisinin məhsulu olan bu nailiyyətin gerilikçi bir hakimiyyətlə nə əlaqəsi?! Rəsmi məlumatlara görə, mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunub.ÿBədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarındakı mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur.ÿMərasimin musiqi rəhbəri və quruluşçu rəssamları da Avropanın nüfuzlu mütəxəssisləridir.
Elə isə, bu işlərin müəllifi kimi Əliyevlər ailəsini yerli mediada təbliğ etməkdə məqsəd nədir? Avropanın zövqü, intellekti, texnologiyası və peşəkarlığı olmasaydı, hansı nəticədən danışmaq mümkün idi? Əlbəttə, fürsətdən yararlanan yaltaqlar da var ki, möhtəşəm və uğurlu mərasimə görə hətta hakim ailəyə təzim etməyi lazım bilirlər… Yəqin, öz alverçi baxışlarından çıxış edərək mərasimə qoyulan külli miqdarda xərci nəzərdə tuturlar?

Sanki, açılış mərasiminə sərf edilən 100 milyon manatdan artıq vəsait hakimiyyətdəkilərin cibindən çıxıb, ya da onların maaşından tutulub? Avropa Oyunlarına görə büdcə gəlirlərini, xüsusilə də neft dollarlarını – milyardları xalqla hesablaşmadan sağa-sola xərclə, sonra da bu yarışların uğurlu təşkilinə görə hamını özünə borclu bil?! Əslində isə xalqa minnətdar olmalı və vətəndaşa təzim edilməlidir! O xalq ki, təkcə Avropa Oyunlarının xərclərinə görə yox, həm də bu yarışların təşkilinə görə sıxıntılarla üzləşdi… O vətəndaş ki, yarış xərclərinin kompensasiya edilməsi üçün aylarla əmək haqqının üçdə birindən məhrum oldu, ya da yarışlarla əlaqədar ölkədə tətbiq edilən qadağa və məhdudiyyətlərdən zərərə düşdü…

Avropa Oyunlarının açılış mərasimindəki maddi-mənəvi məhsulu özünün ixtirası kimi qələmə verən hakimiyyət unutmamalıdır: əgər, Azərbaycan tarixinin və mədəniyyətinin qədimliyi, rəngarəngliyi – Qobustanı, Nizamisi, Novruzu-Səmənisi, Muğamı, Xalçası, Sarı Gəlini, Yallısı, Zurna-Balabanı, Nağarası, eləcə də bu torpağın Barı-Bərəkəti, Odu-Alovu olmasaydı, Avropaya nəyi nümayiş etdirəcəkdi? Ən nəhayət, Azərbaycan xalqının müstəqillik və azadlıq duyğularının, dünyəvi dövlətçilik ənənəsinin tərənnümü olan Milli Bayrağımız və Himnimiz olmasaydı, Avropaya hansı tərəqqipərvərlik təqdim ediləcəkdi? O açılış mərasimindəki məna və məntiq ardıcıllığı da torpağımızın mayasından, fəlsəfəsindən, azərbaycanlıların istedadındandır…

Bilirik ki, son illər Bakıda baş tutan Avropa səviyyəli musiqi və idman tədbirləri, müxtəlif elitar toplantılar faktiki olaraq hakim ailənin müsbət imicini formalaşdırmağa xidmət edir. Əvvəllər Cenevrə, Paris, London kimi şəhərlərdə mötəbər məclislərin iştirakçısı olan və ev sahiblərinin kübar yaşam tərzinə heyran qalanlar, “onlardan nəyimiz əskikdir” düşüncəsilə indi də oxşar tədbirləri Bakıda keçirir və özləri əda ilə ev sahibliyi edirlər.

Məsələn, hakim ailənin könlündən Davos Forumu keçirsə, yaxud dünyanın siyasi və biznes elitasını öz hüzurunda görmək istəyirsə, o forumu Bakıya gətirməyə nə var ki?! Ya da ailəliklə Olimpiada təşkilatçısı kimi dünyaya “hava atmaq” lazımdırsa, buyur, Olimpiadaya bənzər Avropa Oyunları da artıq Bakıda! Ailədə “Formula-1" yarışının keyfini Bakıda çıxarmaq istəyən varsa, o da olacaq! Puluna minnət, sifariş ver və oyna! Sonra da xalqı özünün möhtəşəmliyinə, qüdrətinə təzim etdir?!

Hələ Avropa Oyunlarının açılış mərasiminə Avropanın liderləri təşrif buyursaydı – sağında xanım Merkel, solunda cənab Olland dursaydı, kim bilir, hakimiyyətin təbliğatı daha hara qədər davam edərdi? Davam demişkən, rejimin çox öyündüyü bu Oyunların davamlı olub-olmayacağı isə bir az “qanqaraldıcı”dır… Ancaq, yenə də puluna minnət, lazım gəlsə, Azərbaycan hakimiyyəti qitədə, özünə yaxın ölkələrin birində ikinci Avropa Oyunlarını da maliyyələşdirər, təki onun ilk dəfə sahib durduğu bu yarışların reytinqi aşağı düşməsin! Bu yarışların bəxş etdiyi sevincin ömrü uzun olsun…

Hakimiyyət Avropa Oyunlarına görə onu tənqid edənləri paxıl sayır. Kimdir paxıl? Müxalifəti parçalamağa çalışan, etiraz aksiyalarını gözdən salmaq üçün təxribatlar törədən, mitinqlərin kütləviliyinin qarşısını alan və ya iştirakçıların sayını “azaldan” hakimiyyət özü qəlbiqara deyilmi? Kimsə ölkədə Avropa miqyaslı tədbirlərə qarşı deyil, sadəcə, Avropa dəyərlərinin real həyatda tətbiq edilməməsindən narazıdır. Axı, kim Avropa Oyunlarında idmançılarımızın qələbəsinə sevinmir, bayrağımızın dalğalandırılmasından və himnimizin səsləndirilməsindən qürurlanmır? Hər bir vətənpərvər insan Azərbaycanı demokratik dünyanın ayrılmaz parçası kimi görür və bütün səylərini buna yönəldir. Ancaq, niyə dövlətimiz yalnız musiqili-əyləncəli və ya idman yarışlarında özünü avropalı kimi aparmalı, vətəndaşının hüquqlarının müdafiəsi, azad və firavan yaşayışı ilə Avropa ailəsinin üzvü olmamalıdır?

SÖZARDI: Açılış mərasimində Türkiyə idmançılarının qarşılanması anı da mərasimin özü qədər möhtəşəm və yaddaqalan oldu… Bu, vətənpərvər millətimizin ölkənin daxilində və xaricindəki antimilli qüvvələrə, Azərbaycan-Türkiyə sevgisini qısqananlara və araya nifaq salmağa çalışanlara möhtəşəm də cavab oldu…

Şövkət Məmməd