Milli Şura rəhbərliyi Arifoğlunu sonadək ifşa edir

Koordinasiya Mərkəzinin üzvləri hakimiyyətin «Yeni Müsavat» üzərindən qurduğu oyunu açdı

Milli Şuranın sədri Cəmil Həsənliyə qarşı “Yeni Müsavat” qəzetinin başlatdığı çirkin kampaniya sərt şəkildə cavabını almaqdadır. Cəmil Həsənlinin özü bu qəzetin və onun baş redaktoru Rauf Arifoğlunun artıq neçə vaxtdır hakimiyyətin əlində necə alətə çevrildiyini çılpaqlığı ilə ifşa edib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri də bu qəzetin Cəmil Həsənliyə qarşı şər-böhtanına sosial şəbəkədə çox kəskin şəkildə cavablar veriblər. Onlardan bir neçəsini təqdim edirik.

“Hakimiyyətin ruporuna çevrilmiş ”Yeni Müsavat"

Gültəkin Hacıbəyli:

– Cəmil Həsənli özü bir milli dəyərdir. Bu dəyərə qəsd edənlərin, onu təhdid edənlərin Azərbaycan cəmiyyətində heç bir perspektivi yoxdur və ola da bilməz!
Hakimiyyətin ruporuna çevrilmiş “Yeni Müsavat” qəzetinin bir aydan çoxdur ki, Milli Şuranın dəyərli sədri, professor Cəmil Həsənli haqqında yazmadığı hədyan, böhtan, təhqir qalmadı. Səbəb nə imiş – niyə Cəmil müəllim, Milli Şura Avropa Oyunlarını boykot etmədi? Qəzetin baş redaktorunun müavini özü də açıq yazır ki, boykot qərarı səhv idi və biz bu qərara qarşıyıq. Yaxşı, boykot qərarı səhvdirsə, siz ona qarşısınızsa, Avropa Oyunlarını boykot etmədiyimizə, mübarizəmizi idmanla və idmançılarla yox, avtoritar hakimiyyətin özü ilə apardığımıza görə Milli Şuranı, onun dəyərli sədrini niyə təhqir edirsiniz, öz mənəviyyatınıza uyğun bir şəkildə aşağılayırsınız?! Boykot istəyirsiniz, edin də, sizə kim mane olur? Oyunlardan yazılar, reportajlar verməyin, mədhiyyələr yazmayın, boykot edin! Yox, əgər öz məhdud ağlınızla düşündüklərinizi millətin bu qədər işıqlı ziyalısının birlikdə düşünə, təhlil edə bilməyəcəyini fikirləşirsinizsə, Allahdan sizə şəfa arzulamaqdan başqa çarəmiz yox.

“Yeni Müsavat” hakimiyyətə yarınır

Ibrahim Ibrahimli:
– “Yeni Müsavat”ın bunca cəsarətdə bulunub, Milli Şuranın rəhbərliyindən tutmuş, sıravi üzvlərinə qədər hamını aşağılaması və təhqir etməsi sadəcə və sadəcə, hakimiyyətə yarınmağından irəli gəlir. Ki, onun özünə elə bu yazısına görə bir “molodes” desinlər. Bir “molodes”ə görə uzun illər birgə yol gəldiyin və bu yolun ağrısını, acısını bölüşdüyün, dərdini-sərini paylaşdığın, eyni taleni yaşadığın say-seçmə kişiləri – dost bildiyin adamları düşmən ayağına verməyə dəyərmi?! Verməyin cəhənnəm, bunca aşağılayıb təhqir etmək olarmı?! Doğrudanmı 20-25 illik haqq-salam bir “molodes”ə belə dəymədi?! Bu fani dünyanın işini bilmək olmaz, cənablar! Məndən sizə bir məsləhət: savaşanda da elə savaşın ki, sonra barışmağa üzünüz olsun. Odur ki, üz-göz olanda, əti üzdən götürməyin, unutmayın ki, bu günün sabahı da var!"

“Mənim sualım Müsavat rəhbərliyinədir”

Gözəl Bayramlı:
– Rauf Arifoğlunun Milli Şuranın sədri, professor Cəmil Həsənlinin ünvanına yazdığı böhtan, təhqir və söyüşləri oxudunuz? Mənim artıq Rauf Arifoğluya deyəcək sözüm yoxdur. Onunla məsələ aydındır. Şəxsən məni o təəccübləndirə bilməz. Ondan hər şey gözləyirəm.
Amma onun hələ də üzvü olduğu Müsavat partiyasına, onun liderlərinə suallarım var. Hörmətli Isa bəy, Arif bəy, siz hələdəmi bu adamı dəstəkləyirsiniz? Onun ünvanına deyilən ittihamları Müsavatın ünvanına qəbul edirsiniz? Onun uğurunu öz uğurunuz sayırsınız? Son aylarda onlarla partiya üzvünü nizamnamə pozuntusuna, o cümlədən “milli-mənəvi dəyərlərə zidd”, “müsavatçılıq irsinə yaraşmayan” hərəkətlərinə görə partiyadan çıxarmısınız. Buna qarışmıram, öz işinizdir. Sualım belədir: bəs 2013-cü ildə namizədliyini dəstəklədiyiniz, seçkilərdəki qələbəsini təbrik etdiyiniz Milli Şura sədri Cəmil Həsənlinin Müsavat partiyasının üzvü Rauf Arifoğlu tərəfindən söyülüb, təhqir edilməsi müsavatçılığa uyğundurmu? Müsavatçılıq beləmi olur, yoxsa arxasında hökumət dayandığına görə Rauf Arifoğluna nizamnamə şamil olunmur?

“Təndir başında arvad qeybəti səviyyəsində yazı…”

Rafiq Manaflı:
– Yeni Müsavat"da “Milli Şura Putinin ”molodesini" qazana bildimi?" başlığı ilə qəzetin siyasət şöbəsi adından təqdim edilən, fəqət siyasətlə heç bir əlaqəsi olmayan satirik bir opusu oxumaq mənə qismət oldu. Doğrusu, çox təəccübləndim. Çünki mövqeyindən asılı olmayaraq, qəzetin baş redaktoru Rauf Arifoğlunu peşəkar bir qəzetçi kimi tanıyıram. Və onun siyasətdən bu qədər uzaq, Milli Şura, Avropa və Rusiya üçbucağı arasında haça-paça olub qalmış, ucqar kəndlərdə təndir başında arvad qeybəti səviyyəsində olan bir yazının qəzetdə getməsinə icazə verdiyinə inanmağım gəlmir.
Yazının əsas istinad nöqtəsi olan daşdankeçən “MƏNBƏ”nin də, belə “mənbə”yə istinad edənin özünün də psixoloji durumunun şübhəli olması bir yana, ehtimal ki, istinad anında hər ikisi sərxoş vəziyyətdə olublar. Çünki bir neçə əsas məsələni, məsələn, Putinin Bakıya Milli Şuranın xahiş-minnətilə təşrif buyurmasını, yaxud Ilham Əliyevin Milli Şuranın təzyiqləri qarşısında geri çəkilərək Avropadan uzaqlaşıb Rusiyanın qucağına atılmasını deməyib. Hətta lap əsas məsələni – “Milyarderlər Ittifaqını” belə unudub.
Belə “mənbə”lərə çox bel bağlamamağı tövsiyə edərək, “Yeni Müsavat” qəzetinin siyasət şöbəsinə bir neçə məqamı xatırlatmaq istəyirəm:
Birincisi, Rusiyanın “proyekti” olan Milli Şuranın yaranması prosesinin əsas iştirakçılarından biri Isa Qəmbər başda olmaqla, Müsavat partiyası olub.
Ikincisi, Milli Şuranın vahid namizədi kimi Rüstəm Ibrahimbəyova görmədən, dinləmədən, hara qədər gedəcəyini aydınlaşdırmadan yekdilliklə səs verənlərdən biri də yenə Isa Qəmbər başda olmaqla, Müsavat partiyasının Milli Şuradakı üzvləri olub.
Sonra isə Rusiya “adamı” olan Rüstəm Ibrahimbəyovla Tiflis görüşünə tələsənlərdən biri də Müsavat başqanı Isa Qəmbər olub.
Bundan da sonra “Rusiyanın proyekti” olan Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki qərərgahının həmsədrlərindən biri Müsavat partiyasının indiki başqanı Arif Hacılı olub.
Və Müsavat “Rusiyanın proyekti” olan Milli Şuranın namizədi üçün 22-23 min imza toplayıb, “Yeni Müsavat” qəzeti ilə birlikdə seçki təbliğatının əsas iştirakçılarından biri olub.
Prezident seçkilərindən sonra Milli Şuranın saxlanıb- saxlanmaması müzakirə predmeti ola bilərdi, amma olmayıb. Müsavat başda olmaqla, hamı Milli Şuranın qorunub saxlanmasını məqsədəuyğun hesab edib. Bu qurumun rəhbər orqanları formalaşdırılmağa başlayıb və burada da Müsavat partiyası əsas aktorlardan biri olub.
Bunları xatırlatmaqla nə Isa Qəmbəri, nə də Müsavat partiyasını aşağılamaq fikrində deyiləm, əksinə, bu görülən işləri mütərəqqi, bütün imkanlarımızın səfərbər edilməsi istiqamətində uğurlu fəaliyyət kimi dəyərləndirirəm.
Fəqət, prezident seçkilərindən 5-6 ay sora Müsavat qəflətən Milli Şuradan çıxdığını bəyan edib. Bundan sonra isə Azərbaycan müxalifətinin əsas qurumlarından olan iki partiya arasında baş verənlər müxalifətin fəqərə sümüyünü sındırdı. Və həmin münaqişəni körükləyənlərdən biri də Rauf Arifoğlu başda olmaqla, “Yeni Müsavat” qəzeti idi.
Odur ki, qurulmasında özünüzün də iştirak etdiyiniz quruma çirkab atanda öz şalvarınızın da bulaşacağının fərqində olmanızı sizə məsləhət görərdim.

“Görünür, hakimiyyətdən yeni təlimat alıblar…”

Vidadi Mirkamal:
– “Yeni Müsavat” qəzeti və onun rəhbərliyi artıq uzun illərdir ki, müxalifət düşərgəsində pozuculuq işlərilə məşğuldur. Onlar öz zəhərli ideyalarını müxalif düşüncəli insanların beyninə yeritməyə çalışırlar. “Yeni Müsavat” Milli Şura yarandığı ilk vaxtlardan bu quruma qarşı düşmənçilik mövqeyi seçib. Məqsədli şəkildə Milli Şuranı “Rusiya proyekti” adlandırmaqla ölkənin real müxalifət düşərgəsini nüfuzdan salmağa çalışıb. Bu baxımdan, indi yazılanlar yeni deyil. Görünür, son dövrlər süfrə qırıntıları ilə qidalandıqları hakimiyyətdən yenidən Milli Şuraya qarşı qarayaxma kampaniyasının başladılması ilə bağlı təlimat gəlib. Buna səbəb isə aydındır ki, Milli Şuranın apardığı düzgün siyasətdir. Milli Şuraya qarşı aparılan böhtan kampaniyası kimsəni çaşdırmamalıdır.
Hökuməti tənqid etməyi bacarmayan, ölkədən biznes obyekti kimi yararlanan hakim ailə ilə bağlı bircə məqalə belə dərc etmək cəsarəti olmayan kəslərin Milli Şuranı hədəf seçməsi gülüncdür. Ölkənin fədakar, mübariz kəsimi Milli Şuraya qarşı irəli sürülən bu ittihamların haradan qaynaqlandığını gözəl bilir.

“Yalanla qrimlənənlər heç nəyə nail ola bilməyəcəklər”

Eldəniz Quliyev:
– “Yeni Müsavat”ın mübariz, fədakar insanlara qarşı qarayaxma cəhdi yenilik deyil. Milli Şuranın “Rusiya proyekti” olması barədə deyilənlərə nəinki Azərbaycan xalqı, hətta bu qurumu özünə düşmən elan edənlər də inanmır. Yalanla qrimlənənlər heç nəyə nail ola bilməyəcəklər. “Yeni Müsavat” bətnində uşaq gəzdirib, özünü bakirə qız kimi aparır! Müsavat və müsavatçılıq ideallarına xəyanət, xalqın sabaha olan ümidlərini bir tulapayına satmaq!.. Doğrudan da nəfsin, tamahın həddi-hüdudu olmazmış!.. Biz "Yeni Müsavat" qəzetinin yanındayıq və hər zaman ona dəsdək verəcəyik" deyən Müsavat partiyasının rəhbərliyi, görən, bu gün də eyni mövqedə qalırmı?..

P.S. Utanmaz adamların qol götürüb oynaması qədər utanc gətirən özgə nə var ki?..

Düşünülmüş iftira, uydurma və yalan

Namizəd Səfərov:
– “Yeni Müsavat” qəzetində dərc olunmuş cızmaqaradakı iddialar düşünülmüş iftira, uydurma və yalan olduğundan orada məntiqi bir cümlə belə tapmaq olmaz. Dediklərinin böhtan olduğunu bildiyin halda, onu məntiqə söykəmək demək olar ki, mümkün deyil. Belə cəhdlər olduqca biabırçı, gülməli və zəif alınır. Nəticədə müəllifin özünü ifşa edir. Bu cızmaqaralar bir daha sübut edir ki, hətta Müsavat kimi hörmətli bir ideyanın arxasında gizlənən Rauf Arifoğlu kimi “istedadlı” birisi də bu reallığı dəf etməyə qadir deyil.

Emil