Con Kerridən sonra Viktoriya Nuland hədəfə alındı; ABŞ dövlət katibinin müavininə hücumun arxasında nə dayanır?
“Azərbaycan” qəzeti ABŞ dövlət katibi Con Kerridən sonra onun müavini Viktoriya Nulandı hədəfə alıb. Dövlət qəzetinin dünənki sayında Viktoriya Nuland barədə geniş redaksiya məqaləsi dərc olunub. “Nulandın dirijor çubuğu ilə idarə olunan Avropa” başlıqlı yazıda ABŞ dövlət katibinin müavini Azərbaycanda inqilabi proseslərə təşkil etməkdə və onun idarəçiliyini həyat keçirməkdə ittiham olunur: “Həm Ukraynada, həm də Azərbaycanda çevriliş planının həyata keçirilməsinə eyni vaxtda başlanılmışdı. Icra olunan proqram, prosesləri idarə edən mərkəz və ona rəhbərlik edən şəxs də eyni idi – ABŞ Dövlət Departamenti və dövlət katibinin müavini Viktoriya Nuland.
2014-cü ilin yanvarında xanım Nulandın ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payettlə məlum söhbəti ictimailəşdirildi. Bəlli oldu ki, Ukraynadakı gərgin durumu müzakirə edən Dövlət Departamentinin rəsmisi səfirdən bu ölkədə ABŞ-ın maraqlarının təmsilçisi olan Arseni Yasenyukun yeni hakimiyyət quruculuğu prosesinə cəlb olunmasını tələb edib. ABŞ-ın planlarına əsasən, Yasenyuk yeni hakimiyyətin formalaşmasına rəhbərlik etməli və bütün imkanlar bu iş üçün səfərbər olunmalıydı. Nuland səfirin “Maydan hərəkatı"nın rəhbərlərindən olan boksçu Vitali Kliçkonun kütləyə təsir imkanları və Avropanın maraqları barədə əks arqumentinə məşhur ”…EU" ifadəsi ilə reaksiya verməklə ABŞ-ın Avropa məkanı və bu qitənin ayrı-ayrı ölkələri barədə gerçək düşüncələrini nümayiş etdirdi. Aydınlaşdı ki, ABŞ öz maraqlarının təmin edilməsi üçün nəinki rəqib ölkələri, hətta müttəfiqlərini və bütövlükdə Avropanı xarabalığa çevirməkdən çəkinmir".
Məqalədə iddia olunur ki, Quba və Ismayıllı hadisələri, “Əsgər ölümlərinə son” aksiyaları da ABŞ-ın planları olub: “Böyük xalq günü”, “Xalq üsyanları” adlı kampaniyaların icrasına başlanılmışdı. 2012-ci ilin mart ayında Qubada, 2013-cü ilin yanvarında Ismayıllıda təşkil olunan hadisələrin alovlanaraq bütün ölkəni əhatə etməsi, hakimiyyət çevrilişi ilə nəticələnməsi istiqamətində ciddi planların reallaşdırılmasına cəhd edilmişdi. 2013-cü ilin yanvar ayında isə “Əsgər ölümlərinə son” kampaniyası başladı. Bu ssenari üzərində daha ciddi işlənildiyini təsdiq edən fakt odur ki, ABŞ-ın Milli Demokratiya Institutunun (MDI) Bakı ofisinin rəhbəri Aleks Qriqorevs öz səxavət kisəsindən layihəyə 2 milyon dollar pul ayırmışdı. Azərbaycan dövlətinin çevik tədbirləri bu şəxslərin əməllərinin və əsl niyyətlərinin tez bir zamanda ifşa edilməsinə, Viktoriya Nulandın koordinatoru olduğu layihənin iflasa uğramasına gətirib çıxardı. Bu, əslində, Azərbaycanın Avropada hakim kəsilən “ABŞ-ın qarşısında müti davranış” stereotipinin dağıdılması demək idi".
Viktoriya Nuland bu ilin fevral ayında Bakıya səfər etmişdi. Onun səfəri ABŞ-la Azərbaycan hakimiyyəti arasında münasibətlərin pozulması ərəfəsinə təsadüf edirdi. Nulandın səfərindən əvvəl ABŞ dövlət katibinin köməkçisi Tomas Malinovksi artıq Azərbaycan hakimiyyətilə danışıqların mümkünsüz olduğu barədə açıqlama vermişdi. Bu ABŞ-la Azərbaycan hakimiyyəti arasında artıq körpülərin yanmasının göstəricisi idi. Lakin Malinovksinin bu açıqlamasından sonra Nuland Bakıya səfər etdi. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında ölkəmizdəki insan haqları sahəsilə bağlı dialoqun başlanması barədə razılıq əldə edilmişdi. O zaman belə məlumatlar yayılmışdı ki, Nulandın Bakıya səfəri və bu razılaşma hakimiyyətə daha bir şans tanınmasıdır. Gözlənilirdi ki, hakimiyyət Nulandın səfəri çərçivəsində əldə olunan razılaşmaya əməl edəcək. Nulanddan sonra Malinovksinin Bakıya səfəri gözlənilirdi. Lakin gözləntilər özünü doğrultmadı.
Hakimiyyət razılaşmanı pozaraq repressiv siyasətini davam etdirdi. Bu baxımdan Malinovskinin də Bakıya səfəri təxirə salındı. O zaman iddia olunurdu ki, Azərbaycan tərəfi Malinovskini Bakıya buraxmayıb. Lakin ABŞ Dövlət Departamenti bu iddiaların əsassız olduğunu bəyan edərək səfərin təxirə salınmasına belə bir izahat verdi: “ABŞ və Azərbaycan bu ilin fevralında dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri zamanı belə dialoqa başlamaq barədə razılığa gəlmişdi. Lakin biz düşünmürük ki, bu cür dialoq indiki vəziyyətdə səmərəli olsun. Bu, bizim fikrimiz və bizim qərarımızdır”.
Bu, artıq hakimiyyətlə danışıqlar aparmağın mümkünsüzlüyü barədə Malinovskinin Nulandın səfərindən əvvəl verdiyi açıqlamanın yenidən gündəmə gəlməsi idi. Bundan sonra Qərbin Azərbaycan hakimiyyətinə qarşı təzyiqləri daha da artdı. Eyni zamanda Avropa Azərbaycandakı insan haqları ilə bağlı mövqeyini sərtləşdirdi. Hətta Avropa liderləri faktiki olaran Avropa Oyunlarını boykot etdi. O da aydın oldu ki, hakimiyyət razılaşmanı pozmaqla ABŞ-dakı dəstəkçilərini də itirib. Israilin nüfuzlu “Haarets” qəzetinin Azərbaycan iqtidarını kəskin tənqid etməsi, hakimiyyətin yəhudi lobbisi ilə yaxınlığı olan Fətullah Güləni, “Doğan media” qrupunun rəhbəri Aydın Doğanı hədəfə alması bunun təzahürüdür. Yeri gəlmişkən, Nulandın Bakıya səfər etməsində yəhudi lobbisinin də böyük əməyi olmuşdu.
Indi hakimiyyətin Nulandı hədəfə alması bütün bunların onun səfərindən sonra baş verməsi, ABŞ dövlət katibinin müavinin isə hakimiyyətə dəstək verməməsi ilə bağlıdır. Iqtidarın ABŞ-la münasibətlərin yoluna qoyulmasında məhz Nulanddan böyük gözləntiləri var idi. Lakin Ilham Əliyev razılaşmanı pozmaqla əsas dayağını da itirmiş oldu.
Akif