Ledi Qaqaya Bakıdakı çıxışı ilə bağlı müraciət

“Qonorarı məhbus ailələrinə xərcləyin”

Beynəlxalq kampaniyaçılar məşhur pop ulduzu Ledi Qaqaya ünvanladıqları məktubda onun Avropa Oyunlarının açılış mərasimində çıxış etməsindən təəssüf hissi keçirdiklərini bildiriblər.

“Haqlar naminə Idman” beynəlxalq kampaniya qrupunun üzvləri Azərbaycanda hazırda həbsxanada olan jurnalist və insan haqları fəalları ilə bağlı, məşhur pop ulduzu Ledi Qaqaya ünvanladıqları məktubda onun ölkədə azadlıqlar üzərinə ağır hücumların baş verdiyi bir vaxtda Bakıda keçirilən Avropa Oyunlarının açılış mərasimində çıxış etməsindən təəssüf hissi keçirdiklərini bildiriblər.

“Haqlar naminə Idman” kampaniyasının iştirakçıları sənətçini “bu çox böyük səhvi düzəltməyə” çağırırlar.

“Əgər sizin bir qayda olaraq insan haqları və bərabərlik uğrunda səsinizi ucaltdığınızı nəzərə alsaq, ehtimal edə bilərik ki, siz Azərbaycandakı vəziyyətdən xəbərdar deyilsiniz” – deyilir məktubda.

Məktubda bildirilir ki, oyunlar ərəfəsindəki müddətdə Azərbaycan hakimiyyəti tənqidin və fərqli düşüncənin bütün formalarının qarşısını irticaçı bir şəkildə almış, nəticədə onlarca siyasi məhbus həbs edilmişdir.

“Ört-basdırın bir parçası”

Məktub müəllifləri həbsxanada olan jurnalist Xədicə Ismayılovanın belə bir bəyanatını təkrar səsləndiriblər ki, “Azərbaycan hazırda insan haqları böhranının içindədir və vəziyyət heç vaxt indiki qədər pis olmayıb”.

“Azərbaycan rejimi Avropa Oyunlarından öz imicini yuyub-təmizləmək, beynəlxalq diqqəti ölkədə baş verən insan haqları pozuntularından yayındırmaq üçün istifadə edir, – deyilir məktubda, – Kədərlidir ki, sizin çıxışınız da həmin ört-basdırın, öz xalqına qarşı getdikcə daha düşmən mövqe tutan avtoritar rejimin misilsiz təbliğatının bir parçasına çevrilmişdir”.

“Lakin biz inanırıq ki, siz bu yanlışı düzəldə bilərsiniz. Biz sizi U2 qrupunun başçısı Bonodan nümunə götürməyə çağırırıq. O, 12 və 13 iyunda Monrealdakı konsertlərində bizim məhbus edilmiş azərbaycanlı həmkarlarımız barədə hüsn-rəğbətli bir müraciət səsləndirib. Biz sizi də səsinizi ucaldaraq Azərbaycanda insan hasqüları üzərinə hücumu pisləməyə, ölkənin məhbus edilmiş jurnalist və insan haqları müdafiəçilərinin azad edilməsi üçün çağırış etməyə səsləyirik” – deyilir məktubda.

Məktuba əlavədə jurnalistlər Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Xədicə Ismayılova, Hilal Məmmədov, Rauf Mirqədirov, Tofiq Yaqublu, habelə insan haqları müdafiəçiləri Intiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Arif Yunus və Leyla Yunusun adları göstərilir.

Məktubu yazanlar Ledi Qaqanı öz etirazının ciddilliyini vurğulamaq üçün Bakı çıxışından aldığı pulu Azərbaycandakı siyasi məhbus ailələrinə xərcləməyə çağırırlar.

Onlar vurğulayırlar ki, həbs edilənlər təkcə azadlıqlarını deyil, həm də “hakimiyyətin iddialarına baxmayaraq hələ də tüğyan edən yoxsulluq şəraitində həyati qazanc vasitəsini itiriblər.

“Lütfən, dünyaya göstərin ki, siz bu məsələdə laqeyd deyilsiniz və sizin sükutunuzu satın almaq mümkün deyildir” – deyilir məktubda. (azadliq.org)