Elonora Hüseynova: «Fətulla Hüseynovun ailəsində dələduz ola bilməz. Mən Adil Hüseynovun anası kimi oğluma qarşı irəli sürülən ittihamın əsassız olduğuna əminəm»
“Kredit qalmaqalı”na görə həbs edilən Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəliyinin rəhbəri Adil Hüseynovun anası Elonora Hüseynova ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti də “Azadlıq” qəzetinin redaksiyasına daxil olub. Müraciətdə deyilir:
“Cənab Prezident, mən uzun illər daxili işlər orqanlarında işləmiş, Azərbaycanın bütövlüyü uğrunda döyüşmüş, ermənilərin başına pul qoyduğu ”Qara polkovnik" kimi tanınan mərhum Fətulla Hüseynovun həyat yoldaşıyam. Sizə etdiyim bu müraciət Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəsi olan oğlum Adil Hüseynovun üzləşdiyi haqsızlıqla bağlıdır. Həzərinizə çatdırım ki, oğlum mayın 13-də Daxili Işlər Hazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılıb və orada həbs olunub. Onun həbsinin səbəbləri hələ də bizə bəlli deyil. Yalnız onu bilirəm ki, oğlum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham olunur. Onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Kürdəxanıda yerləşən 1 saylı Bakı Istintaq Təcridxanasında saxlanılır.
Cənab Prezident, oğluma qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində külli miqdarda ziyan vurmaqla dələduzluğu nəzərdə tutur. Iddia edirlər ki, guya oğlum dövlətin 318 milyon manatını mənimsəyib. Mən oğluma qarşı bu ittihamdan xəbər tutanda çox sarsıldım. Çünki mərhum Fətulla Hüseynovun ailəsində dələduz ola bilməz. Vətənini, millətini sevən bir şəxs övladlarını da bu ruhda böyüdüb. Mən Adil Hüseynovun anası kimi oğluma qarşı irəli sürülən ittihamın əsassız olduğuna əminəm. Adil atası ilə birgə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxsdir. O heç zaman xalqın, dövlətin pulunu mənimsəməz.
Cənab Prezident, oğlum Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəsi olsa da, maliyyə əməliyyatları həyata keçirməyə səlahiyyəti olmayıb. Onun vəzifəsi yalnız və yalnız Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində tekstil fabrikinin və poladtökmə zavodunun inşasına nəzarət etmək olub. Həmin fabrik və zavodlar Azərbaycan dövləti tərəfindən inşa olunub. Fabrikin açılışında Azərbaycandan yüksək səlahiyyətli şəxslər, o cümlədən Beynəlxalq Bankın o zamanki rəhbəri Cahangir Hacıyev, Azərbaycanın Abu Dabidəki səfiri iştirak edib. Bu fabrik barədə yerli və beynəlxalq mətbuatda da məqalələr dərc olunub. Adil işinin öhdəsindən yüksək səviyyədə gəlib. Artıq 3 ildir ki, həmin fabrik fəaliyyət göstərir və dövlətə gəlir gətirir. Adil Hüseynovdan tələb olunan həmin pullar da məhz bu fabrik və zavodun tikintisinə sərf olunub. Lakin Adil maliyyə məsələlərinə cavabdeh olmayıb. Əgər bu məsələlərdə hər hansı nöqsan, qanunsuzluq olsaydı Adili çoxdan həbs edərdilər. Axı Vergilər Nazirliyi bir neçə il əvvəl həmin fabrik və zavodla bağlı yoxlamalar aparıb. Yoxlamaların nəticəsi ilə bağlı aktlar, sənədlər var. Amma indi Adilə qarşı ittiham irəli sürənlər bu aktlara, sənədlərə baxmaq istəmir. Açıq-aydın görünür ki, kimlərsə oğluma qarşı qərəz aparır. Bütün bunlar da bir ana kimi mənə təsir edir.
Cənab Prezident, ümidim Sizədir. Sizdən bir ağbirçək ana kimi xahiş edirəm ki, oğlumla bağlı məsələni nəzarətə götürəsəniz, baş verənlərin obyektiv araşdırılmasını təmin edəsiniz. Əminəm ki, obyektiv araşdırılma aparılacağı təqdirdə oğlumun təqsirsiz olduğu üzə çıxacaq.
Cənab prezident, oğlumun səhhətində ciddi problemlər var. O, bir neçə dəfə əməliyyat olunub. Elə sonuncu dəfə də Bakıya gəlməkdə məqsədi növbəti dəfə əməliyyat olunmaq idi. O, təcili əməliyyat olunmasa, səhhətindəki problemlər kritik həddə çata bilər. Cənab prezident, mən həyat yoldaşımı, bir oğlumu faciəli şəkildə itirmişəm. Hövbəti faciəni yaşamaq üçün gücüm qalmayıb. Sizdən bir daha xahiş edirəm ki, bir ana kimi mənim harayıma səs verəsiniz. Ümid edirəm ki, ədalətli və humanist bir şəxs olduğunuzu bir daha nümayiş etdirəcəksiniz!"